Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Orta məktəblərdə psixoloji xidmət


Gülşən Əliyeva
Gülşən Əliyeva
Mayın 30-da orta məktəb şagirdləri məzun günü keçirir. Suraxanı rayonu Hövsan qəsəbəsində 281 saylı orta məktəbə dərs vaxtı gəlsək də, 11-ci sinif şagirdləri məktəbin həyətində söhbət edirdilər. Onlardan kimi dindirdiksə, imtahan həyəcanından danışdılar:

- İmtahanlara hazırlaşıram. Bununla da gərginlik yaşanır. Çünki həm buraxılış, həm də qəbul imtahanına hazırlaşmaq insanın beynində yüklənmə, yorğunluq yaradır.

«PSİXOLOQ VAR, AMMA ADINI BİLMİRƏM»

Məzun Mehman deyir ki, belə gərgin anlarda valideynlərlə yanaşı məktəbin psixoloqu da ona məsləhətlər verir:

- Məktəbimizin psixoloqu ilə tez-tez söhbətlər aparırıq. Nəticəsi o olur ki, gərginlik aradan qalxır. Məsələn, birinci sınaq imtahanına getməmişdən qabaq biz psixoloqla danışdıq. O dedi ki, çox həyəcan keçirmək lazım deyil. Bu, sadəcə imtahandır. Uğurla vermək olar.

Nisbətən aşağı sinif şagirdləriylə söhbətdən isə belə anladıq ki, heç də hamı məktəbin psixoloqunu tanımır. 10-cu sinif şagirdi Məzahir Əhmədov:

Arzu Əliyeva
- Bəli, psixoloq var, amma adını bilmirəm.

6-cı sinif şagirdi Kamran Rəşidovun cavabı isə belə oldu:

- Yox görməmişik. Olsa deyərdilər. Heç psixoloji dərs keçmirlər.

281 saylı orta məktəbin direktoru Gülşən Əliyeva deyir ki, psixoloqun məktəbdə rolu böyük olduğundan bəzən bir psixoloq yetərli olmur:

- Bizim məktəbdə 1725 şagird təhsil alır. Bir psixoloq azlıq edir. Hesab edirəm ki, ən azı iki psixoloq olmalıdır ki, ondan lazımı işi tələb edək. Mən desəm ki, bir psixoloq 1725 şagirdin hamısı haqda tam məlumatlıdır, yalan demiş olaram.

İXTİSASCA RUS DİLİ MÜƏLLİMƏSİ OLAN PSİXOLOQ

Məktəbin psixoloqu Arzu Əliyeva isə deyir ki, iki aydır ki, bu işə başlayıb:

281 saylı məktəbdə psixoloq guşəsi
- 5-ci siniflə test keçirdim, 11-ci sinifdə ümumi ailə albomu cızdıq. Məlum oldu ki, 11-ci sinif şagirdlərinin daha çox psixoloqla söhbətə ehtiyacı var.

Arzu Əliyeva ixtisasca rus dili müəlliməsi olsa da, sonradan yenidən hazırlıq kursuna gedərək psixologiyanı öyrənib.

Məktəbin direktoru Gülşən Əliyeva:

- Onlar 9 ay kurs keçirlər, yəqin ki, tam psixoloqluğa yiyələnirlər. Uşaqlarla test keçirməyi bacarırlar. Uşaqla fərdi söhbət edib müəyyən məsələni ayırd edə bilirlər.

325 ORTA MƏKTƏBİN HƏR BİRİNDƏ BİR PSİXOLOQ ÇALIŞIR

Hakim YAP-dan millət vəkili Gülər Əhmədova parlamentin son iclaslarından birində narahatlığını bildirib ki, Azərbaycan məktəblərində psixoloq ştatı olsa da, onlar profilaktiki tədbirlər görə bilmirlər.

Bu ilin məzunları
Bakı Şəhər Baş Təhsil İdarəsinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhman Nəbiyev isə deyir ki, Bakıda 325 orta məktəbin hər birində bir psixoloq çalışır:

- Beş il bundan qabaq məktəblərin demək olar ki, 30%-də psixoloq yox idi. Bu gün bir neçə məktəb istisna olmaqla, bütün məktəblərdə psixoloqlar var və onların işi gərgindir. Bu işi görmək üçün hər məktəbdə bir nəfər kifayət edir.

Bəhman Nəbiyev deyir ki, sırf psixologiyanı qurtaran müəllimlərin sayı çox azdır. Tələbatı ödəmək üçün ali ixtisaslı müəllimləri yenidən hazırlanma kurslarına göndərirlər. Ancaq heç yenidən hazırlanmaya da ehtiyac qalmayıb, çünki ali məktəblərdə kifayət sayda psixoloqlar yetişdirilir.
XS
SM
MD
LG