Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:24

Bloqqerlər nədən yazır?


Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Azərbaycanda az adamı maraqlandırır. Taftalogiya olsa da, belə yazmaqda məqsədim kiminsə vətənpərvərliyini şübhə altına almaq, torpaqların geri qaytarılması, ya da qaçqın və məcburi köçkünlərin taleyinə biganə yanaşmaqda suçlamaq deyil. Sadəcə belə bir qənaətə gəlməmdə səbəb – iyulun 17-18-də Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə bloq istifadəçilərinin daha az diqqət ayırmasıdır.

Qarabağla bağlı bloqqerlərin yazdıqları

İlqar Məmmədov öz bloqunda (http://ilgarmammadov.livejournal.com/284732.html#cutid1)
prezidentlərin görüşündən praktiki heç nə gözləmədiyini deyir. Bloqunda «Azadlıq» qəzetinə verdiyi müsahibəni yerləşdirən qeyd olunur ki, «Praktiki nəticə, yəni ordunun əks istiqamətdə hərəkətinə başlamasını gözləmirəm. Ola bilər yenə hansısa sənədlər imzalansın, tərəflər daha bir addım atdıqlarını desin. Amma praktiki nəticəsi olmayacaq. Çünki Rusiya-Qərb birgə həmsədrliyi yaxın zamanlarda danışıqlar prosesində hər hansı bir uğura səbəb olmayacaq».

Bloqqer həmsədrlərin bu yaxınlarda müharibə etməmək öhdəliyi ilə bağlı sənədin hazırlanması fikrinə də münasibətini bildirib. «Elə bir şey doğrudan da varsa, elə bir öhdəlik olacaqsa, bu Azərbaycanın kapitulyasiyası deməkdir. Təbii ki, gərək Azərbaycan sülh yolu ilə bu münaqişənin həllinə çalışsın. Ancaq bizim heç bir halda gücdən istifadə etməyəcəyimizlə bağlı sənədin hazırlanması o deməkdir ki, Azərbaycan təslim olur. Ona görə mən onun imzalanmasına inanmıram. Nə olsun ki, hansısa sənəd hazırlanır».

***
Bloqqerlərin maraqla izlədiyi digər məsələlər hansılardır?

Adnan Hacızadə və Emin Millinin həbsi məsələsi “bloqosferdə” yaxından izlənilir
Adnan Hacızadə və Emin Millinin dəstəklənməsi məqsədilə yaradılan adnanemin.com bloqunda gənclərin həbsi ilə bağlı bir sıra beynəlxalq təşkilatların rəyi, şərhi yer alıb. Məsələn, bloqa yerləşdirilən son məlumatda «Article 19» təşkilatı Azərbaycan hökumətini siyasi motivlərlə həbs olunmuş gəncləri təcili azad edilməsinə çağırır. Təşkilat hesab edir ki, Azərbaycan hökuməti bu yolla müstəqil və müxalifət jurnalistləri susdurmağa çalışır və ona görə də narahatlığını bildirir.
«Article 19» bildirir ki, Azərbaycan hökuməti ilk dəfə deyil ki, jurnalistləri qorxutmaq üçün «xuliqanlıq» kimi cinayət ittihamından istifadə edir. «2007-ci ilin noyabr ayında «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid həbs olunub və 4 il müddətinə azadlıqdan məhrum edilib. Eyni ittiham «Yeni Müsavat» qəzetinin köşə yazarı Mahal İsmayıloğluya qarşı istifadə olunub, 2 il şərti cəza alıb».
***
Gənclərin həbsi http://ol-az.blogspot.com bloqunda da geniş müzakirə olunur
Britaniya millət vəkilləri Azərbaycana petisiya imzalayır
http://ol-az.blogspot.com bloqunda yazılıb ki, «Britaniya Parlamentinin bir qrup üzvü Azərbaycan hökumətinə ünvanlanmış petisiya imzalayıb. Petisiyanın mətni Britaniyadakı Azərbaycan icmasının gənc fəalları tərəfindən hazırlanıb. Petisiyada deyilir ki, biz Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin sürətlə pisləşməsindən dərin narahatlıq hissi keçiririk. Biz bu il iyul ayının 10-da Azərbaycanlı gənclərin üzərinə basqını və onların həbs edilməsini qətiyyətlə pisləyirik. Biz onların dərhal azadlığa buraxılmasını, müstəqil mətbuat və müxalifət fəallarının təqib edilməsinin dayandırılmasını, habelə Əliyev hökuməti tərəfindən bu ilin əvvəllərində bağlanmış BBC yayımlarının yerli tezliklərdə bərpasını tələb edirik».
***
İlqar Məmmədov isə hesab edir ki, (http://ilgarmammadov.livejournal.com/) önəmli məsələ Adnanla Eminin azadlığa çıxması deyil, həm də onların necə çıxmasıdır.
«Hörmətli cənab prezident» sözlərini dilə gətirsələr, ay nə bilim «siyasi məqsədimiz yox idi» desələr, heç... Çünki totalitarizmə yaxınlaşan Azərbaycanda artıq hər şey siyasətdir, cənab prezidentin isə demokrat kimi bir qram da hörməti yoxdur.

Eynulla Fətullayev «qələt elədim» demədiyinə görə, sınmadığına görə şəxsən mənim gözümdə yalnız böyüyür və bundan sonra lap Nelson Mandelaya da dönər. Adnan və Emindən də əminəm, amma onlar çox gəncdirlər deyə, kənar təsirə məruz qalıb çaşa bilərlər. Əgər birdən belə «qələt» məsələsi olsa, uşaqların həbsi ondan daha az kədərli hala çevriləcək.

Hələ indiyə qədər Elmar Hüseynovun atasının Elmarın öldrülməsindən bir neçə gün sonra İlham Əliyevin üzündən öpməsini unutmamışam... Bəlkə də o şok canımdan heç vaxt çıxmayacaq».
***

http://mamedovali.livejournal.com/9144.html Əli Məmmədov isə öz bloqunda həbslə bağlı bir sıra suallara cavab axtarıb – «Bloqqerlər jurnalistdirmi? Məsələn yazar hesab edir ki, İran bloqqerləri jurnalistdir, çünki məlumatın yayılmasının bütün «ənənəvi» yolları hökumətin nəzarəti altındadır. Azərbaycanda da vəziyyət eynidir. Senzura uğurla özünü senzura ilə əvəzlənib və elektron KİV çoxdan qalpaq altındadır.

***
Gənclərin həbsi ilə yanaşı bloqçular Bakı və onun havası haqda da yazmağı unutmurlar.
Əli Novruzov http://blog.novruzov.az/ bloqunda «Küləklər şəhərində yaşamağın üstünlüyü» adlı yazısında qeyd edir ki, Azərbaycanın demokratiya yolunda əsas problemi neft və qaz ehtiyatlarından gələn gəlirdir. Dolayısı ilə bu gəlir Azərbaycan elitasını xalqdan və xarici təsirdən daha az asılı edir və nəticədə hökumət demokratik islahatları həyata keçirməkdə daha az maraqlı olur.
«Bu səbəbdən bəzi adamlar deyir ki, gəlin neftin qurtaracağı günü gözləyək və onda demokratikləşmə prosesi işə düşəcək! İndi bu cür insanlar öz baxışlarını dəyişib – onlar deyir ki, biz təbii qaz ehtiyatlarının boşalmasını gözləməliyik və ondan sonra demokratikləşmə gələcək».

Bloqçu yazır ki, Azərbaycan və Mərkəzi Asiyada qaz ehtiyatı qurtaranda dünya ölkələri günəş və külək enerjisi kimi praktik texnologiya ilə irəli gələcək. «Bax burada mən Günəşli Azərbaycanda və Küləklər Şəhəri – Bakıda yaşamağın üstünlüklərini görürəm».
XS
SM
MD
LG