Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:54

«Qazın qiymətini qaldırmaqla hökumət bizi lap ələ saldı…»


İyul ayının 1-dən qazın qiyməti 2 dəfə artıb
İyul ayının 1-dən qazın qiyməti 2 dəfə artıb
«50 manat pensiyayla işıq pulu verim, qaz pulu verim, yoxsa çörək alıb yeyim?» Təqaüdçü Rəxşəndə Məmmədova deyir ki, onsuz da hər ay qohum-qonşuya, ərzaq aldığı mağazaya borclu qalır. Qazın pulu iki dəfə artandan sonrasa düşdüyü borcun da məbləği artacaq:

«Bunu vermək də var axı, hökumət deyəsən bizi əməlli-başlı ələ salır...»

Rəxşəndə Məmmədova deyir ki, kommunal xərclərinin yarıdan çoxunu borcla ödəyirmiş, bundan sonra isə ödəmək fikri yoxdur.

ƏLAVƏ 5 MANAT

Tarif Şurasının katibi Elşən Əsədovsa deyir ki, qazın qiymətinin qaldırılması əhalinin aztəminatlı təbəqələrinə təsir etməyəcək. O deyir ki, dövlətdən ünvanlı sosial yardımı alan əhalinin aztəminatlı təbəqələrinin «ehtiyac kriteriyası» həddinə 5 manat əlavə edilib:

«İstehlak səbətinin tərkibində bir əhali abunəçisi üçün qazın həcmi 21 kubmetr nəzərdə tutulub. Yen tarif dəyişikliyindən sonra həmin həcmin dəyərinin məbləği 1,1 manat artır. Yoxsul təbəqəyə sosial yardımın verilməsi zamanı isə 2009-cu il iyul ayının 1-dən əlavə 5 manat artırılıb. Əvvəllər 55 manat idi, indi 60 manat olub. Hesab edirik ki, həmin 5 manatın hesabına bir istehlakçı 1,1 manatı ödəməkdə çətinlik çəkməyəcək».

Ancaq minimum istehlak səbətinə əsasən, adambaşına ayda 21 kubmetr qaz düşür. Əvvəlki tariflə bu həcm istehlakçıya 1 manata başa gəlirdisə, indi yeni qiymətlə 2 manata başa gələcək.

ÇOX KASIB YAŞAYIRIQ

Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 179 504 ailə (817 min 355 nəfər) ünvanlı sosial yardım alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir ailə üçün ünvanlı sosial yardımın orta aylıq həcmi 98,19 manat, bir ailə üzvünə orta aylıq ünvanlı yardım 21,56 manat təşkil edir.

Ancaq bütün yoxsul ailələr ünvanlı sosial yardım ala bilmir. Hüsniyyə Mahmudova deyir ki, qazın qiyməti qalxandan sonra ünvanlı yardım üçün müraciət etsə də yardımı almaqda çətinlik çəkir:

«Çox kasıb yaşayırıq. Müraciət edirəm, deyir ki, sizə düşmür. Dedikləri arayışları toplamaq da çox çətindir, buna görə də pul istəyirlər».

İqtisadçı Samir Əliyev deyir ki, istənilən qiymət arımı, istər ərzaq olsun, istərsə də kommunal xərclərin artımı əhalinin yaşayış səviyyəsinə birbaşa mənfi təsir göstərir:

«Əvvəlcə qiymətləndirmə aparmaq lazım idi. Öyrənmək lazım idi ki, əhalinin istehlak xərclərinə çəkdiyi vəsaitin hansı hissəsi ərzağa sərf olunur, hansı hissəsi kommunal xərclər, hansı hissəsi digər xərclərə. Qazın qiymətinin artması aztəminatlı ailələrə kifayət qədər təsir göstərəcək. Bunu 5 manatla dəyərləndirmək çox azdır. Həm də nəzərə almaq lazımdır ki, aztəminatlı ailələr işıq baha olduğundan qazdan daha çox istifadə edir. Xüsusilə bu qış aylarında özünü daha çox göstərəcək».

İqtisadçılar bildirir ki, Azərbaycanda istehlak zənbili düzgün qiymətləndirilmir. Həm minimal əmək haqqı, həm də pensiya istehlak səbətinin həcminə uyğunlaşdırılmır. Ona görə də hər bir artım, əhalinin yaşayışına birbaşa mənfi təsir göstərir.
XS
SM
MD
LG