Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

«Azərbaycanda insan haqlarının durumu bəzi sahələrdə lap pisləşib»


Hökumət prezident seçkisi vaxtı ictimaiyyətin sivil yolla hakimiyyəti dəyişmək hüququnu məhdudlaşdırıb
ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun «Azadlıq və demokratiyanın vəziyyəti» ilə bağlı hazırlıq hesabatı açıqlanıb. Hesabatda deyilir ki, bu sənədin birinci hissəsinin əsasında Dövlət Departamenti daha sonra ölkə üzrə ümumi hesabatı hazırlayacaq.

Hesabatın birinci hissəsini olduğu kimi nəzərinizə çatdırırıq.

1-ci hissə: siyasi hüquqlar və insan haqlarının durumu:

Azərbaycan prezident üsul-idarəsi olan respublikadır. Prezident hakimiyyətin bütün qollarına - icra, qanunverici və məhkəmə hakimiyyətinə nəzarət edir. Hakimiyyətin insan haqları göstəriciləri pis olaraq qalıb, 2008-ci ildə isə bəzi sahələrdə daha da pisləşib.

HAKİMİYYƏTİ SİVİL YOLLA DƏYİŞMƏK HÜQUQU MƏHDUDLAŞDIRILIR

Hökumət prezident seçkisi vaxtı ictimaiyyətin sivil yolla hakimiyyəti dəyişmək hüququnu məhdudlaşdırıb, baxmayaraq ki, seçki idarəçiliyində bəzi texniki irəliləyişlər də edib.

İŞGƏNCƏ VƏ QANUNSUZ HƏBSLƏR DAVAM EDİR

Polis və hərbi saxlanma məntəqələrində işgəncə və insanların döyülməsi nəticəsində 2008-ci ildə 3 nəfər vəfat edib, təhlükəsizlik qüvvələri bu cür davranışlarına görə cəzalandırılmırlar. Bəzi infrastrukturların yaxşılaşdırılmasına baxmayaraq, həbsxana şərtləri ağır və həyat üçün təhlükə olaraq qalır. Özbaşına həbslər və saxlanma halları, həmçinin məhkəmə qərarı olmadan insanların uzun müddət həbsdə saxlanması davam edir, xüsusən də hakimiyyətin siyasi rəqibləri kimi gördüyü şəxslərlə qarşı. Hakimiyyət vətəndaşları siyasi motivlərlə həbsə atır.

KORRUPSİYA YAYILIR, DİNİ ETIQAD, SƏRBƏST TOPLAŞMAQ VƏ SÖZ AZADLIĞI MƏHDUDLAŞDIRLIR

Korrupsiya bütün sahələrdə, o cümlədən, məhkəmə və hüquq-mühafizə orqanlarında geniş yayılıb. Sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması davam edir.

Söz və mətbuat azadlığı və siyasi təmsilçilik azadlığının məhdudlaşdırılması da 2008-ci ildə artıb. Xüsusən də ilin sonunda «Amerikanın səsi», «Azadlıq» və BBC radiolarının FM tezliklərindən yığışdırılması ilə.

Hakimiyyət bəzi müsəlman və xristian dini qruplarının fəaliyyətlərini də məhdudlaşdırıb.

QADINLARA QARŞI ZORAKILIQ VƏ İNSAN ALVERİ HALLARI DAVAM EDİR

Qadınlara qarşı zorakılıq halları qeydə alınıb. Şəxslərə qarşı traffikinq - insan alveri təcrübəsi davam edir, amma hakimiyyət problemlə mübarizə aparmaq yolunda bəzi ürkək addımlar da atır.

Hazırlıq hesabatının ikinci hissəsində ABŞ hökumətinin Azərbaycandakı demokratiyayla bağlı maraqlarından, üçüncü hissədə isə bu maraqları təmin etmək, məqsədlərə nail olmaq üçün gördüyü işlərdən söz açılır.

Hesabata görə, Azərbaycanda insan haqları və demokratiyanın bərqərar olması üçün beş sahənin inkişafına çağırılır:

1. Demokratik siyasi proseslərin təmin edilməsi;
2. Qanunun aliliyi - o cümlədən, müstəqil məhkəmələrin yaradılması və korrupsiyayla mübarizə;
3. Söz və mətbuat azadlığının təmin edilməsi;
4. İnsan haqları və fundamental azadlıqların təminatı;
5. Məşğul, imkanlara malik və maariflənmiş - təhsilli cəmiyyətin qurulması.

Sənəddə qeyd olunur ki, ABŞ diplomatik nümayəndələri, rəsmilərinin səfərləri, qeyri-hökumət strukturları və bütün başqa mümkün vasitələrlə sadalanan bu sahələrin inkişaf etdirilməsi üçün səylərini davam etdirir. Həmçinin Azərbaycan rəsmilərilə görüşlərdə də, demokratiya və insan haqlarına xüsusi diqqət ayırırlar və əməkdaşlığın bu sahələrini də önə çəkirlər.
XS
SM
MD
LG