Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:37

Həbs olunanlar arasında azərbaycanlılar da var


Polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir, 20 iyun 2009
Polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir, 20 iyun 2009
«Rəsmi xəbərlərə görə 20-30 nəfər ölüb. Ancaq qeyri rəsmi qaynaqların bildirdiyinə görə deyəsən ölənlərin sayı 100-dən artıqdır. Ərdəbildə isə Tehranda olan şuluqlara tay hadisə gözlənmir».

«ƏRDƏBİLDƏ TEHRANDAKI GƏRGİNLİK HİSS OLUNMUR»

Tehranda yaşayan türk dili müəllimi Mehdi Nəimi deyir ki, bir neçə gündür ki, nisbi sakitliyin hökm sürdüyü Ərdəbil şəhərinə gəlib. İranın digər şəhərlərində baş verənləri Nəimi Tehrandakı fəalların internetə yerləşdirdiyi xəbərlərdən və telefon söhbətlərindən izləyir.

İrandan son xəbərlər
Mehdi Nəimi deyir, ölkə üzrə kütləvi həbslərlə bağlı gərginlik var. Ərdəbildə isə Tehrandakı gərginlik hiss olunmur. Deyir, paytaxtı çalxalayan etiraz dalğası İran Azərbaycanında artıq səngiyib.

İranın digər Azərbaycan şəhərlərində də təxminən buna oxşar fikirlər eşitdik. Əlaqə saxlayıb danışdığımız adamlar ölənlərin sayı barədə rəsmi məlumatların 20-30 nəfər arasında olduğunu dedilər. Bu məlumatlar İran televiziyasına və ya yerli qəzetlərə əsaslanıb verilən məlumatlardır.

Deyilənləri Təbrizdən Hidayət Zakir də təsdiqləyir. O da Mehdi Nəimi kimi Tehranda yaşanan gərginliyin Azərbaycan şəhərlərində müşahidə edilmədiyini deyir. Səbəbini isə belə izah edir:

«Bizim o etirazlarımız vaxtı, ana dili ilə bağlı imza kompaniyalarında və sair, heç biri bizə qatılmadı. Qəbul eləmədilər. Ona görə də bizim dostlarımız da o qərara gəldilər ki, o dava bizim dava deyil.
Tehran, 20 iyun 2009
İçəridə bir qüdrət savaşı, hər nə isə vardır, bu etirazlar ona görə çıxıb. Və millət də bu oyuna gəlib».

HƏBS OLUNANLAR ARASINDA AZƏRBAYCANLILAR DA VAR

Hidayət Zakir deyir başqa Azərbaycan şəhərlərindəki fəallarla bağlı məsləhətləşmələr olub. Onlar da bu mövqeni dəstəkləyirlər. Ancaq bununla belə heç kimə bu işə qatılmağa mane olunmur. Hər kəs öz münasibətində azaddır və kim istəsə etirazlara qoşula bilər. Necə ki, Tehrandakı etiraz aksiyalarına orada yaşayan azərbaycanlılar (türklər) qatılıb. Həbs olunanlar, yaralananlar arasında onlar da var».

İran Azərbaycanındakı mənbələr burada son etiraz aksiyasının iyunun 15-də Urmiyədə baş verdiyini və zorakılıqla dağıdıldığını xəbər verirlər. Verilən məlumatlara görə, aksiyalar dağıdılarkən azı 2 nəfər dünyasını dəyişib, amma bu məlumatlar nə dünya mediasında, nə də Tehranda yerləşən islahatçı təşkilatların bəyanatlarında əksini tapmayıb.

Təbrizli Çingiz Bəxtavər isə deyir, İran bölgələri seçki etirazlarından geri qalmamalıdır:

«Hamı narazıdır bu işə. Bu bir məntəqənin məsələsi deyil ki. Prezident külli məmləkətin prezidentidir».

Tehran, 20 iyun 2009
Çingiz Bəxtavər hesab edir ki, etirazların fərqli səviyyədə olmaması şəraitin fərqli olmasından – Tehranda beynəlxalq təmsilçilərin, əhali sıxlığının çox olmasından irəli gəlir. Onun fikrincə, sadəcə beynəlxalq medianın diqqəti Tehrana yönəldiyindən oradakı etirazlar da daha çox əks-səda tapır.

İrandakı fəallar dünya ictimaiyyətinin də məsələyə münasibətini açıqlamasını gözləyirlər. Bölgə ölkələri isə hələ Əhmədinejada təbrik göndərməklə münasibətini açıqlayıb. İyunun 21-də isə Azərbaycan və Türkiyə XİN başçıları İrandakı vəziyyəti növbədənkənar görüş zamanı müzakirə ediblər.

RƏSMİ BAKININ MÖVQEYİ

Yaponiyadan səfərdən qayıdarkən Elmar Məmmədyarov İstanbulda həmkarı Əhməd Davudoğlu ilə görüşüb. Görüşdən sonra Əhməd Davudoğlu jurnalistlərə bildirib ki, İran hər iki ölkə üçün önəmli bir qonşudur və burada sabitliyin olması bütün bölgə üçün əhəmiyyət daşıyır.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov da iyunun 22-də jurnalistlərə oxşar açıqlama verib:
«Qonşu ölkədə hər hansı bir böhran əlbəttə ki, Azərbaycana təsir edəcək. Bu təsirin hansı formada olacağını bilmək üçün əvvəl gərək baxaq ki, bu necə bir böhran ola bilər. Onun müvafiq təsirini istisna etmək olmaz».

Araz Əzimov ümid edir ki, qonşu ölkədə yaranmış vəziyyət siyasi yolla, demokratik qaydada, cəmiyyətin müxtəlif qrupları arasında barışın bərpa edilməsi əsasında həll olunacaq.
XS
SM
MD
LG