Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:30

İşğal altındakı torpaqların bərpası nə qədər pul tələb edir?


Ağdam işğaldan sonra, yay 2001
Bir müddət əvvəl Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov demişdi ki, azərbaycanlı məcburi köçkünlərinin yerlərinə qaytarılması üçün Bərpa və Repatriasiya («Böyük Qayıdış») Proqramı təxminən 62 mlrd. dollar tələb edir. Onu da əlavə eləmişdi ki, Azərbaycan hökumətinin beynəlxalq maliyyə strukturları, BMT agentlikləri, beynəlxalq və yerli humanitar təşkilatlarla birgə hazırladığı proqramın həyata keçirilməsi üzrə məbləğ hələ dəqiqləşdirilir.

MƏBLƏĞ HAQDA NƏSƏ DEMƏK MÜMKÜN DEYİL

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov deyir ki, hazırda komitədə Qayıdış proqramı hazırlansa da, işğal altında olan rayonların qaytarılandan sonra bərpası üçün lazım olan məbləğ haqda nəsə demək mümkün deyil. Çünki belə qiymətləndirilmə aparılmır:

«Münaqişə nəticəsində Azərbaycana dəyən ümumi ziyan o vaxtkı qiymətlərlə – 60-70 milyard dollar həcmində müəyyənləşmişdi. İndiki şəraitdə isə qiymətləndirilmə aparılmır. Bununla bağlı konkret bir şey yoxdur. Qayıdış proqramı hazırlanır, ancaq o qiymətlər hələ konkret deyil. Buna torpaqlar işğaldan azad olunandan sonra start veriləcək. Həmin vaxt konkret nəsə demək mümkün olacaq. Beynəlxalq təşkilatlar, Dünya Bankı ilə bir yerdə ilkin variant kimi nələrsə hazırlanır. Ancaq torpaqlar işğaldan azad olunmayana qədər bu məsələdən danışmaq çətindir».

Ərazilərin Bərpası və Yenidən qurulması üzrə Agentliyin direktoru Əli Məmmədov da deyir ki, onlarda da konkret rəqəm və plan yoxdur. O deyir ki, rəhbərlik etdiyi agentlik yalnız işğaldan azad olunan torpaqlarda işləyir:

«Biz işğaldan azad olunmuş ərazilərlə bağlı proqramları sona çatdırmışıq. Gələcəyi də hələ gözləyirik. İndi nə vaxt ərazilər işğaldan azad olunsa, biz yenə işləyəcəyik. Gərək işğaldakı ərazilər azad olunsun ki, bərpa işləri aparılsın. Biz orada monitorinq aparmalıyıq, ərazini yoxlamalıyıq görək nə dağılıb, nə qalıb. Biz icraçı təşkilatıq».

ELAN OLUNAN RƏQƏMLƏR ŞƏRTİ XARAKTER DAŞIYIR

İqtisadçılarsa deyirlər ki, bu hesablamaları aparmaq üçün Azərbaycan məlumatlı beynəlxalq ekspertlərlə işləməlidir. İqtisadi İnnovasiya Mərkəzinin direktoru Məhəmməd Talıblı bildirir ki, ilk növbədə həmin ərazilərdəki infrastruktur onların əvvəlki və indiki vəziyyəti öyrənilməlidir:

«Bu hesablamalarda nəzərə alınmalıdır ki, həmin işğal altında olan rayonlardakı əvvəlki sənaye-istehsal infrastrukturu hansı vəziyyətdədir. Bundan sonra onların normal vəziyyətə gətirilməsi üçün hansı məbləğin lazım olduğu hesablanmalıdır. Həmin bölgələrdəki istehsalatın inkişafı, investisiya yatırımlarının vəziyyəti, iqtisadiyyatda artım, hansı bazarlara çıxışın olması öyrənilməlidir. Bu gün elan olunan rəqəmlər şərti xarakter daşıya və heç bir reallığı əks etdirməyə bilər».

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə deyir ki, orada yaşayacaq insanların sosial-iqtisadi tərəqqiyə çıxış imkanlarını yaratmaq üçün yaşayış şəraiti və minimal infrastruktur baza formalaşdırılmalıdır. Bu da xeyli vəsait tələb edəcək:

«Bu vəsaitin özəl mənbələr əsasında təmin edilməsi mümkün deyil. Bu vəsait dövlətin qoyuluşları və humanitar yardımlar hesabına aparılmalıdır. Hesab etmirəm ki, 70 milyard dollar lazım olacaq. Müşahidələr və müqayisələr onu deməyə əsas verir ki, mövcud infrastrukturun bərpası, insanların məskunlaşması ilə bağlı xərclər 20 milyard dollar ətrafında ola bilər. Orta hesabla götürəndə hər rayon üçün təxminən 3-4 milyard vəsait insanların minimal yaşayışını təmin edə bilər».

İqtisadçılar onu da deyirlər ki, prosesin özü humanitar yardımlar əsasında həyata keçirilə bilər ki, bu da dövlətin xərclərini azaldar.
XS
SM
MD
LG