Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:52

Yeni avtobusların alınmasında korrupsiya izləri


Yeni «Daewoo» avtobusları Bakıda, 12 noyabr 2007
Yeni «Daewoo» avtobusları Bakıda, 12 noyabr 2007
2008-ci ildə Bakı üçün avtobusların alınmasına dövlət büdcəsindən azı 25 milyon manat sərf olunub. Bu pulun müqabilində Azərbaycana yüzlərlə avtobus gətirilib. Amma bu vəsaitin xərclənməsi ilə bağlı məlumatlar yeddi pərdə arxasındadır.

Hökumət dəfələrlə bəyan edib ki, Bakıya bahalı və keyfiyyətli avtobuslar alınıb. Azərbaycan hökuməti keyfiyyətli avtobusların hər birinin gətirilməsinə ən azı 100 min dollar xərcləyib. Amma yalnız elə gömrük qeydlərində bu avtobusların qiyməti həddən artıq aşağı göstərilib. Məsələn, 250 min dollara olduğu iddia edilən avtobuslar gömrükdən cəmi 35 minə keçib. 100 mindən baha olduğu deyilən avtobuslar isə bu sənədlərdə 39 min dollara göstərilib. İqtisadçılar isə heç gömrük sənədləri olmasa belə, bu prosesdə kifayət qədər korrupsiya elementlərinin olduğunu deyirlər. Əsas arqument də odur ki, dövlətin özünün bu işlə məşğul olması artıq korrupsiya üçün zəmin yaradır. Digər tərəfdən, büdcədən ayrılan milyonlarla manatın nəqliyyat bazarında kimlər üçün əlverişli şərait yaratdığının özü də bir müəmmadır. Beləliklə, yaranan suallara bir-bir cavab axtaraq.

NEÇƏ AVTOBUS VƏ HANSI QİYMƏTƏ?

Dövlət xətti ilə avtobusların alınmasında şəffaflıq məsələsini araşdırmaq üçün əvvəlcə bir neçə ildə büdcə hesabına alınan avtobusların dəqiq sayını və bu işə nə qədər vəsait xərcləndiyini öyrənməyə çalışdıq. Nəqliyyat nazirinin müavini Musa Pənahov «Azadlıq» radiosuna müsahibəsində bu cür statistika aparmağın çətin məsələ olduğunu bildirdi. Ona görə də M.Pənahov 2008-ci ildə Azərbaycana gətirilən iritutumlu avtobusların sayı ilə bağlı da dəqiq fiksə olunmuş rəqəm söyləmədi:

«Dövlətin bu istiqamətdə ayırdığı vəsait konkret aydındır. Ötən il 30 milyon ayrılmışdı. Amma avtobusları əsasən özəl qurumlar gətirdiklərinə görə, onların özləri də külli miqdarda pul ayırıblar. Hökumət istiqamətində təxminən 280 avtobus gətirilib».

Nəqliyyat nazirinin müavininin dediyinə görə, ötən il ərzində avtobusların alınmasına büdcədən 30 milyon manat ayrılıb. Lakin elə həmin 2008-ci il üçün dövlət büdcəsinin xərc hissəsində Azərbaycanın Nəqliyyat Nazirliyinə avtobusların və nəqliyyat üçün ehtiyat hissələrinin alınmasına 27 milyon manat vəsait ayrıldığı göstərilir. Göründüyü kimi, bu rəqəmlər arasında 3 milyon manatlıq fərq var.

Maraqlısı odur ki, 2008-ci il üçün Azərbaycan hökumətinin hazırladığı hesabatda bundan fərqli bir rəqəm göstərilib. Bu sənədin 139-cu səhifəsində, nəqliyyat bölməsində sərnişindaşımaya aid hissə də var. Həmin hissədə qeyd olunur:

«2008-ci il ərzində Bakı şəhərində nəqliyyatın təkmilləşdirilməsi məqsədi ilə büdcə vəsaiti və özəl vəsait hesabına Almaniya, Koreya, Çin və Belarusdan 948 ədəd avtobus alınıb. Bunlardan 135 ədədi iritutumlu avtobuslar dövlət büdcəsindən ayrılmış 25 milyon manat vəsait hesabına alınmışdır».

Göründüyü kimi, fərq 5 milyon manat təşkil edir. Özü də hesabatda 135 ədəd avtobus alındığı göstərilir, Nəqliyyat nazirinin müavini Musa Pənahov isə bu rəqəmin 280 civarında olduğunu deyir.

Bu rəqəmlər bir il ərzində avtobusların alınmasına sərf olunan dövlət vəsaitinə aid idi. İndi isə ayrı-ayrı markalı avtobusların hansı qiymətə alınmasından danışaq.
Gömrük: 2008-ci ildə Almaniyadan gətirilən avtobuslara cəmi 798.300 dollar xərc çəkilib
Nəqliyyat nazirinin müavini də qeyd edir ki, Azərbaycan hökuməti əsasən bahalı avtobusları alıb:

«MAN» da var, «MAZ» da var, bir də Koreyanın «DAEWOO»-su. Alman avtobusları əsasən şəhər istiqamətində işləyir. Özəl şirkətlərin onları gətirməyə imkanları yoxdur. Bugünki sərnişin qiyməti də onlara sərf eləmir. Ona görə də biz alıb onlara kreditə veririk».

250 MİN DOLLARLIQ «MAN»LAR GÖMRÜK SƏNƏDLƏRİNDƏ 35 MİN DOLLARA GÖSTƏRİLİB


Beləliklə, dövlət vəsaiti hesabına Almaniyanın «MAN», Koreyanın «DAEWOO» və Belarusun «MAZ» avtobusları alınıb. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyir ki, bunlar arasında ən bahalısı «MAN»lardır:

«Sonuncu dəfə gətirilən «DAEWOO» markalı iritutumlu avtobusların biri 156 min dollaradır. «MAN» markalı avtobusların qiymətisə 200-250 min dollara yaxındır».

«MAN» markalı avtobusların alınması, gətirilməsi, bu işə sərf olunan vəsait və s. haqqında suallara daha dəqiq cavab tapmaq üçün əvvəlcə Nəqliyyat Nazirliyinə müraciət etdik. Amma bir ay ərzində bu qurumdan cavab ala bilməyəndə, həmin şirkətin nümayəndəliyinə müraciət etməli olduq.

«MAN» şirkətinin Bakıda Satış və Servis Mərkəzi Salyan şossesində yerləşir. «MAN Nutzfahrzuge» şirkətinin Azərbaycanda rəsmi idxalçısı «İmprotex Trucks & Buses» şirkətidir. Elə araşdırma boyunca onların ofisində olduq. Rəsmi şəkildə suallarımızı da göndərdik. Lakin şirkətin ictimaiyyətlə əlaqələndiricisi Nigar Əzməmmədova biləndə ki, müsahibə müqabilində şirkətdən pul tələb etmirik, onda, onların suallarımıza olan maraqları da öldü...Bundan sonra nəinki məktublara, zənglərimizə də cavab verilmədi.

Onda məcburən «MAN»ın Rusiyadakı nümayəndəliyinə müraciət edib, orda MDB üzrə satışla məşğul olan şöbəyə suallarımızı yönəltdik. Bakıdakı nümayəndəlikdən fərqli olaraq, Moskvadan «problem yoxdur» cavabını aldıq. Avtobusların MDB-də satış departamentinin müdiri Aleksey Vinoqradov Azərbaycana göndərilən avtobusların qiyməti ilə bağlı bizə ünvanladığı cavab məktubunda yazır:

«Avropa ölkələri ilə MDB ölkələri üçün avtobusların qiymətlində prinsipial fərq yoxdur. Konkret qiymətlərə gəlincə, bu, komplektləşmə və məbləğin ödənilməsinin formasından asılı olaraq bir qədər dəyişə bilər. Əslində, biz alıcının razılığı olmadan müqavilədəki qiyməti açıqlaya bilmərik. Amma siz maraqlandığınız modellərin qiyməti 120-140 min avro arasındadır».
Azərbaycanda isə biz yalnız 240-250 min dollar rəqəmini eşitmişik. Avtobusların alındığı dövr üçün valyuta məzənnəsi ilə hesablasaq, 120-140 min avro təxminən 190-210 min dollar edir. Mətbuatda belə fikirlər səsləndirilirdi ki, bu avtobusların gətirilməsi üçün gömrük xərci və digər rüsumlar da yüksəkdir. Biz bunu da aydınlaşdırmaq qərarına gəldik.

Avtobusların Azərbaycana neçəyə gətirildiyini öyrənmək üçün gömrük göstəriciləri üzrə də axtarış apardıq. Bunun üçün Dövlət Statistika Komitəsinin çap etdiyi «Malların idxal və ixracına dair göstəricilər» kitabına müraciət etdik. Bu kitabdakı məlumatları da asanlıqla əldə etmədik.
Nəqliyyat naziri Ziya Məmmədov: «Kimə necə sərf edirsə, danışıqlar yoluyla həll olunur»
Həmin sənəd yalnız nazirliklər və dövlət orqanları üçün məhdud sayda çap edilir. Burada həm ölkələr, həm əməliyyat növləri, həm də mal qrupları və mallar üzrə bütün göstəricilər yer alıb. Məhz bu kitabda qeyd olunub ki, Azərbaycana ümumilikdə 1068 avtobus gətirilib və onlara 51 milyon 642 min 300 dollar, təqribən 52 milyon dollar xərc çəkilib.

Ən maraqlısı Almaniyadan gətirilən avtobuslara dair bölmədir. Avtobusların sayında problem yoxdur. Burda deyilənlər hökumətin verdiyi rəqəmlərlə üst-üstə düşür - 23 avtobus. Əsas ziddiyyət qiymətdədir. Belə ki, kitabda yazıldığına görə, 2008-ci ildə Almaniyadan gətirilən avtobuslara cəmi 798.300 dollar xərc çəkilib. Yəni bu hesabla, avtobusların birinin qiyməti təxminən 35 min dollara düşür. Almaniya istehsalı olan avtobusların qiymətində birdən-birə bu qədər fərqin olması anlaşılmazdır. Axı dövlət rəsmisi özü də qeyd edirdi ki, alman maşınları ən bahalılarıdır.

ZÖHRAB İSMAYIL: «GÖMRÜKDƏ QİYMƏTİ BİLƏRƏKDƏN AZALDIRLAR»


Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl deyir ki, Azərbaycanda gömrük qiymətlərini azaltmaq təcrübəsi mövcuddur:

«Bizdə gömrükdə qeyri-rəsmi qiymətləri azaltmaq var. Belə edirlər ki, rüsum az yazılsın, büdcəyə daha az pul keçirilsin. Gömrükdə özəl sektor üçün avtobuslara, avtomobillərə, bir çox məhsullara tətbiq olunur. Qiyməti 20-30 min olan avtomobillərin dəyəri 8-9 min dollara rəsmiləşdirir».

ZİYA MƏMMƏDOV: «KİMİSƏ ALDATMAQ MÜMKÜN DEYİL»

Təəssüf ki, nə Nəqliyyat Nazirliyi, nə də «MAN» şirkətinin rəsmi idxalçısından bu məsələ ilə bağlı izahat almaq mümkün olmadı. Lakin Nəqliyyat naziri Ziya Məmmədov «Azadlıq» radiosuna açıqlamasında şişirdilmiş qiymət göstərilməsi ilə bağlı deyilənlərdən narazılığını bildirdi:

«Bilirsiniz, dünya bazarında qiymətlər məlumdur. Kimisə aldatmaq, ucuz malı baha qiymətə satmaq qeyri-mümkündür. İnsanlar bazarı çox gözəl bilirlər, çox gözəl həll edirlər. Kimə necə sərf edirsə, danışıqlar yoluyla həll olunur».

Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl da avtobusların Bakıya 250 min dollara gəlib çıxdığını istisna etmir:

«Əgər Almaniyada satış qiyməti 200 mindirsə, bura gəlib 250 minə çatırsa, bu, təbiidir. Çünki ən azından 18 faizi ƏDV kimi ödənməlidir. Daşınma və gömrük vergisinin xərcləri də var. Amma ümumiyyətlə götürdükdə 200 minin özü də avtobus üçün böyük rəqəmdir».

SÜRÜCÜ: «AVTOBUSUN TƏK ÖN ŞÜŞƏSİ 4 MİN MANATADIR»

Doğrudan da görəsən, Bakıya məhz belə bahalı avtobusların alınmasına əşhədü-ehtiyac var idimi? Bu avtobuslarda işləyən sürücülər belə hesab etmir. Bizimlə söhbət edən Alməmməd dayı 6 aydır ki, «MAN» avtobusu sürür.
Gömrük: Ötən il Koreyadan 276 ədəd avtobus gətirilib. Və onlara 13 milyon 567 min 600 dollar xərc çəkilib
29 ildir sürücü işləyən həmsöhbətimin avtobusların keyfiyyətindən narazılığı yoxdur. Deyir ki, bu avtobusların həm sürücü üçün, həm də sərnişinlər üçün üstünlüyü çoxdur. Ancaq...

«Bahadır. Bunların ön şüşəsi 4 min neçə yüz manatadır. Çünki çox keyfiyyətlidir. Hələ ki, təmir olunmayıb. Amma şüşəsi qırılanları var. Əgər bu, sürücünün ucbatından baş veribsə, özün eləmisənsə, gərək elə özün də düzəltdirəsən».

Həm də belə məlum olur ki, bu avtobusların bəh-bəhlə təriflənən bəzi üstünlükləri heç Bakı sakinlərinə o qədər də lazım deyilmiş. Məsələn, avtobus gətirənlər həmişə xüsusi vurğulayırlar ki, sərnişinlər dayanacaq vaxtı avtobusun o başından bu başına qışqırmalı deyil, sadəcə salonun hər tərəfindəki xırda «stop» düymələrindən istifadə edə bilərlər. Amma Alməmməd dayı deyir ki, bu düymələri naqildən açmalı olublar:

«Onunla o qədər oynadılar ki, işləmək mümkün olmadı, açdıq».

Söhbət etdiyimiz digər sürücü - Hafiz Əliyev isə 10 ildir Bakı küçələrində müxtəlif markalı avtobuslar sürür. İndi isə 96 saylı marşrutda yeni «DAEWOO» markalı avtobus idarə edir. Maşının keyfiyyətindən razıdır. Amma onu da narahat edən məsələ başqadır:

- Dar küçələrdə sürmək mümkün deyil, BDU-nun qarşısından, Mətbuat prospektindən keçmək mümkün deyil.
- Bunun günahı kimdədir və ya nədədir?
- Bərk gedənlər, pullu uşaqlardır, maşını qoyurlar yolun ortasında. Bu da böyük maşındır, - -böyrü dəyən kimi 500-1000 manatdan danışırlar. Bahadır, sovet maşını deyil.
- O pulu özünüz ödəməli olursuz ki?
- Əlbəttə. Qaraj ona yaxın durmaz. Sürücü mənəm, maşın mənə «doveriya»dır. Bir qəza olsa, ona mən cavabdehəm.
- Olubmu ki, başqalarının üzündən sizə problem yaransın?
- Demək olar, hər gün.

«DAEWOO»LAR 120 MİN DOLLARADIR, YOXSA 49 MİNƏ?

«DAEWOO»lara gəlincə, bu avtobusların da haradan, necə və neçəyə gətirilməsi ilə maraqlandıq. Lakin «MAN»la olduğu kimi, bu məsələdə də yerli şirkətlərdən cavab almaq mümkün olmadı. Axtardığımız cavabı Koreyanın bu avtobusları istehsal edən zavodunun rəsmi «daewoobus.co.kr» saytında tapdıq. Burada qeyd olunur ki, 2008-ci il mayın 19-da Koreyadan 300 ədəd avtobusun alınması ilə bağlı Azərbaycan hökuməti ilə Koreya zavodu arasında tamamilə fərqli şərtlərlə saziş imzalanıb. Bu sazişə əsasən, Koreya tərəfi Azərbaycanı nəinki ucuz avtobuslarla, həm də onların təmiri üçün lazım olan avadanlıqla təchiz edəcək.

«Korea times» qəzeti isə qeyd edir ki, «Daewoo international» şirkəti ilə Azərbaycanın «Transgeyt» şirkəti arasında ötən ilin oktyabrında saziş imzalanıb. Bu müqaviləyə əsasən, Bakıya ümumi qiyməti 120 milyon dollar olan min avtobus göndəriləcək.
«MAZ» avtobuslarının hər birinə 139 min dollar xərc çəkilib. Dəyərdimi?
Yəni hərəsi 120 min dollara. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov isə onların 156 min dollara olduğunu qeyd edirdi.

Maraqlısı odur ki, «Korea herald» informasiya agentliyi eyni saziş üçün tamamilə başqa bir məbləğ göstərir. Bu agentliyin bülletenində qeyd olunur ki, min avtobusa 60 milyon dollar ödəniləcək.

Bu dəfə də rəqəmlərdəki ziddiyyətləri gömrük göstəriciləri ilə müqayisə edib həqiqəti tapmağa çalışdıq. Gömrük sənədlərinə görə, ötən il Koreyadan 276 ədəd avtobus gətirilib. Və onlara 13 milyon 567 min 600 dollar xərc çəkilib. Yəni hərəsi təxminən 49 min dollara. Halbuki, Azərbaycanda Koreyadan gətirilən avtobuslar üçün azı 100 min dollar ödənildiyi deyilir.

O ki qaldı dövlət xətti ilə Belarusdan gətirilən «MAZ»lara, onlarla bağlı da anlaşılmaz məqamlar var. Məsələn, söhbət etdiyimiz mütəxəssislər deyirlər ki, bu avtobuslar o qədər keyfiyyətsiz çıxıb ki, hökumət onlardan 20-ni almaqla kifayətlənib. Amma gömrük göstəricilərinə görə, bu avtobusların hər birinə 139 min dollar xərc çəkilib. Dəyərdimi?

«DÖVLƏTİN AVTOBUS ALMASININ ÖZÜ ELƏ KORRUPSİYAYA YOL AÇIR»

İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, iritutumlu avtobusların alınması prosesində korrupsiya elementləri özünü göstərir:

«Burda əsas maxinasiya nədən ibarətdir? Bu, dövlətin puludur. Amma bunu verirlər öz şirkətlərinə, özləri işlədib özləri pul alırlar. İctimai nəqliyyat artıq özəlləşdirilib, özəl şirkətlər, kifayət qədər iş adamı var ki, maraqlıdır avtobus gətirməyə, gətirirlər də. Belə bir şəraitdə dövlət niyə avtobus almaq üçün pul ayırır? Bax, elə korrupsiyanın birinci mənbəyi budur. Təbii ki, o pullar hansı firmaya ayrılırsa, oradan yəqin onlara «otkat» da verirlər. Bu da aydın məsələdir».

Lakin Nəqliyyat nazirinin mətbuat katibi Namiq Həsənov bu şirkətlərin hamısının Nəqliyyat Nazirliyinə yaxınlığı ilə bağlı deyilənləri səhv məlumat adlandırır. Və deyir ki, bu şirkətlərin bəzilərinin adlarını heç nazirlikdə də eşitməyiblər:

«Əsas hissəni «Nihad motors», «Transgeyt», «Saf» LTD, «Çinarlı» MMC, «Gəncəli» MMC və s. şirkətlər gətirir. Burda elə şirkətlərin adları var ki, onları heç biz özümüz də tanımırıq».

Avtobus sövdələşmələri ilə bağlı ən çox adı hallanan «Transgeyt» şirkətinin kimə mənsub olduğu, idarə heyətində və ya rəhbərliyində kimlərin təmsil olunduğu, dövlətə nə qədər vergi ödədiyi barədə Ədliyyə və Vergilər Nazirliklərinə göndərdiyimiz sorğular cavabsız qalmasaydı, bu şirkətlə hər hansı dövlət qurumu arasındakı əlaqələr barədə özümüz də nəticə çıxara bilərdik. Amma təəssüf ki, Ədliyyə Nazirliyi sorğunu Vergilər Nazirliyinə ötürməyə, sonuncu isə kommersiya sirrinə istinad edərək susmağa üstünlük verdi. Ekspertlərsə maraqlanır ki, görəsən, sahibi ilə bağlı məlumat sirrə çevrilən
İqtisadçı Zöhrab İsmayıl
bir şirkətə hökumət niyə avtobus almaq üçün yardım göstərir?

XARİCDƏ AVTOBUSLARI BƏLƏDİYYƏLƏR ALIR

Beynəlxalq təcrübəyə gəlincə, ekspertlər söyləyir ki, digər ölkələrdə avtobusların alınması ilə əsasən bələdiyyələr, yaxud da dövlətdən asılı olmayan ictimai qurumlar məşğul olur. Məsələn, İstanbulda bu işi bələdiyyə görür. İsveçdə bu proses meriya nəzarətindədir. Amerikada isə nəqliyyat məsələsini hər şəhərin öz şurası tənzimləyir. Bu məqsədlə dövlətin pulundan ya istifadə olunmur, ya da büdcədən ayrılan pul sonradan dövlətə qaytarılır.

NATİQ ƏLƏKBƏROV: «SAHİBKARLAR XEYLİ ZİYAN ÇƏKİBLƏR»

Azərbaycanda isə ölkəyə avtobus gətirməsi prosesinə özəl şirkətlərin qatılmasına imkan verilməyib. Bunu Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov deyir. Onun sözlərinə görə, bu işlə məşğul olan sahibkarların özləri N.Ələkbərova şikayət ediblər. Birlik sədrinin sözlərinə görə, bu proseslər zamanı bəzi sahibkarlar xeyli ziyan çəkiblər:

«Baxmayaraq ki, əllərində hüquqi sənədləri vardı. Avtobuslar alınırdı, artıq DYP-də nömrələr alınırdı. Amma bu ərəfədə avtobuslar sahibkarların əlindən zorakılıqla alındı. Onlar məcbur olub öz xətlərini başqa şirkətlərə icarəyə verməli oldular».

N.Ələkbərov hesab edir ki, Bakı üçün daha ucuz və keyfiyyətli avtobuslar alıb gətirmək olardı. Əgər bu iş sahibkarların öz öhdəsinə buraxılsaydı. Amma bu, baş verməyib. Əksinə, səsini çıxarmaq istəyənlər də müəyyən formada cəzalandırılıb:

«İndi onlar hansısa bir söz desələr, onlara təzyiqlərin olması mümkündür».

Söhbət etdiyimiz sahibkarlardan biri də deyilənləri təsdiqlədi. Hələlik əlində bir marşrut xətti qaldığı üçün açıq danışmaq, adını bildirmək istəmədi. Dedi ki, avtobuslarla bağlı ajiotaj yarananda etiraz edən sahibkarların bir qismi iflasa uğrayıb:

«Demirəm ki, səni döyüb-söyürlər, təzyiq göstərirlər. Sadəcə, sənin xəttinin üstündən başqa bir xətt açırlar, sənin marşrutundakı avtobusları dayanacaqlara buraxmırlar, vəssalam».

Adının çəkilməsini istəməyən sahibkar bildirdi ki, indi onların əksəriyyəti alıb Bakıya gətirdikləri, amma işlədə bilmədikləri avtobuslar üçün götürülən kreditlərin faizini ödəyə bilmir:

«Şəxsən mənim evim, maşınım, qudalarımın evi girov altındadır. Hesablamışam ki, bank faizi, yol polisi və nazirliyə verilən pullar, maaş, vergi və digər pulları çıxandan sonra gəlir kimi bir ay ərzində yalnız 1,5 günün pulu özümə qalır».

RÖVŞƏN AĞAYEV: «AVTOBUSLARIN ALINMASINDA ŞƏFFAFLIQ YOXDUR»

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Rövşən Ağayev də avtobusların alınmasında şəffaflığın olmadığını deyir. Onun fikrincə, büdcədə nəqliyyat sektoruna ayrılan vəsaitin zərurəti əsaslandırılmayıb:

«Büdcədə aydın göstərilməliydi ki, hökumət nəqliyyat sektoru üçün hansı işləri görəcək və bu işlərdə avtobusların nə qədər, haradan gətirilməsi planlaşdırılıb. Bunun zərurəti də ciddi şəkildə əsaslandırılmalı idi».

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Rövşən Ağayev
R.Ağayev xatırladır ki, bu vaxtadək Azərbaycan hökuməti həmişə öz hesabatlarında nəqliyyat sektorunun tam şəkildə özəlləşdirilməsi ilə öyünüb:

«İndi aydın olmur ki, dövlət niyə yenidən bu sahəyə qayıdır? Tam şəkildə özəl sektorun əlində olan sahəyə dövlətin qayıtmasının nə iqtisadi, nə də sosial baxımdan məntiqi yoxdur».

İqtisadçı düşünür ki, Nəqliyyat Nazirliyinin rəsmiləri bir dövlət məmurları kimi «özəl şirkətlərin imkanı yoxdur» ifadəsini işlədə bilməzlər. Çünki bu cür əsaslandırmanın məntiqi yoxdur:

«Ölkənin bank sistemi var. Həmişə özəl sektor borclanmaya gedir. Özəl sektor məcburdur bu işi şəffaf şəkildə qursun. Amma sahibkar çalışacaq ki, maksimum şəkildə ucuz və keyfiyyətli avtobus alsın. İqtisadçılar arasında belə bir deyim var – «Dövlət ən pis sahibkardır». Dövlətin özəl sahəyə hansısa formada müdaxiləsi olursa, deməli, burada konkret maraqlar var. Apardığımız müşahidələr göstərir ki, sərnişindaşıma sektoru ayrı-ayrı məmurların maraq dairəsinə pul qazanmaq baxımından daxildir».

NƏQLİYYAT NAZİRLİYİ YALNIZ TƏNZİMLƏMƏ İLƏ MƏŞĞUL OLA BİLƏR


Ekspertin fikrincə, bu məsələdə Nəqliyyat Nazirliyinin rolu yalnız tənzimləmə funksiyasını yerinə yetirməkdən ibarət ola bilər:

«Tıxacların aradan qaldırılmasında nazirliyin tənzimləyici siyasəti o ola bilər ki, normativlər təyin etsin. Konkret sxem və coğrafi nəqliyyat xəritəsi olmalıdır ki, hansı hissələrdə hansı avtobusları işlətmək olar. Nəqliyyat Nazirliyinin funksiyası bundan uzağa getməməlidir. Nazirliyin pul, kredit məsələlərinə, avtobusların gətirilməsi məsələsinə qarışmasının məntiqi yoxdur. Fikrimcə, bu, dövlətin, hakimiyyət orqanlarının öz səlahiyyətini aşmasıdır. Bu, ancaq belə yozula bilər».

Ekspert Zöhrab İsmayıl da dövlətin bu prosesə qatılmasını düzgün saymır:

«Necə yəni, dövlət pul verir ki, gedin avtobus gətirin? Axı bu pullar büdcədən gedibsə, gəlib yenidən büdcəyə qayıtmalıdır. Əgər avtobusları kreditlə verirlərsə, onda gərək büdcənin gəlirlər hissəsində göstərsinlər ki, kreditlə qayıdan pullar filan yerdə oturub».

İqtisadçı hesab edir ki, avtobusların alınması işi nazirliyə yaxın olan şirkətlərə tapşırılıb. Bu da həmin sahədəki xeyli sahibkarın iflasa uğraması ilə nəticələnib:

«Axı bu şirkətlər özləri tenderlə seçilməyib. Bizim indiyə kimi gördüyümüz odur ki, ayrı-ayrı nazirlər, məmurlar bu cür məqamlardan həmişə sui-istifadə ediblər. Özlərinin, ailələrinin, yaxınlarının təsir dairələrində olan şirkətləri cəlb edib büdcə vəsaitlərini işlədiblər. İstisna etmirəm ki, burda da həmin vəziyyətdir».

Nəqliyyat naziri Ziya Məmmədov isə bütün bu məsələlərdə insanların rahatlığının nəzərə alındığını söyləyir:

«Bütövlükdə o xətlərdə elə avtobuslar var ki, adam onlara baxanda narahat olur. Sərnişindaşımaya yararsızdır. Nə texniki vəziyyəti, nə estetik vəziyyəti, nə də daxili servis xidmətləri uyğun gəlmir. Biz hökumət olaraq hər şeyi nəzərə alırıq. Yəqin ki, insan faktoru ümdə bir vəzifədir, yüksəkdə dayanmalıdır. İnsanlara xidmətdən danışırıqsa, onlar üçün şərait yaradılmalıdır».

Xatırladaq ki, son üç ildə Azərbaycanda nəqliyyat sektorunun inkişafına dövlət büdcəsindən 2 milyard manatdan artıq pul ayrılıb. Bu vəsaitin hamısı yolların yenidən qurulmasına, iritutumlu avtobusların və digər texniki avadanlıqların alınmasına xərclənib. Amma nə qədər çox və bahalı avtobus alınsa da, sərnişinlər hələ də küçələrdə qalır, Bakının nəqliyyat sistemindən narazılıq edirlər.

Siz necə fikirləşirsiniz, avtobusları alanlar ilk növbədə nəyi düşünüblər: sərnişinləri, büdcə vəsaitlərinə qənaəti, yoxsa nəyi?
XS
SM
MD
LG