Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:44

«Eurovision»da qələbə siyasətdir, yoxsa…


Mübariz Tağıyev
Mübariz Tağıyev
«Azadlıq» radiosunun budəfəki həmsöhbəti xalq artisti Mübariz Tağıyevdir. Yenicə başa çatan «Eurovision» müsabiqəsinin uğurlu cəhətlərindən və qüsurlarından danışır. Hərçənd bu qüsurlara bir qədər üstüörtülü toxunur. Üstəlik, təəssüfünü də gizlətmir ki, ötənilki müsabiqənin iştirakçıları bu gün Azərbaycan səhnəsində görünmürlər.

- Mübariz müəllim, Azərbaycanın «Eurovision» müsabiqəsində ilk üçlüyə düşməsini nə və ya nələr təmin etdi: hər iki müsabiqə iştirakçısının səhnə görünüşü, səhnə davranışı, yoxsa düzgün musiqi seçimi?

- «Eurovision» vokal yox, mahnı müsabiqəsidir. Öz formatı var. Mahnı hit olmalıdır, qulağayatımlı olmalıdır. Hələ qabaqcadan hiss olunurdu ki, qələbəyə kimlər layiqdir: Azərbaycan, Norveç, Türkiyə...Amma zövqlər müxtəlifdir. Mənim İngiltərənin çıxışı çox xoşuma gəldi. Ümumilikdə tamaşaçı zövqünü bir kəlməylə ifadə etmək olmur. Amma ümumən bu dəfə tamaşaçı zövqüylə münsiflərin dediyi üst-üstə düşdü. İlk gündən deyirdim ki, bizimkilər ilk üçlükdə olmalıdır. Hərçənd nə qədər istəməsən də, sənət də hardasa gəlib siyasətə bağlanır. Bu işdə də siyasət varıydı. Bir vaxtlar Azərbaycanı dünyada tanımırdılar. Amma bu gün bir çox ölkələr Azərbaycanla müqavilə bağlamağa, körpü yaratmağa çalışırlar. Mən bunu inkar etmirəm. Bu amillərin də təsiri var. Amma əsas iştirakçılardır. Araşın yazdığı mahnı, onun Avropada populyarlığı, Ayselin gözəlliyi, onun geniş vokal imkanları, səhnə davranışı gözəliydi. Yəni burda bir harmoniya yarandı.

- Mübariz müəllim, Azərbaycan iki ildir bu müsabiqəyə qatılır. Bu iki il Azərbaycan musiqiçilərinə, sizlərə, xüsusən də belə müsabiqələrə qatılmaq iddiasında olanlara nəyi öyrətdi?

- Bir işi başlamaq həmişə çətindir. Açarı tapmaq lazımdır. Belə bir qrupda yaradıcı və zövqlü adamlar yığılmalıdır, stilistindən tutmuş bəstəkara, aranjimançıya qədər. Amma iş bununla bitmir, çıxış zamanı ölkənin atributlarından da mütləq istifadə olunmalıdır. Mən düzü, «Eurovision»dakı hər iki çıxışdan da başqa şey istəyirdim, orda Azərbaycanı xatırladan nəsə olmalıydı. (Gülür…) İndi neyləyək, bizim mahnı da belə yazılıb…Dediyim odur ki, heç nə birdən yaranmır. Çoxu deyir ki, niyə seçim etmək üçün kənardan - Ukraynadan mütəxəssis çağırdıq. Amma bu addım nəticə verdi axı. Düşünürəm ki, bundan sonrakı mərhələdə Azərbaycan açarı tapıb, özümüz öz nümayəndəmizi hazırlaya bilərik.

- Yəni gələn ildən bu mümkündürmü?

- Niyə mümkün deyil. Amma bir sual qoymalıyıq: biz «Eurovision»dan nə istəyirik? Araşla Ayselin çıxışı çox ölkədə səs saldı, o cümlədən qonşularımız arasında. Bilirsiz, məni bu məsələdə narazı salan nədir?

- Nədir?

- Belə məsələdə qərarı kütlə verirsə, dünya azərbaycanlıları da artıq birləşməlidir. Birləşdilər də. Amma Rusiyada, Belarusda yaşayanlar da birləşsəydilər nəticə də dəyişərdi. Yüz faiz ikinci yer bizimkiydi. Cəmi bir neçə səslə ikinci yerdən üçüncü yerə gəldik…Vaxtilə Ayseli də mən özüm seçmişəm. Mənim də münsiflər heyətində olduğum «Yeni Ulduz» telelayihəsində dörd ay yarımdan çox o məktəb keçib.

- Mübariz müəllim, Ayseli siz seçmişdiz. Amma bununla belə, «Yeni Ulduz»da Asyeli finala qədər qorumaq mümkün olmadı…

- Əvvəla, Ayselin o vaxt səsi dəyişirdi. Bir də tək Aysel yox, çox-çox istedadlı uşaqlar finala yox, heç yarımfinala çıxa bilmədilər. Amma 16 nəfərin arasına düşmək az məsələ deyildi. Mən dəfələrlə efirdə də deyirdim ki, müsabiqənin iştirakçıları xarici dil bilsinlər, çoxları burnunun altında soruşurdu ki, əşi, bunlar nə istəyir? Bunu istəyirdik. O da bəhrəsini verdi.

- Dediz ki, siz «Eurovision» iştirakçılarının çıxışında milli elementlər görmək istərdiz. Yəni nəyi nəzərdə tutursuz: geyimdə, musiqidə…

- Bizimkilər milli element deyən kimi yeri gəldi-gəlmədi muğamdan istifadə edirlər, bəzən də bu yamaq kimi görünür. Mənim dediyim odur ki, musiqi Azərbaycan musiqisi ahəngində yazılmalıdır. Tofiq Quliyevin musiqiləri kimi…

- Araşgilin çıxışında tardan istifadə olunurdu.

- Aranjimançının fikridir bu. Nə bilim vallah. Kiməsə xoş gəldi, kiməsə yox. Amma bəlkə də belə olmalıydı.

- Deyirlər ki, Araş ifa zamanı tarı düzgün tutmamışdı əlində. Bu haqda iradları qəbul edirsizmi?

- Mən buna tənqidi baxmıram. Orda nəyin çatıb-çatmadığını axtarmaq lazım deyil. Qüsurlara qalsa, onlar lap çoxdur…Ümidvaram ki, gələn müsabiqələrdə bundan yaxşı olacaq.

- Hansı qüsurların gələn müsabiqəyə qədər aradan qaldırılmasını istərdiz?

- Mən dedim artıq. Azərbaycanla bağlı elementlər işığından tutmuş, təsvirinə, ifaçıların hərəkətinə qədər səhnədə əks olmalıdır. Hər şey özümüzünkü olmalıdır.

- Bu təsadüfüydü ya yox, amma ötən il də, bu il də duet iştirakçılarından ikisindən biri azərbaycanlı olsa da, Azərbaycanda yaşamayanlar idi.

- Mən bir müddət İsrail Kültür Mərkəzi ilə əlaqəli işlədim. Bu millətin nümayəndələri öz soydaşlarına çox diqqətlidirlər, bir adamın əsli-kökündə yəhudi varsa, ona mütləq sahib dururlar. Bizsə Araşın əsli-kökünü axtarırıq ki, görək mənfi nə var? Azərbaycanlıdır da, özgə nə axtaraq?

- Yeri gəlmişkən, ötənilki iştirakçılar Samirlə Elnur ilk onluğa düşdülər, bir ilkə imza atdılar. Amma bu gün həmin gənclər Azərbaycan səhnəsində yoxdular.


- Çox pisdir ki, bu gün onlar səhnədə yoxdular. Niyə olmamalıdırlar? O zaman onların haqqında min bir söhbət getdi. Düzü, bu, mənim işim deyi. Amma ikisi də ümid verən gəncdir. Onları inkar etmək, onları qırağa atmaq olmaz. Noolsun yeddinci yeri tutublar? Rusiya bu dəfə 11-ci yerdədir, Ermənistan 10-cu, indi neyləməlidirlər, İspaniya da lap axırıncı yerdədir. Sonra? Məncə, Samiri də, Elnuru da qorumaq lazımdır, məhkəməyə çəkmək yox. Nə pis iş görüblər ki, ilk onluqda yer tutublar...Yenə deyirəm, bilmirəm orda nə olub, nə olmayıb. Bir şeyi bilirəm ki, Azərbaycanın sərhədlərindən kənarda böyük Azərbaycan xalqını təmsil edirlər, onların hər bir hərəkəti xalqın adına yazılır. Yəni onu bilə-bilə elə insanlar seçilməlidir ki, artıq-əskik şeylər olmasın…

- Onların aqibəti Ayselgili də gözləmir ki?

- Bu sualı yaxşı olardı ki, Gənclər və İdman Nazirliyinə verəsiz. Mən ondan narazıyam ki, bu gün estrada təmsilçilərinin, eləcə də xanəndələrin səhnəsi toyxanalardır. Əgər bu istiqaməti dəyişməsək, axırı pis olacaq. Estradadakı gənc uşaqlar da yerlərini, məkanlarını bilməlidirlər, onlar üçün stimul olmalıdır. Mən heç kimi qınamaq istəmirəm, amma beş-on ildən sonra görəcəyik ki, daha heç nə qalmayıb, zövqlər korlanıb, belə müsabiqələrə göndəriləsi adam da qalmayıb…
XS
SM
MD
LG