Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:31

«Freedom House»: «Azərbaycan «azad olmayan» ölkədir


«Freedom House» beynəlxalq hüquq-müdafiə təşkilatı dünyanın 193 ölkəsində azadlığın vəziyyəti haqqında «Dünyada azadlıq» adlı illik hesabatını açıqlayıb.

Keçən il də olduğu kimi, Azərbaycan «azad olmayan» ölkə kimi qəbul edilib və siyahıda 154-cü yeri tutub. Ölkədə siyasi hüquqlar 6 balla («ən azad» ölkələr 1 bal alıb) və vətəndaş hüquqları 5 balla qiymətləndirilib.

Azərbaycanın qonşuları - Gürcüstan və Ermənistan «qismən azad» ölkə kimi qəbul edilib və müvafiq olaraq 118 və 141-ci yerləri tutublar.

Qazaxıstan, Rusiya, Tacikistan, Belarus və Özbəkistanda isə vəziyyət Azərbaycandakından daha pisdir.

Ən çox «azad olmayan» ölkə kimi Özbəkistan qəbul edilib.

Hesabatda həmçinin 16 mübahisəli ərazinin reytinqi təqdim olunub və onlar arasında Dağlıq Qarabağ «qismən azad ərazi» adlandırılıb.

Hesabatda deyilir ki, «ötən illə müqayisədə Azərbaycanda hakimiyyətin İlham Əliyev və hakim Yeni Azərbaycan Partiyasının əlində daha da inhisarlaşması ilə əlaqədar vəziyyət pisləşib. Bu, keçən il prezident seçkisində və eyni şəxsin iki dəfədən artıq ardıcıl prezident seçilməsi məhdudiyyətinin ləğv edildiyi referendum zamanı açıq-aşkar özünü büruzə verib. Hakimiyyət demokratik institutları təcrid etməkdə və mətbuat azadlığını boğmaqda davam edib. İqtisadiyyat sahəsində mühüm islahatların həyata keçirilməsi təxirə salınıb.

Prezident seçkisi zamanı real müxalifətin iştirakı olmadan İlham Əliyev rəsmi məlumatlara əsasən, seçicilərin 89% səsini toplayıb, baxmayaraq ki, bu məlumatlar müxalifət və müşahidəçilərdə ciddi şübhə doğurur. Beynəlxalq müşahidəçilər bu seçkiləri «plüralist demokratiya prinsiplərini əks etdirməyən» seçkilər adlandırıblar.

Ölkədə korrupsiya «tüğyan edir» və neft gəlirlərinin artması ilə korrupsiya da artmaqda davam edir.

Tənqidi institutların zəifliyini nəzərə alaraq, rəsmilər korrupsiyaya görə məsuliyyətə cəlb edilmir. «İnformasiya azadlığı haqqında» qanun 2005-ci ildə qəbul edilib, lakin hakimiyyət qanunu az tətbiq edir. Konstitusiya söz və mətbuat azadlığına zəmanət versə də, reallıqda hakimiyyət mətbuat azadlığını kəskin şəkildə məhdudlaşdırır. Telekanallar nəzarət altındadır və yalnız rəsmi mövqeyi işıqlandırır.

Mətbuatda plüralizm qismən saxlanmaqdadır, amma onların tirajı və yayım zonası kiçikdir, reklama isə hakimiyyət tərəfindən nəzarət olunur.

Jurnalistlər müntəzəm olaraq hədə və təzyiqlərə məruz qalırlar. 2008-ci ildə beş jurnalist müxtəlif ittihamlarla həbsdə idi. Hakimiyyət İnternetdə müxalif fikirlər dərc edən bir sıra saytları bağlayıb.

İlin sonunda hakimiyyət üç qərb radiostansiyasının yerli tezliklərdə yayımını qadağan edib.

Dini və digər azlıqların nümayəndələrinin hüquqlarının məhdudlaşdırılması halları mövcuddur. Ali məktəblərdə müxalif ruhlu tələbələrin hüquqları məhdudlaşdırılır, bəzi müəllimlər və professorlar isə müxalifət partiyalarına üzv olduqlarına görə işdən azad edilib.

Hakimiyyət sərbəst toplaşmaq azadlığını (xüsusən müxalifət partiyalarının) məhdudlaşdırır. QHT-lərin qeydiyyatı ilə bağlı problemlər qalmaqdadır.

Hüquq sistemi korrupsiyaya uğrayıb və qeyri-effektivdir. Əsassız inzibati həbs (xüsusən müxalifət üzvləri üçün) adi haldır. Saxlanılanlara qarşı işgəncə faktları var, onların saxlanma şəraiti isə çox pisdir.

Milli azlıqların bir çox üzvləri, xüsusən etnik ermənilər təhsil, iş və mənzil hüququ məsələlərində ayrı-seçkilikdən şikayət edirlər.

İqtisadiyyatın böyük hissəsinə korrupsiyaya uğramış elita nəzarət edir və digərlərinin imkanlarını kəskin şəkildə məhdudlaşdırır». /«Turan»/
XS
SM
MD
LG