Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:48

Polisdən özünü necə «qorumalı»?..


Azər Əhmədov
Azər Əhmədov
Vüsal Həsənov, Sevgiladə Quliyeva, Sergey Strekalin, Vüsal Məmmədov və Babək Hüseynov...

Adıçəkilən şəxslərin ifadələrinə əsasən indi bir baş redaktor və iki gənc fəal həbsdədir. «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid siyahıdakı ilk iki nəfərin ifadəsi əsasında həbs edilib. Rəsmi iddiaya görə, baş redaktor «Azərbaycan» nəşriyyatının qarşısından keçən Sevgiladə Quliyevaya söz atıb, Vüsal Həsənov da onu müdafiə edib. Nəticədə xuliqanlıq etməkdə ittiham olunan Qənimət Zahid 4 il azadlıqdan məhrum edilib.

Sergey Strekalin «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlili bıçaqlamaqda ittiham olunurdu. Bu işi qondarma adlandıran, yazılarına görə, təqib olunduğunu deyən A.Xəlil hazırda Fransada mühacir həyatı yaşayır.

Vüsal Məmmədov və Babək Hüseynovun adları isə mediada ötən həftədən hallanmağa başlayıb.

«VÜSAL MƏMMƏDOV XƏSTƏXANADA MÜALİCƏ OLUNUR»

İyulun 8-də Bakıdakı «Livan» restoranında gənc fəallar Emin Milli və Adnan Hacızadə siyasi söhbət edərkən idmançı olduğu deyilən Vüsal Məmmədov və Babək Hüseynovla münaqişələri yaranıb. Restorana polis çağırılıb. Amma sonda gənc fəallar iki aylığa həbs ediliblər, istintaq Emin və Adnanı deyil, həmin iki nəfəri zərərçəkmiş qismində tanıyıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov «Azadlıq» radiosuna deyir ki, iki nəfəri döyməkdə günahlandırılanlar əslində özləri hücuma məruz qalıblar və onlardan biri - Vüsal Məmmədov kəllə-beyin zədəsi aldığına görə hazırda xəstəxanada müalicə olunur:

«Vüsal Məmmədov hadisə zamanı Adnan Hacızadə və digərləri tərəfindən fiziki təzyiqlərə və hücuma məruz qalmaqla bədən xəsarətləri alıb. O, istintaq zamanı zərərçəkmiş qismində tanınıb və hazırda kəllə-beyin silkələnməsi diaqnozu ilə xəstəxanada müalicəsini davam etdirir».

Ancaq onun hansı xəstəxanada müalicə olunduğu gizli saxlanılır.

BABƏKİN HARDA OLDUĞU MƏLUM DEYİL

Babək Hüseynovun harda olmasına gəlincə, E.Sultanov deyir ki, bu barədə hər hansı məlumata malik deyillər. Amma Babək Hüseynov da istintaq tərəfindən zərərçəkən kimi tanınıb və ifadəsi alınıb.

Yerli mətbuat iddia edir ki, həmin şəxslər sifariş yerinə yetiriblər və elə bu səbəbdən də gizlədilirlər. Eldar Sultanov isə bu deyilənləri təkzib edir:

«Həmin iki nəfər Səbail rayonundakı restoranda istirahət edən təsadüfi adamlardır. Onlara qarşı stolda oturanlar tərəfindən xuliqanlıq edilib və belə cinayət hadisəsi baş verib. Onların kimsə tərəfindən öyrədilməsi məsələsi qəti təkzib olunur».

Eldar Sultanov deyir ki, cinayəti törətmiş digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və istintaqa cəlb edilməsilə bağlı əməliyyat tədbirləri davam etdirilir.

ŞTATLI ŞAHİDLƏR, SİFARİŞLİ HƏBSLƏR

«Azadlıq» qəzetinin direktoru Azər Əhmədovsa baş verən bu hadisələrin daha çox sifarişə oxşadığını deyir. O, Qənimət Zahidin həbsi zamanı bir daha əmin olub ki, ştatlı şahidlər var və sifarişli həbslər zamanı onların xidmətindən geniş istifadə olunur. Vaxtilə Qənimət Zahidin məhkəməsində şahid qismində çıxış edən şəxs Sumqayıtda Xəzər dənizi sahilində baş verən ölüm hadisəsilə bağlı da şahidlik edib:

«O, həmin adamın dənizdə çimərkən boğulduğunu sübut etməyə çalışıb. Halbuki, həmin adam kostyumda olub. Deməli, bu adam ştatlı şahidlərdəndir».

YALAN ŞAHİDLİKDƏN İMTİNA ƏNƏNƏSİ

2001-ci ildə öz maşını ilə Bakıya gələn Gürcüstan vətəndaşı Soin Seydiyev isə iddia edir ki, qaydaları pozmaya-pozmaya ona şər atılıb. O, bu barədə məhkəməyə müraciət edəcəyini deyəndə, yol polislərindən biri yanındakı həmkarının poqonlarını qopararaq bu qanunsuzluğun onun tərəfindən edildiyini bildirib. Daha sonra hadisəni gördüklərini deyən iki şahid də tapılıb:

«Yol polisinin biri yoldaşının poqonunu qopardı və dedi ki, bunu sən eləmisən. Bu məsələdə şahid qismində ifadə verənlərdən biri - taksi sürücüsü Zakir Axundov sonradan məhkəməyə yazılı müraciət edərək polislərin təzyiqi altında yalandan şahidlik etdiyini etiraf etdi».
XS
SM
MD
LG