Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:40

"Netfçi"nin azarkeşləri sovet hakimiyyətinə meydan oxudu


23 may 1978-ci il. SSRİ çempionatının Güclülər liqasında oynayan Bakının «Neftçi» komandası Daşkəndin «Paxtakor» klubunu qəbul edir. Hazırda Tofiq Bəhramovun adını daşıyan stadion (o vaxtlar Lenin adına stadion idi) ağzınacan doludur. Bu stadion 37 min adam tutur.

Oyun 2-0 hesabı ilə «Paxtakor»un xeyrinə qurtarır.

Oyundan sonra stadionu tərk edən izdiham «Gənclik» metrosu yaxınlığında dükanların şüşələrini sındırır, yoldan keçən maşınları və avtobusları daşa basır, Daxili Qoşun əsgərləri və milis işçilərinə hücum edirlər.

Bir neçə saat davam edən iğtişaşlarda onlarla adam yaralanır. Bakının düz ortasında bir necə saatlığa hakimiyyətsizlik hökm sürür. Yalnız gecəyarısı, azarkeşlər dağılandan sonra vəziyyət nəzarət altına alınır.

Onlarla adam həbs edilir. Azarkeşlərin dağıtdığı bütün obyektlər gecə ikən təmir olunur.

İĞTİŞAŞLARA GƏTİRƏN OYUN

Həmin vaxt «Neftçi»nin hücumçusu olmuş Elbrus Abbasov deyir ki, əvvəlki oyunda zədələndiyindən bu görüşü kənardan izləyirmiş:

«Ümumiyyətlə, «Paxtakor» güclü komanda idi, bu komandayla oyunumuz həmişə çətin olurdu. İkinci hissədə onlar qələbə qollarını vurdular».

Futbol azarkeşi Bəhruz Quliyev xatırlayır:

«1978-ci il mövsümü başlayanda, «Neftçi» 2 ilə yaxın idi ki, öz meydanında bir dənə də olsun oyun uduzmamışdı. İlk dəfə apreldə Leninqradın «Zenit» klubuna uduzdu. Həmin oyundan sonra qəzetləri stadionun taxta oturacaqları altında qalaqlayıb od vurdular. Lakin stadiondan kənarda heç bir hadisə olmadı. Sonra «Neftçi» Bakıda dalbadal Alma-Atanın «Kayrat» və Donetskin «Şaxtyor» komandalarını uddu. Adətən, komandamızın qələbəsindən sonra stadiona da daha çox adam gəlirdi. Ona görə də iki qələbədən sonra «Paxtakor»la oyunda stadion ağzınacan dolu idi. Hamı əmin idi ki, biz bu dəfə də qələbə qazanacağıq».

O zaman Bakı şəhər Milis İdarəsində baş əməliyyatçı işləmiş İsgəndər Həmidov deyir ki, stadion ağzına qədər azarkeşlərə dolu imiş:

«Saat 18:00-da oyun başladı. O vaxt «Paxtakor»un çox güclü heyəti vardı – An, Fyodorov kimi oyunçular oynayırdı. Oyunu da 35 minə yaxın azarkeş izləyirdi. «Paxtakor» 2:0 uddu. Birinci topu Fyodorov, ikincini Mixail An vurdu».

BALACA OĞLAN QƏZƏBLİ İZDİHAMI HƏRƏKƏTƏ GƏTİRDİ

Bəhruz Quliyev deyir ki, hər şey balaca bir oğlandan başladı:

«Stadionun qarşısında yerə pərçimlənmiş dəmir arakəsmələr var idi. Onları laxladıb, yerindən qopardılar»
«Stadionun içində futbolçuları daşa basıb, bir az kağız yandırandan sonra azarkeşlər dağılışmağa üz tutdular. Xorla «Neftçi»ni söyürdülər. Stadionun əsas girişində SSRİ çempionatının turnir cədvəlinin böyük bir stendi var idi. Balaca bir oğlan bu stendə dırmaşıb ordan «Neftçi» lövhəsini çıxartdı. İzdihama atdı. Azarkeşlər başladılar qəzəblə bu lövhəni təpikləməyə. Sonra bir başqa azarkeş stendə qalxıb təpiklə bütün stendi aşırdı. İzdiham cana gəldi. Bundan sonra da qabaqlarına çıxan hər şeyi dağıtmağa hazır idilər. Gözümə inanmırdım. Stadionun qarşısında yerə pərçimlənmiş dəmir arakəsmələr var idi. Onları laxladıb, yerindən qopardılar. Bu dəmirləri sürüyüb bir qədər aralıda - kassaların yanında sırayla düzülmüş Daxili Qoşun əsgərlərinin üstünə yeridilər. Əsgərlər bir göz qırpımında pərən-pərən düşdülər. Sonra maşınlara və avtobuslara hücuma keçdilər».

Elbrus Abbasov deyir ki, ara qarışandan sonra köməyə gələn milislər futbolçuları 2-3 saat soyunub-geyinmə otağından buraxmayıblar:

«Sakitlik yaranandan sonra biz stadiondan «Neftçi»nin bazasına gəlməliydik. Avtobusumuza oturduq. «Gənclik dairəsi»ni keçdik. Mehmanxananın yanından keçəndən sonra sola dönüb İnqilab küçəsiylə bazaya gəlməliydik. Elə mehmanxananın yanına çatanda, ağaclıqlardan azarkeşlər qəzəblə avtobusun üstünə cumdular. Bizi daşlayırdılar. Birinci daşı sürücü Rudikin başına vurdular. Sükan əlindən çıxdı, avtobus aşa-aşa, ağacları sındıra-sındıra ağaclığa girdi. Biz hamımız aşağı əyilmişdik. Avtobusun şüşələri sınmışdı. Milislər tökülüb gələndən sonra həmin gün çətinliklə bazaya gəldik».

Həmin oyunda meydana 10 nömrə altında çıxmış Səməd Qurbanov isə o günü xatırlayanda gülə-gülə deyir ki, azarkeşlər məğlubiyyətin heyifini həm futbolçulardan, həm də mağazalardan çıxdılar.

«Stadionda 35-40 min azarkeş vardı. Həmin dövrdə stadionda boş yer olmurdu. Qolları «Paxtakor» ikinci hissədə vurdu. Oyun qurtardı, camaatsa stadiondan getmədi, bizi gözləyirdilər. Soyunub-geyinmə otağında idik. Avtobusla bazaya gedəndəsə yolboyu düzülmüşdülər. Azı 2-3 min azarkeş olardı. «Gənclik» mehmanxanasının yanında bizə hücum elədilər, avtobusun şüşələri sınmışdı. Biz çox kədərlənmişdik. Bir həftə özümüzə gələ bilmədik. Azarkeşləri də qınamırdıq, niyə uduzmalıydıq ki... Həmin gün evə getmədik, bazada qaldıq, evə səhəri gün getdik».

«Neftçi»nin müdafiəçisi olmuş Bəxtiyar Qulamovsa həmin gün haqqında bunları deyir:

«Vay-vay, nə gün idi o. Oyun qurtarandan sonra stadionu yandırıb tökürdülər. Bizim avtobusa o qədər daş, butulka atdılar ki... Biləcəridən gələn Daxili Qoşunların əsgərləri, bir də milislər olmasaydı, nələr olacaqdı, bilmirəm. Əsgərlər gəlib camaatı dağıtdı. Dünənki kimi gözümün qabağındadır. Deyirdilər ki, onda saxlananlar olmuşdu, çünki mağazaların şüşələrini də sındırmışdılar».

Oyunu 35 minə yaxın azarkeş izləyirdi. «Paxtakor» 2:0 uddu
İsgəndər Həmidov: «Oyun qurtaranda azarkeşlər qonaqları alqışlarla yola saldılar, «Neftçi»nin oyunçularını isə daşa basdılar».

İsgəndər Həmidov deyir ki, milis futbolçuları qorumaq üçün soyunma-geyinmə yerinin qarşısını əhatəyə alıb. Belə olanda camaat milisi də daşlayıb:

«Əvvəlcə camaatın bizimlə işi yox idi. Görəndə ki, futbolçuları qoruyuruq, bizi də daşa basıb küçəyə çıxdılar. Milisdən 5-6 nəfər xəsarət almışdı, başı yarılan, belinə daş dəyən var idi, ancaq oyunçular xəsarət almamışdılar. Azarkeşlər küçəyə çıxandan sonra qəzet, pivə köşklərini aşırıb yandırırdılar. İğtişaş təxminən 4 saat davam elədi. Oyunçulara qarşı çox aqressiv idilər, ancaq vəziyyəti nəzarət altına ala bildik».

Elbrus Abbasov: «... stadionun 10-15 tonluq çuqun darvazaları vardı, azarkeşlər onları yerindən qopartmışdılar».

Azarkeş Nazim Əliyev: «O zaman uşaq idim. 3 dostumla stadiona biletsiz girməyə nail olmuşduq. Evə qayıdanda elə bil cəbhə xəttindən keçirdik. Yoldan keçən maşınların şüşələri elə tökülürdü elə bil kimsə onları pulemyotdan atəşə tutur. Bir də gördük stadion tərəfdən bir milisioner bizə tərəf qaçır. Dostum Anar «Aradan çıxın!» deyib qaçmağa üz tutdu. Milis də onun dalınca. Amma məlum oldu ki, həmin milisioner bizim dalımızca yox, onu təqib edən qəzəbli izdihamdan canını qurtarmaq üçün qaçırmış. Anar qabaqda, onun dalınca milisioner, milisionerin dalınca da azarkeşlər. Azarkeşlərdən kimsə milisionerə tərəf daş atdı, gedib dostumuzun düz dabanından tutdu. Biçarə yerə yıxılıb, milisionerə tərəf baxırdı ki, indicə onu həbs edəcək. Amma milisioner onun başının üstündən hoppanıb qaçmağına davam etdi. Xeyli güldük».

«100-ə YAXIN ADAM SAXLANMIŞDI»

Elbrus Abbasov : «Biz çox pis olmuşduq. Növbəti oyuna kimi üzümüz gülmədi».

Azarkeş Kamal Dadaşovsa deyir ki, həmin gün o da başqa azarkeşlər kimi «Neftçi»dən qələbə gözləyirmiş: «Ancaq biz məğlub olduq. Belə olanda çox əsəbiləşmişdik. Düzdür, onda mən futbolçulara daş atmamışdım, ancaq əsəbimdən üç gün yataqdan qalxmamışdım».

Kamal Dadaşov deyir ki, o da iğtişaşlar vaxtı azarkeşlərin həbs olunması haqqında eşitmişdi: «10-15 sutkalıq cəzadan sonra isə onları buraxdılar».

İsgəndər Həmidov: «Həmin iğtişaşda 100-ə yaxın adam saxlanmışdı, onlara qarşı 3 sutkadan 15 sutkaya qədər inzibati cəzalar tətbiq olunmuşdu. Biz kütləni beş-altı yerə parçalayıb zərərsizləşdirirdik, daha fəal olanlar saxlanılırdı».

«Ondakı azarkeşlər əsl azarkeş idilər... Onda bizdən möhkəm küsmüşdülər»
Nazim Əliyev: «Bir nəfərin həbs olunmasını gördüm. Stadiondan xeyli aralıda - indiki Azadlıq prospekti ilə gedirdi. Birdən yanında mülki maşın dayandı, içindən mülki geyimli şəxslər düşüb həmin adamı maşına basıb sürüb getdilər».

Nazim həmçinin xatırlayır: «Əvvəllər stadiona biletsiz keçə bilirdik - tualetin yanında dəmir hasarın arasından süvüşür, sonra - kiçik balkonlar var idi, o balkonlara dırmaşırdıq. Amma «Paxtakor» oyunundan sonra bizim illərlə istifadə etdiyimiz bu gizli yollara artıq milisionerlər nəzarət edirdi».

Həmin dövrdə futbol şərhçisi olmuş Çingiz İsmayılov da deyir ki, onda həm «Neftçi», həm də «Paxtakor»un Güclülər dəstəsini tərk etmək təhlükəsi olduğundan azarkeşlər çox narazı idi: «Yadıma gəlir, bu qarışıqlıqdan sonra 10-15 sutka cəza alanlar da olmuşdu».

Səməd Qurbanov xatırlayır ki, həmin oyundan sonra azarkeşlər onları harda görürdülərsə, tərs-tərs baxırdılar:

«Ondakı azarkeşlər əsl azarkeş idilər... Onda bizdən möhkəm küsmüşdülər, sonrakı oyunda «Spartak»ı udduq, barışdılar bizimlə».

Oyun haqqında qəzet xəbərində iğtişaşlardan heç bir məlumat verilmir

"Azadlıq" radiosunun əməkdaşı Elxan Nəsibov danışır ki, o zaman Moskvada tələbə idi, amma iğtişaşlar haqqında ona da xəbər çatıb. Özü də bu başıbəlalı oyuna hakimlik edən Jarkovun özündən. "Sizinkilər lap dəli imiş. Oyundan sonra qarışıqlıq olduğundan mən qərara gəldim ki, stadionu "Neftçi" ilə birlikdə tərk edim. Dedim yerli komandanın avtobusu daha təhlükəsiz olar, nəinki "Paxtakor"un. Amma yolda avtobusa elə hücumlar etdilər ki, daldalanmaq üçün məcbur olduq uzanaq avtobusun döşəməsinə"- deyə Jarkov MDU-nun futbol komandasında oynayan Elxanın azərbaycanlı olduğunu bilidyindən ona gileylənib.


Ancaq həmin dövrün mətbuatı bu iğtişaş haqqında bir kəlmə də yazmamışdı. «Neftçi»nin zəif oynamasıyla bağlı bir-iki kəlməlik xəbər çıxmışdı. Bəlkə siz həmin oyunu, oyundan sonrakı qalmaqalı xatırlayırsınız? Xatırlayırsınızsa, necə yadınızda qalıb? Bizə də yazın.

XS
SM
MD
LG