Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:53

A.Mollazadə Qarabağdan ümidlə qayıdıb


Asim Mollazadə
Azərbaycanla Ermənistan nümayəndə heyətləri iyulun 3-də Xankəndi, Şuşa, Yerevan və Bakıda səfərdə olublar.

Dağlıq Qarabağ və Ermənistanda keçirilən görüşlərin təəssüratlarını «Azadlıq» radiosuna deputat Asim Mollazadə bölüşür.

- Dağlıq Qarabağ və Ermənistana səfəri necə qiymətləndirirsiniz? Ermənilərin münaqişənin həllinə dair fikirləri nədir?

- Səfərdən müəyyən ümidlə dönmüşəm. Sülh danışıqlarında bir nəticə əldə ediləcəyinə şanslar var. Təbii ki, bizim missiya qarşısında belə hədəf qoymayıb ki, dövlət səviyyəsində gedən danışıqları, yaxud ATƏT-in Minsk Qrupunun işini hansısa formada əvəzləyək. Belə bir format müəyyənləşdirmişik ki, bu proseslərə dəstək verə bilsin. Azərbaycanla Ermənistanın Rusiyadakı səfirləri və Rusiya prezidentinin xüsusi səfiri Mixail Şvıdkoy çalışırlar ki, humanitar-mədəniyyət məsələlərini önə çəkib münaqişənin həllinə dəstək ab-havası yaratsınlar. Cəmiyyətin, mətbuatın, parlamentin sülh mühiti yaratmaq və iki xalqın düşmən obrazını aradan qaldırmaq üçün böyük potensialı var. Bunu həm Ermənistan rəhbərləri, həm də Ermənistan nümayəndələri ilə söhbətdə hiss etdik.

- Belə bir fikir var ki, separatçı rejimin rəhbəri Bako Saakyanla müqayisədə Ermənistan prezidenti ilə görüş gözləniləndən daha mülayim keçib.

- Bu prosesə hansısa mənfi çalar gətirmək istəmərəm. Ümidvarıq ki, iki xalqı birləşdirən nöqtələr tapılandan sonra mənfi ab-havanı gətirən qüvvələrin imkanı azalacaq.

- Belə bir səfərin olacağı barədə məlumat niyə əvvəlcədən açıqlanmayıb?

- Bu texniki prosesə maneçilik törədə bilərdi.

- Bu cür səfərlərin davamı olacaqmı?

- Sülh yaratmaq üçün bir şans yaranıb, bu şansı buraxmamalıyıq. İndi fikirləşirik ki, təkliflər planı da hazırlayaq. Bu təkliflər qəbul olunandan sonra çoxşaxəli işlərin görülməsi nəzərdə tutulur. Ümumiyyətlə, dairəni genişləndirərək daha geniş tərkibdə işləməyi planlaşdırırıq.

- Azərbaycanın işğal altında olan torpaqlarında oldunuz. Oraları necə gördünüz?

- Biz Xankəndində, Şuşada olduq. Biz Şuşada məscidi ziyarət etdik, Bülbülün evində olduq. Sonra Cıdır düzündən vertolyotla Yerevana getdik. Müharibə və hərbi rejim şəraitində olan bölgə barəsində ciddi inkişafdan danışmaq olmaz.

- Ermənistana səfər edəcək nümayəndə heyətinin tərkibini kim təsdiqləyib?

- Burada 3 səfirin əməyi olub. Əsas təşkilati məsələlər onlar tərəfindən hazırlanmışdı.

- Ermənistanın nümayəndə heyəti də Bakıda olub. Onlar Bakıdan hansı təəssüratlarla ayrılıblar?


- Ümidvaram ki, yaxşı. Onlar Bakını görüblər, biz onlara tanış olmaq şəraiti yaratdıq, erməni kilsəsində oldular. Mənə elə gəlir ki, bu amil də müsbət prosesə öz təsirini göstərəcək.
XS
SM
MD
LG