Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:24

Jurnalistlərin cəzası yüngülləşəcəkmi?


Jurnalistlərin Bakıda etiraz aksiyası, 14 iyun 2007
Jurnalistlərin Bakıda etiraz aksiyası, 14 iyun 2007
Mətbuat Şurası (MŞ) cəzasının üçdə birini çəkən jurnalistlərin cəzalarının qalan hissəsinin yüngülləşdirilməsi ilə bağlı məsələ qaldırmaq niyyətindədir. Bunu MŞ-nın sədri Əflatun Amaşov deyir. O, həbsdəki hər üç jurnalistlə - Qənimət Zahid, Müşfiq Hüseynov və Eynulla Fətullayevlə görüşüb.

Ə.Amaşov yada salır ki, qanun ağır cinayətlərdə ittiham edilməyən və cəzasının üçdə birini çəkən şəxslərin cəzalarının yüngülləşdirilməsinə imkan verir. Həm Qənimət Zahid, həm də Müşfiq Hüseynov qanunun bu imkanından istifadə edə bilərlər. 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayev isə hələ cəzasının üçdə birini çəkməyib. Üstəlik, o, terrora çağırış kimi ağır cinayətdə ittiham edilir.

Ə.Amaşov deyir ki, yaxın günlərdə həbsdə olan jurnalistlərin cəzasının yüngülləşdirilməsi məsələsini Mətbuat Şurasının İdarə Heyətində müzakirə edəcəklər. Əgər yekdil qərar olarsa, onlar bununla bağlı hakimiyyət orqanları qarşısında məsələ qaldıracaqlar.

Ə.Amaşov deyir ki, Milli Mətbuat Günü ərəfəsində bu məsələnin gerçəkləşməsi çox yerinə düşərdi:

- Nəinki mən, Mətbuat Şurasının bütün üzvləri bu fikirdədirlər ki, həbsxanada jurnalistlərimiz olmamalıdır.

HƏBSXANA YOXSA EV DUSTAQLIĞI?


Artıq «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin vəkilləri onun cəzasının qalan hissəsinin yüngülləşdirilməsi ilə bağlı fəaliyyətə başlayıblar. Baş redaktorun vəkili Əlayif Həsənov deyir ki, artıq bütün sənədləri hazırlayıb, Qənimət Zahidin cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətə razılığını gözləyirlər. Qənimət Zahiddən razılıq gələn kimi onun cəza çəkdiyi müəssisənin yerləşdiyi rayonun məhkəməsinə müraciət edəcəklər. Ə.Həsənov deyir ki, əgər məhkəmə onların iddiasını təmin etsə, Qənimət Zahid cəzasının qalan hissəsini komendaturada çəkəcək. Bu, bir növ ev dustaqlığına yaxın bir məsələdir.

Ə.Həsənov deyir ki, bunun gerçəkləşməsi üçün cəzaçəkmə müəssisəsinin və Penitensiar Xidmətin rəhbərliyi Qənimət Zahidə müsbət xarakteristika verməlidir.

MÜSBƏT XARAKTERİSTİKA HANSI MƏHBUSLARA VERİLİR?


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Mehman Sadıqov isə deyir ki, məhbusa müsbət xarakteristikanın verilməsi bir sıra amillərdən asılıdır:

- Məhbus ərizə ilə müraciət edirsə, o cinayətini etiraf etməlidir, peşimançılığını bildirməlidir. Onun cəza çəkdiyi müddətdə davranışı, vurduğu ziyanın ödənilməsi nəzərə alınmalıdır, əgər belə hal varsa. Sonra onun cəza çəkdiyi müəssisədə ictimai fəaliyyəti nəzərə alınır. Burda bir çox amillər var. Müəssisə rəhbərliyinin bütün bunlarla bağlı rəyi məhbusun ərizəsi ilə birgə məhkəməyə təqdim edilir.

Vəkil Əlayif Həsənov isə düşünür ki, Qənimət Zahid şərlənərək həbs edilib. Onun həbsi sırf yazıları və jurnalist fəaliyyəti ilə bağlıdır. Vəkil deyir ki, əgər Qənimət Zahidin həbsinin arxasında siyasi sifariş durmursa, indi onun cəzasının yüngülləşdirilməsi problem olmamalıdır:

- Jurnalistlər törətdikləri cinayətə görə yox, sifarişlə həbs ediliblər. Ən azı Asif Mərzili məsələsi göstərdi ki, burda hüquq yox, siyasi iradə əsasdır. Bu məsələdə də elədir. Ancaq mən vəkiləm, qanunun verdiyi bütün imkanlardan axıra kimi istifadə etməliyəm.

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili isə aprelin əvvəlində Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin iddiası əsasında böhtan və təhqirə görə bir illik həbs cəzası alıb, prezident İlham Əliyevin müdaxiləsindən bir gün sonra azadlığa buraxılmışdı.

Əlayif Həsənov deyir ki, Qənimət Zahidlə bağlı şikayətlərini Avropa Məhkəməsinə də təqdim ediblər. O ümid edir ki, gec-tez ədalət zəfər çalacaq.

Azərbaycanda hazırda üç jurnalist – Qənimət Zahid, Eynulla Fətullayev və Müşfiq Hüseynov həbsdədir.

Siz necə jurnalistlərin üçdə birə düşəcəklərinə inanırsınızmı?

Şərhinizi göndərin.
XS
SM
MD
LG