Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:03

Qarabağ danışıqlardan Ermənistana görə kənarda qalıb


Metyu Brayza
Metyu Brayza

- Prezidentlərin son görüşünə böyük ümidlər vardı. Amma görüş bitəndən sonra əsas xəbər o oldu ki, heç bir xəbər yoxdur: heç bir sənəd imzalanmadı, tərəflər heç bir bəyanat vermədilər. Danışıqlar yenə dalana dirənib, yoxsa proses irəliləyir?

- Açığı, bu görüşdə hər hansı sənədin imzalanacağı ilə bağlı gözləntilər yox idi. Mən əvvəllər bu barədə verdiyim müsahibədə də bu haqda bildirmişdim. Amma mən demişdim ki, prezidentlərin Moskva görüşləri zamanı qərar qəbul etməmələrindən bir az məyus olmuşam. Mən ümid edirdim ki, onlar baza prinsiplərinin bir neçə əsas elementi üzrə öz konsepsiyalarını tam formalaşdırıb yekunlaşdırmaq üçün bəzi qərarlar verəcəklər.

Onlar belə qərar vermədilər, amma yaxşı xəbər odur ki, onlar indiyəcən baza prinsiplərinin əsas elementləri üzrə ən detallı, ən dərin məzmunlu və ən konstruktiv müzakirələrini aparmış oldular. Onların media üçün bəyənat verməmələrini isə müxtəli cür yozmaq olar. Mən isə bunu belə şərh edərdim ki, tərəflər çox həssas məqamları müzakirə edirlər və qərara gəliblər ki, danışıqları qapalı aparslnlar. Və məncə, bu düzgün yanaşmadır.

YENİ VARİANT NƏ DEMƏKDİR?


- Həmsədrlər bildiriblər ki, Madrid prinsiplərinin yeni variantını hazırlamaq üçün Krakovda görüş keçirəcəklər. “Yeni variant” nə deməkdir?

- Amerika, Rusiya və Fransa prezidentləri Böyük Səkkizliyin son sammiti zamanı bəyanat verdilər və həmsədrlərə tövsiyə etdilər ki, Madrid prinsiplərinin yenilənmiş variantı hazırlanmalıdır. Həmsədrlər Krakov görüşləri zamanı bu məsələ üzərində işləyəcəklər. Mən aparacağımız müzakirələrin detalları haqda məlumat verə bilmərəm.

Amma bizim Madrid prinsiplərini tərəflərə təqdim etməyimizdən 2 ilə yaxın vaxt keçir, o vaxtdan bəri intensiv danışıqlar aparılıb və xeyli irəliləyiş əldə edilib. Xüsusən də prezidentlərin bir il qabaq Sankt-Peterburqda baş tutan görüşlərindən sonra. Onlar sadəcə bir-birini yaxından tanımaq üçün görüşməyiblər. Bu danışıqlar davam etdikcə onlar da baza prinsipləri ilə bağlı getdikcə daha da dərinə varan müzakirələr aparmaqdadırlar.

Azərbaycan və Ermənistan prezidentləri Moskvada görüşür. 17 iyul 2009

Və beləliklə onlar ilk dəfə keçən ilin iyununda görüşdükləri zaman tərəflərin mövqelərində mövcud olan fərqlərin aradan qaldırılmasına apara biləcək müəyyən yolların tapılmasına nail olublar. Biz həmsədrlər olaraq onların ideyalarını dinlədik və düşünürəm ki, baza prinsiplərinin indiyəcən razılaşdırlmamış qalan bir neçə elementi üzrə fikir ayrılıqlarının aradan qaldırılması üçün ədalətli və konstruktiv yolların tapılmasına çalışacağıq.

"AZƏRBAYCANDA VƏ ERMƏNİSTANDA DALĞALANMA"

- Bu yaxınlarda erməni və azərbaycanlı ziyalıların qarşılıqlı səfəri oldu. Amma sonra xalq diplomatiyası ilə bağlı bir neçə səfər ləğv edildi. Və bu bəzilərinin belə gümanlar irəli sürməsinə əsas verdi ki, yenə ikitərəfli münasibətlərdə nəsə problem yaranıb. Sizcə, xalq diplomatiyası nə qədər mühümdür, siz tərəfləri buna həvəsləndirirsinizmi və yeni səfərlər gözləmək olarmı?

- Biz ziyalıların qarşılıqlı səfərini tam dəstəkləyirik. Bilirsiniz ki, bu səfərlərdə iştirak edən nümayəndə heyətlərinin bəzi üzvlərinin həmin səfərlərə verdiyi qiymətlə bağlı mənfi reaksiyalar da eşidildi. Ümid edirəm ki, bu, müvəqqəti olacaq. Və xalq diplomatiyası ilə bağlı cəhdlər tezliklə bərpa ediləcək. Bu çox mühümdür. Xalqın dəstəyi olmadan heç bir razılaşmanın əldə edilməsi mümkün deyil.

Məncə bəziləri belə halları həddindən artıq dramatikləşdirir. Anlamaq lazımdır ki, biz indi danışıqlar prosesindəyik. Proses indiyəcən müşahidə edilməyən intensivliklə davam edir və biz bu proses davam etdiyi dövrdə insanlara arada nəfəslərini dərməyə, öz mövqelərini yenidən nəzərdən keçirməyə imkan yaratmalıyıq.

DAĞLIQ QARABAĞIN DANIŞIQLAR MASASINA QAYITMASI BAKIDAN DA ASILIDIR

- Dağlıq Qarabağ erməniləri bəyanat verərək danışıqlar prosesində onların da iştirak etməsini istəyiblər. Həmsədrlər bu məsələyə necə baxır?

- Bir neçə il əvvələcən Dağlıq Qarabağ ermənilərinin nümayəndələri də danışıqlar masası arxasında otururdu. Amma sonra Yerevan qərara gəldi ki, danışıqlar masasında onları təmsil etsin. Onları geri – masaya qaytarmaq üçün qarşılıqlı razılıq olmalıdır. Və ümid edirik ki, bu, irəlidə müəyyən məqamda baş verəcək.

Əlbəttə ki Dağlıq Qarabağ hakimiyyətinin danışıqlarda birbaşa iştirak etməsinə ehtiyac var. İndi onlar dolayısı ilə bu prosesdə iştirak edirlər. Biz onların fikirlərini dinləmişik və həmin fikirləri danışıqlar prosesinə cəlb etməyə çalışırıq. Hansısa qərarın qəbulu üçün həmin qərarın aid olduğu insanların fikirlərini öyrənmək lazımdır. Əvvəl-axır onları da nəzərə almaq lazım olacaq. Gec-tez (mən ümid edirəm ki tezliklə) onlar da danışıqlarda birbaşa iştirak edəcək. Amma yenə də deyirəm ki, onların iştirakı elə məsələdir ki, burada tərəflər arasında qarşılıqlı razılaşma olmalıdır.

- Danışıqlar prosesi ilə bağlı Ermənistanda Azərbaycana nisbətən daha çox narahatlıq müşahidə olunur. Orada xarici işlər nazirinin istefası tələb edilir. Sizcə, Ermənistandakı siyasi durumun kövrəkliyi danışıqlar prosesinə hansısa formada təsir edə bilərmi?

"İLHAM ƏLİYEV XALQINI HAZIRLAMAĞA BAŞLAYIB"

- Əslində hər iki tərəf üçün danışıqlarda irəliləmək çətindir. Çünki biz 15 ildir həll edilməmiş qalan bir münaqişənin çözülməsinə çalışırıq. Əgər konfliktin çox asan həll yolu mövcud olsaydı, çoxdan reallaşardı.

Azərbaycan ziyalılarının nümayəndə heyəti Ermənistan prezidenti Sarkisyanla görüşür. 3 iyul 2009

Mən deməzdim ki, bir ölkədə xalqı münaqişənin təklif olunan həll yolunu dəstəkləməsi o biri ölkədən daha asandır. Mən Azərbaycan prezidenti İlham Əlıiyev verdiyi son iki cəsarətli bəyanatı qeyd etmək istərdim. Bunların hər ikisini o, Moskvada olarkən verib – biri apreldə, digəri isə iyulun əvvəlində. Həmin bəyanatlarla o, öz xalqını danışıqlar prosesində irəli getməyə və razılıq əldə olunmasına hazırlamağa başladı.

Bir neçə ay qabaq Ermənistan prezidenti Sarkisyan da Əliyevlə apardığı danışıqları müzakirə etmək üçün öz ölkəsinin siyasi qüvvələri ilə görüş keçirdi. Ümumiyyətlə, Amerika, Fransa və Rusiya prezidentlərinin danışıqlarla bağlı son bəyanatı, ziyalıların görüşü və sair – bütün bunların nəticəsində hər iki ölkənin siyasi arenasında bir qədər dalğalanma əmələ gətirib. Və bəzən bu dalğaların sakitləşməsi üçün bir az vaxta, müddətə ehtiyac olur. Biz də aktivliyin yavaşıdığı yay aylarının verdiyi fürsətdən istifadə edib Madrid prinsiplərinin yeni variantı üzərində işləyirik.

- İndi müzakirə olunan həll variantında birinci addımı kim atmalıdır? İlham Əlieyev son açıqlamalarında deyib ki, erməni tərəfi dərhal 5 rayonu azad edəcək, daha iki rayon bir qədər gec boşaldılacaq...

- Kiminsə birinci addımı atacağı haqda danışmaq olmaz. Baza prinsipləri hər iki tərəfin eyni zamanda ilk addım atmasını nəzərdə tutur. Hər iki tərəfin atacağı addımların ardıcıllığı mövcuddur. Prezident Əliyevin rayonların qaytarılması ilə bağlı dediklərini siz xatırlatdınız. Amma sülh sazişi imzalanarsa, Azərbaycan da eyni zamanda bəzi addımlar atmalıdır.

İLK ADDIMI KİM ATACAQ?

Bura prezident Əliyevin Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin mümkünlüyü haqda dedikləri, həmsədrlərin Dağlıq Qarabağ üçün müvəqqəti status haqda bildirdikləri də daxildir. Yəni, ümumilikdə münaqişənin mərhələli variant üzrə həlli planlaşdırılsa da, ilkin mərhələdə Azərbaycan və Ermənistanın eyni vaxtda atacağı addımlar mövcuddur.

- Azərbaycan prezidenti hökumətin son iclasında problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını və Dağlıq Qarabağa geniş müxtariyyət verməyə hazır olduqlarını bildirib. Demək olarmı ki, status məsələsi danışıqların ən çətin məqamıdır?

- Bilmirəm, bunu ən çətin məqam saymaq olarmı. Amma şübhəsiz ki, status məsələsi danışıqlarda ən fundamental məsələlərdən biridir: Dağlıq Qarabağın müvəqqəti və yekun statusu nə olacaq? Başqa fundamental və çətin məsələlər bunlardır - Ərazilərin Azərbaycana qaytarılması, məcburi köçkünlərin həmin ərazilərə qayıtması (milliyyətindən asılı olmayaraq). Özü də elə qayıtması ki özlərini təhlükəsiz hiss etsinlər. Bu da fundamental məsələdir. Çünki burda bir çox faktorlar var, yəni psixoloji, təhlükəsizlik baxımdan. İnsanların özlərini təhlükəsiz hiss etməsini təmin etmək vacibdir. Qarabağda yaşayan və ora qayıdacaq insanların təhlükəsizliyi təmin edilməlidir. Həm bu, həm Qarabağın keçid və yekun statusunun müəyyən ediılməsi, həm də nəhayət Cənubi Qafqazdan keçən, o cümlədən Azərbaycandan, Dağlıq Qarabağdan və Ermənistandan keçən bütün kommunikasiya yollarının açılması fundamental məsələlərdəndir. Bunların hamısı fundamental, çətin və problemlidir.

- Krakov görüşündən sonra həmsədrlərin planı nə olacaq?

- Çox güman ki sentyabrın əvvəllərində biz yenidən regiona səfər edəcəyik. Bundan sonra biz prezidentlərin görüşlərinin davam etməsinə ümid edirik. Ola bilsin ki, onlar ya sentyabrın sonunda, ya da oktyabrın əvvəlində görüşəcəklər. Amma biz sadəcə vasitəçilərik, görüşün mümkünlüyü, yeri və vaxtı haqda qərarı prezidentlər verirlər.

BRAYZA BAKIYA SƏFİR GƏLƏCƏKMİ?

- Sizin Azərbaycana səfir təyin ediləcəyiniz haqda söz-söhbətlər gəzir. Minsk qrupundakı fəaliyyətinizin gələcəyi necə olacaq. Siz bu vəzifədə fəaliyyətinizi davam etdirəcəksinizmi?

- Doğrusu mən şəxsi məsələlərdən danışmağı xoşlamıram. Mən peşəkar diplomatam. Bizim ümumi qaydalarımız belədir ki, Vaşinqtonda davamlı olaraq maksimum 6 il müddətinə qalmaq mümkündür. Avqustun 18-də mən Vaşinqtondakı xidmətimin 13-cü ilinə başlayacam. Mən kənara çıxmalı və hadisələrin baş verdiyi meydanlarda xidmət etməliyəm.

Əslində isə mən qaydaların imkan verdiyindən iki dəfə artıq Vaşinqtonda olmuşam. Çünki bunu məndən prezident və dövlət katibi xahiş etmişdilər. Onlar bununla məni şərəfləndirmişdilər, bu çox gözəldir, amma mən həm də öz professional öhdəliklərimi yerinə yetirməliyəm. Amma mənim öz diplomatik fəaliyyətimi harada davam etdirəcəyim haqda qərarı prezident və dövlət katibi verməlidir. Ümid edirəm ki, onların fikrindən keçəni yaxın vaxtlarda biləcəm.

- Amma siz özünüz diplomatik fəaliyyətinizi Azərbaycanda davam etdirmək istərdinizmi?


- Kim istəməzdi? (gülür – K.K.) Bu çox gözəl olardı. Hamı orada işləməkdən məmnun olardı. Cənubi Qafqaza çox böyük marağım var. Mən harasa getməyim haqda şayiələrə əsas vermək istəməzdim. Mən diplomatam və rəhbərlik məni hara göndərsə, orada da gedəcəm.

XS
SM
MD
LG