Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:44

Dolları olanların nəzərinə


Amerikanın büdcə kəsiri 1 trilyon dolları keçdi
Amerikanın büdcə kəsiri 1 trilyon dolları keçdi
Amerikanın büdcə kəsiri 1 trilyon dolları keçdi. Bu nə deməkdir?
Bu o deməkdir ki, Amerika büdcə ili başlanandan - keçən oktyabrdan, yəni 9 aya, qazandığından 1 trilyon dollar artıq xərcləyib.

Ağla gələn ilk sual odur ki, Amerika qazandığından artıq xərclədiyi pulları hardan alır? – Əsasən Çindən və Yaxın Şərqin neft ölkələrindən.

1 trilyon kəsir çoxdur, ancaq nə dərəcədə çoxdur?
Bu o deməkdir ki, Amerika heç nə yemədən, heç bir xidmətdən istifadə eləmədən 1 ay yarım mal və xidmət istehsal eləməlidir ki, bu borcu ödəsin.

Bir çox iqtisadçı Amerikanın yeni büdcə kəsirini «ağlasığmaz» adlandırır. Ağ Evin sözçüsü Robert Gibbs isə panikaya əsas görmür: «Bu, bizim ilin əvvəlində elan etdiyimiz ehtimallara uyğundur».

Belə kəsir nədən yaranıb? Amerika son bir ildə böhranla mübarizəyə bir dəfə maliyyə sektoruna 700 milyard dollar ayırdı, sonra da iqtisadiyyata 787 milyard dollar.
Üstəgəl İraq, Əfqanıstan müharibələrinin xərcləri.

LAURA BUŞ MALİYYƏ SAVADSIZLIĞI KURSU AÇSAYDI...

«Guardian» qəzeti yazır: Corc Buşun vaxtında onun xanımı Laura Buş xüsusi proqram təsis etmişdi ki, Amerikada savadsızlığı azaltsın. Qəzet təklif eləyir ki, siyasətçilər arasında maliyyə savadsızlığını aradan qaldırmağa fikir versəydilər, daha yaxşı olardı.

Qəzetin fikrincə, iqtisadiyyatın yeni stimullaşdırma proqramına ehtiyacı var. Bu ehtiyac da 2 trilyon dollardır.

«Wall Street Journal» isə yazır ki, indiki büdcə kəsirinin belə böyüklüyü Barak Obamanın işini çətinləşdirir. O 2 trilyon istəsə, Konqres verməyə də bilər.
Nümayəndələr palatasında respublikaçıların lideri Con Bohner yazılı bəyanat verib ki, «demokratların bir ucdan borc alıb-xərcləməsinə imkan vermək olmaz. İndiki amerikalılar öz uşaqlarını və nəvələrini öz ata-babalarının borclarını qaytarmağa məhkum edə bilməz».

Amerikanın büdcə kəsirində bir optimist məqam da var. Amerikada büdcə kəsiri 1945-ci ildə bundan da dəhşətli olub, ancaq Amerika o vəziyyətdən çıxdı.

Pessimist məqam isə odur ki, hökumətin ehtimalına görə, ilin sonuna büdcə kəsiri artaraq 1 trilyon 800 milyard dollara çatacaq.

DOLLARIN AXIRI NƏ OLACAQ?

İndi isə keçək əsas məsələyə - dolların məzənnəsinə.
Azərbaycanda, bütün dünyada olduğu kimi, əsas yığım valyutası dollardır, dolları olanlar üçün Amerikanın nəhəng büdcə kəsiri pis xəbərdir. Dollar dəyərdən düşməlidir.

Nəhəng büdcə kəsiri Amerikanın borclarını alanları - yəni hökumət istiqrazlarını alanları çox əsəbi eləyir. Amerikanın istiqrazlarının ən böyük alıcısı Çindir.

Çin valyuta ehtiyatının da 1 trilyonunu dollarda saxlayır. Amerika borclarının digər böyük alıcıları Yaxın Şərqin neft ölkələridir.

İndi Amerikanın iki yolu var - ya borc verənləri əmin eləmək ki, onların investisiyalarına heç nə olmaycaq, ya da söz vermək ki, büdcə kəsiri azaldılacaq.

Amerikanın maliyyə naziri Timothy Geithner ikinci yolu tutub. O bu gün Səudiyyə Ərəbistanında deyib ki, büdcə kəsiri nəzarətdə saxlanacaq, bu siyasət də dolların qiymətini saxlayacaq.
XS
SM
MD
LG