Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:28

Şahbaz Xuduoğlu "Doktor Cəmil" (Hekayə)


Cəmil bir gecə yuxuda gördü ki, sağ qoluna güc gəlib, sağ əlinə keçən hündür ağacları, işıq dirəklərini dərhal yerindən qoparır.

Səhər tezdən Cəmil mal-qaranı örüşə ötürüb evə döndü, şirinçayını içib, yağ-çörəyini yedi, kəndin mərkəzinə getmək niyyətilə həyətə çıxdı. Gördü ki, qonşu Maşallahın həyətinə xeyli adam toplaşıb. Cəmil də ora getdi.

Maşallahın dişi ağrıyırmış. Kəndin feldşeri gəlib ki, onun dişini çəksin, amma dişin kökləri dərin olduğundan Feldşerin cəhdləri uğursuz olub.

Maşallah arıq və bəstəboy olsa da, zirək adam idi. Sovetliyin iki montyorundan biriydi. Onu harada axtarsan, qarğa yuvası kimi işıq dirəyinin başında tapardın.

İki gecə idi Maşallahın 11 övladının və arvadının gözü onun ağrıyan dişində qalmışdı. Bu ağrı təkcə onun yox, bütün ailənin yuxusunu qovmuşdu.

Səhər açılan kimi arvadı Qızxanım toyuqları hindən buraxarkən əlinə keçən saz beçəni götürüb getmişdi Feldşerin qapısına. Feldşer də səhər mal-qaranı yerbəyer edəndən sonra tibb çantasını götürüb gəlmişdi Maşallah gilə.

Feldşerin gəlişini Maşallah yox, elə uşaqlarda səbirsizliklə gözləyirdilər.

Feldşer dərhal xəstənin başının üstünü, feldşeri isə uşaqlar dövrəyə aldı. Feldşerin gəlişini görən qonşular da haya gəldilər.

Qısa müddətə Maşallahın həyətinə xeyli adam toplandı.

Feldşer bu cür tamaşaya gələnlərə öyrəncəli olduğundan suallara əhəmiyyət vermədən Maşallahın ağrıyan dişini maqqaşın arxasını bir-bir dişlərə vurmaqla müəyyən etdi və ağzını qayçı kimi sona qədər açaraq kəlbətinin dişlərini ağrıyan dişin dibinə dirədi.

Güc vurdu, diş çıxmadı, təkrar-təkrar gücünü sınadı, yenə də diş çıxmadı.

Öncə Feldşer, sonra hamı təəccüblənmişdi, hamı məəttəl qalmışdı, balaca bir bədəndə nə uzun diş ola bilərdi ki, feldşerin kəlbətinin gücü çatmasın.

Ağrıyan diş yalnız Maşallahın olsa da, ona hər dəfə Feldşer güc vuranda hamının əli çənəsinə gedirdi.

Kənardan elə görünürdü ki, burda bir adamın yox, hamın dişi ağrıyır. Maşallahla bərabər hamı zarıyırdı.

Feldşerin gicgahına həyəcandan tər gəldi.

Bu an özünü irəli atan Cəmil “Bəlkə mən yoxlayım”deyə feldşerə yaxınlaşdı. Cəmilin bu təklifiylə ətrafa sükut çökdü, hər kəsin gözləri Cəmilə, qulaqları isə Feldşerin ağzına dirəndi.

Feldşer soyuqqanlı və bir az da can qurtarmaq kimi kəlbətini ona uzatdı. Cəmil kəlbətini götürüb Maşallaha yaxınlaşdı, başını qaşıdı və dedi: “Dayı, kəlbətini keçir dişə, ya da onu tutmaq yolunu mənə göstər, qalanı mənim boynuma”. Feldşer kəlbətini Maşallahın dişinə dirədi, “gəl tut!” dedi. Cəmil "Ya Allah, Ya Məhəmməd", kənardan bir səs- “ədə ya Əli də de”-dedi. O da “Ya Əli” deyib Maşallahın dişınə güc verdi.

İlk həmlədə diş çıxmadı, amma Maşallah özü stulqarışıq Cəmilə tərəf süründü.

Cəmilin işarəsiylə, yaxında olan iki nəfər sıçrayıb Maşallahın çiynindən bərk-bərk yapışdılar, Cəmil bir də güc elədi. Maşallah dişdən azad oldu. Hamı ürəkdən nəfəs aldı.

Cəmil ürəkləndi: “daha kimin dişi ağrıyır buyura bilər”. “Cəmil deyəsən sənin əlin yüngüldür, mənim də bir cürük dişim var, onu da çək”, –Ziyadxan kişi dilləndi. Cəmil elə yerindəcə daha üç kişinin dişini rahatlıqla çəkib, ovuclarına qoydu.

O gündən Cəmilin yeni bacarığının sorağı kəndə yayıldı. Dişi ağrıyan ona üz tuturdu. Daha doğrusu, ona üz tutmurdular, elə Cəmil özü onları tapırdı. Feldşerdən fərqli olaraq, Cəmil bu işi təmənnasız edirdi.

Heç kəsdən qara qəpik, yaxud bir yumurta belə ummurdu. Buna görə hamı həvəslə azca narahatlıq yaradan dişini Cəmilə çəkdirdir.

Cəmil bir müddət Feldşerin kəlbətinlərindən istifadə eləyirdi. Amma bu özgə atını minmək çox çəkmədi, Feldşer çox ustalıqla kəlbətinləri Cəmilə verməkdən imtina elədi.

Zarafat deyildi, Feldşer düz 35 il idi camaatın dişini çəkirdi, və birdən xırda bir təsadüf nəticəsində onun nəinki çörəyi, şan şöhrəti də əldən çıxmaq üzrəydi.

Bundan belə kəlbətin tapmaq diş sahiblərinin boynuna düşdü. Dişi ağrıyan ilk növbədə Feldşerdən kəlbətin alır, sonra Cəmili axtarırdı. Amma bu da uzun çəkmədi, Feldşer qapısına kəlbətinə görə gəlməyi hamıya qadağan elədi.

Kəlbətinin yoxluğu onun diş çəkməyinə mane olmadı. Bakıda olan dostu Cəmilin yeni bacarığını görəndə ona müxtəlif formalı kəlbətinlər alıb yolladı.

Cəmilin həyatı birdən-birə dəyişmişdi. Sanki bomboz bir aləmdən çıçəkli, çəmənli bir dünyaya çıxmışdı.

Adamlar ona hörmətlə yanaşırdılar, o kiməsə lazımlı olmağından ləzzət alırdı. Diş çəkməyə getdiyi evlərin ən əziz qonağı olmuşdu.

O evlərdə çayını içir, bəzən yeməyini də yeyirdi, hətta ona pay-püşdə qoyurdular.

Özü oldu, olmadı məclislərdə barəsində xoş sözlər səslənirdi. Artıq ev də arvadı da ona gərəkli, ictimai əhəmiyyətli bir adam kimi baxırdı.

Cəmilin üst-başı daha tövlə və peyin deyil, spirt iylənirdi. Barmaqlarının ucu isə Feldşerdə olduğu kimi yod istifadə etməkdən saralmışdı.

Daha Cəmili xeyr-şər məclislərində müəllimlərin, mollaların, hətta şəhərdən gələnlərin yanında əyləşdirirdilər. Özü istəməsə belə camaat onu itələyib yuxarı başa keçirirdilər.

Cəmil uçurdu, əvvəlki dilxor həyatdan heç nə qalmadı onda.

Artıq qonşu kəndlərdə də onu dişcəkən kimi tanıyır, tez-tez dalınca at göndərərdilər. Getdiyi kənddə bir gündə bəzən bir xeyli adamın çürük dişini çəkib, geri qayıdırdı.

Bir dəfə qonşu kəndin ədəbiyyat müəllimi Mirdavud Cəmili evlərinə dəvət etdi. Dilləri uzun, yazıları kəsərli olan ədəbiyyat müəllimlərinin sözü bu kəndlərdə Quran ayəsi kimidir.

Adamlar mollalara, həkimlərə inandığı qədər onlara da inanır və hörmət edir. Cəmil bilirdi ki, nə dillərinə düşmək, nə də onların qələmlərinə tuş gəlmək olmaz, həm də ədəbiyyat müəllimi onu evə yeməyə, yaxud kitab müzakirəsinə yox, diş çəkməyə çağırırdı. İmtahana gedirmiş kimi Cəmil özünü daha ciddi toparlayıb, çantasını götürüb ora yollandı.

Mirdavud müəllimin arvadı Gülbənizin dişini çəkməliydi. Və Cəmil də heç bir xüsusi müqavimət olmadan dişi çəkib müəllimin ovcuna qoydu.

Doktorun sorağına gəlmiş başqa qadınların da dişlərin çəkdi. Günortadan sonra Cəmil evə qayıtdı.

Axşam tərəfi Mirdavud müəllimin adamı gəlib Cəmil doktoru yenidən evə apardı. Cəmil gördü ki, müəllimin arvadı uzanıb və rəngi ağappaqdır.

Sən demə dişi çəkiləndən sonra qadın dişinin yeri qurumadan qalxıb təndirin üstünə çörək yapıb. Təndirin istisindən arvadın dişinin qanı açılıb.

Gülbənizin qansız bənizi Cəmili vahiməyə saldı, ani olaraq gözü önünə atasının, əmisinin, babasının, yanında ölən digər insanların sifəti gəldi. Başında hava uğuldadı, içində təlatümlər baş qaldırdı, sifətinin dərisi atmağa başladı, sanki sifəti parçalanacaqdı.

Cəmil sağ əliylə üzünü ova-ova nəsə demək istədi, amma dili açılmadı, çənəsi ayrılmadı, elə bil dişləri sementlənmişdi.

Mirdavud müəllim Cəmili belə görəndə başına çarə qıldı, maşın çağırdı, yoldaşını rayon xəstəxanasına götürdülər.

Cəmil də baş götürüb kənddən qaçdı.

***

Bir gün sonra Cəmil Bakının Sahil qəsəbəsində Hökməlinin evindəydi. Hökməlinin iki dişini, xanımının isə ağıl dişini onlar kənddə olanda çəkmişdi.

Bu o deməkdir ki, Cəmilin bu evdə xüsusi hörməti var idi. Bişirilən yeməklərin ətrafa dağılan ətri də qonağın sanbalından xəbər verirdi.

Cəmil yaxşıca yeyib nəfəs almağa balkona çıxdı, əvvəlcə üzbəüzdə olan dənizqırağı parkın adda-budda yanan işıqlarına tamaşa elədi, dənizdən gələn xəfif külək neft qoxusunu burnuna soxurdu, sonra diqqətini dənizin içinə düşmüş işıq kəndiri çəkdi. Türklər buna yakamoz deyirlər.

Bir anın içində Cəmilə elə gəldi ki, o sağ əlini atmaqla bu yakamozdan yapışa bilər və onun boyunca yuxarıya, ayın özünə qədər darına bilər.

***

Bir-neçə gün ərzində Cəmil həm ev, həm də diş çəkmək üçün yer kirələdi. Diş kreslosu tapdı, divardan boş-boşuna yellənən telefon xətinə aparat caladı.

Az keçmədi Cəmil bu qəsəbədə də ad çıxardı. “Əli çox yüngüldür”, “aza qane olandı”, “heç zaman pul söhbəti etmir” - bu kimi epitetlər Cəmilin adını bəzəyirdi.

Qəsəbədə yekə bir diş poliklinikası olsa da, camaat Cəmilin yanına gəlirdilər. Diş klinikasının divarlarını müxtəlif diş rəsmləri, fotoları bəzəmişdi. Çənə sümükləri, çürük dişlər, onların yanında parlayan təzə dişlərin divardan asılmış fotoları müştəriləri diksindirirdi.

Bir müddət sonra Cəmil yanına texnikum təhsilli tibb bacısı aldı. O iynə vurur, arada doktor Cəmilə çay gətirir, telefon zənglərinə cavab verirdi.

Cəmil əvvəlki tanışları və dostları ilə görüşmürdü. Vacib iş çıxanda mənə zəng edərdi.
Növbəti zənglərin birində öz nömrəsini verdi: “bu, iş nömrəmdi, zəng etsən, köməkçi qız götürəcək mən doktor Cəmiləm- unutmayasan”- deyə bu qaydaya əməl etməyi bərk-bərk tapşırdı.

Mən ona tez-tez zəng edir və doktor Cəmili telefona istəyirdim.

Cəmilin 6 uşağı var idi, Qəsəbədə işinin yaxşı getdiyini gördükdə ailəsini də bura gətirməyi planlaşdırmışdı.

Həyat yoldaşına bu barədə deyəndə o qanadlanmışdı “hələ uçma, bu sadəcə bir fikirdir, işlərim daha yaxşı olanda gələcəyəm dalınızca”-deyərək telefonda Cəmil Rüxsarəni sakitləşdirmişdi.

Dış çəkməkdən yorulmurdu, klinikası isə təcilli yardım mərkəzinə çevrilmişdi. Günün 24 saatını işləməyə hazır idi, təki çəkiləsi diş olsun.

Düz ilyarım belə bir rejimlə işlədi. Bu qəsəbədə Cəmillər çox olsa da “Cəmil” adı eşidiləndə hər kəsin ağlına yalnız doktor Cəmil gəlirdi. O çox adamın ağzını ayırsa da, heç kəslə söhbətə girişməzdı. Susqunluq onun doktor imicini daha da artırırdı.

***

26 iyun 1997-ci ildə “Əhalinin sağlamlığı haqqında” qanun çıxdı. Qanuna əsasən ali tibb təhsili olmayan şəxs tibb fəaliyyəti ilə məşğul ola bilməzdi.

Bu qanun çıxandan sonra hüquq-mühafizə orqanlarının əlinə fürsət düşmüşdü, özəl tibb təşkilatlarına soxulub diplomsuz həkimləri həbsə atırdılar.

Diplomsuz doktorlara qarşı amansız mübarizə başlamışdı. Bütün xəbər proqramları və qəzetlər qondarma həkimlərdən yazır, yeni həbslər barədə məlumatlar verirdilər.

Bu barədə xəbəri Cəmilə çatdırmaq üçün ona zəng etdim, qız cavab verdi: “Doktor Cəmilin qolu sınıb və işə gəlməyəcək”.

Cəmil Qəsəbədə heç kimə bir kəlmə demədən, yalnız köməkçisinə telefonla bu xəbəri verib kəndə qayıtmışdı.

***

Çəmil kəndə qayıdan kimi ərəb əlifbasına girişdi. “Yasin” öyrənib, mollalıq etmək istəyirdi. Amma səsində avaz olmadığına görə bir neçə məclisdən sonra mollalıq eşqindən əl çəkdi.

***

Bir müddət avaralandı. Nə doktorluğu, nə də mollalığı alınmamışdı. Həyat onu öz məngənəsində sıxırdı, elə pis sıxırdı ki, az qalırdı nəfəsi kəsilsin, ürəyi partlasın, mədəsi ağzına gəlsin.

Psixi dəyişiklik baş qaldırmışdı Cəmildə. Ona elə gəlirdi ki, çox qorxuncdu, lazımsızdı və hamı onu öldürmək istəyir, ona qəsd hazırlanır.

Bəzən qəsdçilərdən biri kimi arvadından da şübhələnirdi. Nə gecələr yatır, nə də gündüzlər dincəlirdi. Qulağına səslər gəlirdi. Gözünə hər yerdə ərəbcə yazılmış Allah sözü görünürdü.

***

Cəmilin belə bir durumunda kəndə getmişdim. Özümlə bir neçə əntiqə araq aparmışdım. Qaranlıq düşəndə Cəmili yanıma çağırdım, maşının baqajını açıb elə ayaq üstü pendirlə bir şüşə araq vurduq.

Bir neçə gün kənddə qaldım və hər gecə Cəmillə ay işığı altında ulduzları saya-saya araq vurduq. Mən də, o da bilmədən gətirdiyim araqlar onu əməlli-başlı sağaltdı. Həyatı yenidən öz axarına döndü.

Son dəfə vuranda yaxşı keflənmişdi, “özümçün yox, arvad üçün keflənirəm”- deyəndə fikrini tutmadım. Amma səhər o məni Bakıya yola salanda qımışa-qımışa dedi: “Rüsxarə deyir ki, dostuna de ki, kəndə tez-tez gəlsin”.

***

Cəmil qəsəbədən qazandığı pula qoyun aldı və dağlara qalxdı. İndi Cəmilin böyük qoyun sürüsü var.

Arada Cəmilin mobil nömrəsinə zəng edirəm, telefonun o başından onun səsindən əvvəl qoyun-quzu mələrtisi eşidilir.

Cəmil xoşbəxtdir.

Fevral-mart 2011
XS
SM
MD
LG