Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Yaşayış binalarından ofis kimi istifadəyə məhdudiyyət qoyula bilər


«Azərbaycanda da yeni tikilən binalar kateqoriyaya bölünməlidir»
«Azərbaycanda da yeni tikilən binalar kateqoriyaya bölünməlidir»
DEPUTATLARIN MÜZAKİRƏSİ KİÇİK SAHİBKARIN ƏLİNİ İŞDƏN SOYUDUB

Bakı sakini Rafael Tagıyev yaşadığı binanın birinci mərtəbəsində özünə kiçik dükan açıb. Deyir ki, ilk illər dükandan gələn gəlir ailəsini dolandırmağa ancaq bəs edirmiş. Son illərsə gəliri artıb və o başqa bir dükan da açmağı planlaşdırır. Ancaq bu günlərdə deputatların müzakirə etdiyi yeni Mənzil Məcəlləsi əlini işdən soyudub. Çünki yeni Məcəllə qəbul olunsa, yaşayış evindən ofis kimi istifadə edə bilməyəcək. Rafael deyir ki, onun hansısa biznes mərkəzinə köçüb işini davam etdirmək imkanı da yoxdur:

«Orda qiymətlər əlçatan olsa, adam kirayələyər, bizdə iş mərkəzləri çox bahadır. Bunları nəzərə almadan qanun qəbul etmək doğru deyil».

«YAŞAYIŞ BİNASININ BİRİNCİ MƏRTƏBƏSİNİN PƏNCƏRƏSİNİ AÇIB ƏT SATIRLAR»

Hazırda yeni Mənzil Məcəlləsiylə bağlı parlamentin hüquq siyasəti və dövlət quruculuğu və iqtisadi siyasət komitələrinin iclasında müzakirələr gedir. Layihəyə görə, binaların yaşayış başlayan mərtəbəsinə qədər ofis kimi istifadə oluna bilər. Əgər hər hansı bir 15 mərtəbəli binanın 7-ci mərtəbəsinə qədər ofis olması nəzərdə tutulubsa, artıq 8-ci mərtəbədən ofis kimi istifadə etmək yolverilməz sayılacaq. Bu qayda Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra tətbiq ediləcək.

Bəzi millət vəkilləri bildirir ki, hazırda yaşayış binalarının aşağı mərtəbələrindən standartlara uyğun olmayan şəkildə bar, çörəkbişirmə sexləri, dükan kimi istifadə olunur. Deputat Nizami İsgəndərov deyib ki, dünya ölkələrində binalar tikilən zaman onlar ya kommersiya, ya da yaşayış üçün tikilir. Azərbaycanda isə yaşayış binasının birinci mərtəbəsinin pəncərəsini açıb ət satırlar. Onun fikrincə, Azərbaycanda da yeni tikilən binalar kateqoriyaya bölünməlidir.

«QADAĞALAR FƏALİYYƏT SAHƏSİNƏ GÖRƏ QOYULMALIDIR»

Deputat Fazil Qəzənfəroğlu isə deyir ki, qadağalar adamlar üçün problemlər yaradacaq:

«Dövlət əvvəlcədən strateji planlaşdırmanı elə aparmalıdır ki, vətəndaş sonradan əziyyətə düşməsin. Bizdəsə təəssüf ki, vətəndaşa hardasa ev tikməyə, ya da evini kirayə verməyə icazə verilir, sonradan qanunda dəyişiklik yarananda həmin vətəndaşın həyatı alt-üst olur. Bu baxımdan narahatlıq var».

Bəzi millət vəkilləri hesab edirlər ki, yaşayış binalarından ofis kimi istifadənin qadağan olunması bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Deputat Rövşən Rzayev isə deyir ki, qadağalar fəaliyyət sahəsinə görə qoyulmalıdır:

«Baxır nəylə məşğul olurlar. Əgər beşmərtəbəli binanın altında çörək sexləri fəaliyyət göstərirsə, bunun əleyhinəyəm. Kimsə şəxsi yaradıcılıqla məşğuldursa, belə hallara məhdudiyyət qoyulmamalıdır. Bunlar normativ aktlarla tənzimlənməlidir».

«BU İŞDƏ TƏLƏSKƏNLİK OLMAMALIDIR»

Ekspertlərsə deyirlər ki, bu işlər tələm-tələsik görülməməlidir. İqtisadi və Biznes Tədqiqatları Mərkəzinin rəhbəri Fuad Rəsulov deyir ki, bu iş mərhələ-mərhələ həyata keçirilməlidir:

«İndi təzə tikilən binalarda xüsusi olaraq bizneslə məşğul olmaq üçün mərtəbələr ayrılır. Köhnə evlərdə isə birinci mərtəbələri yeniləşdirirlər, bu binanın fundamentinə də təhlükə yaradır. Bu məsələdə «hə» və yaxud «yox» demək çətindir. Fikrimcə, şəhərin mərkəzindəki ticarət yerləri qalmalıdır, çünki dar olan mərkəzdə ayrı ticarət obyektləri tikmək çətindir. Ancaq ticarətlə məşğul olmaq üçün kənarda yerlər salınmalıdır. Ancaq bu iş tələsik olmamalıdır».

Milli Məclisin plenar iclasında Mənzil Məcəlləsinin üçüncü oxunuşda müzakirəyə çıxarılması qərara alınıb.
XS
SM
MD
LG