Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:21

Yeganə müxalifətçi deputat mandatından imtina etdi


Zahid İsmayılov

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin müxalifətdən olan yeganə deputatı mandatından imtina edib. Deputat Zahid İsmayılovun sözlərinə görə belə addım atmasına səbəb məmur özbaşınalığı və eləcədə səlahiyyətlərinin yerli hakimiyyət nümayəndələri tərəfindən məhdudlaşdırılmasıdır.

Z. İsmayılov eyni zamanda Babək rayonu Cəhri kənd bələdiyyəsinin sədridir. O deputat mandatı ilə bərabər rəhbərlik etdiyi bələdiyyənin möhür və ştampını da geri qaytarıb. Deyir bunun da bir sıra səbəbləri var:

«Mən deputatlıq vəsiqəmi və bələdiyyənin möhür, ştampını təhvil vermişəm Babək rayon İcra hakimiyyətinə. İcra başçısı deyir ki səni biz deputat seçdirmişik. Dəfələrlə şifahi müraciət etmişəm ki, məni bələdiyyə sədrliyindən azad etsinlər. Bu iş mənim şəxsi nüfuzuma zərbə vurur, heç kimin problemini həll etməyə imkan vermirlər».

Z. İsmayılov deyir ki, baş verənlərlə bağlı dəfələrlə Ali Məclisin sədri ilə görüşməyə cəhd etsə də, buna imkan verilməyib. Deputat düşünür ki, bəzi dövlət məmurları tərəfindən Ali Məclis informasiya blokadasına alınıb:

«Bu gün Ali Məclis bəzi dövlət məmurları tərəfindən informasiya blokadasına alınıb. Mən deputat kimi çalışsam da, Ali Məclis sədrinin qəbuluna düşüm, bəzi məsələlərin həlli üçün yollar axtarım. Ömür boyu qəbula düşmək olmaz və ya müxtəlif bəhanələrlə, böhtanlarla geri qaytarılacaqsan».

Z. İsmayılovun sözlərinə görə, Naxçıvanda xüsusən də Babək rayonunda bələdiyyələrin heç bir səlahiyyəti yoxdur: «Bələdiyyədən imtina edirəm ona görə ki, Babək rayonunda bələdiyyələrin heç bir səlahiyyəti yoxdur. Vətəndaşlar bələdiyyə inanmır. Əgər vətəndaşın problemi bələdiyyə tərəfindən həll edilmirsə artıq ikinci dəfə bizə səs verməyəcəklər».

Milli Məclisə hər beş ildən bir keçirilən seçkilərlə yanaşı Naxçıvan MR Ali Məclisinin 45 nəfərlik parlamentinə də seçkilər keçirilir. Zahid İsmayılov Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. 2005-ci ildə Naxçıvan MR Ali Məclisinə seçkilərdə deputat seçilib. Onun fikrincə məhz müxalifətdən deputat seçildiyi üçün maneələrlə üzləşir: «Mənə dəfələrlə Babək rayon İcra başçısı deyib ki, sən hara deputatlıq hara. Bizim aramızda müxalifətçilərə yer yoxdur».
XS
SM
MD
LG