Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:22

«Ergenekon» prokurorları ilə bağlı şikayətlərə baxılacaq


«Ergenekon» tərəfdarlarının məhkəmə qarşısında etiraz aksiyası. İstanbul, 20 oktyabr 2008
«Ergenekon» tərəfdarlarının məhkəmə qarşısında etiraz aksiyası. İstanbul, 20 oktyabr 2008
Türkiyənin Hakimlər və Prokurorlar Yüksək Şurası «Ergenekon» istintaqını aparan prokurorlardan verilən şikayətləri təhqiq edəcək.

Yüksək Şuranın 21 gün davam edən gərgin iclasından sonra 1500 hakim və prokurorun yeni vəzifələrə təyin edilməsi barədə qərar qəbul edilsə də, Ədliyyə Nazirliyinin təkidi ilə «Ergenekon» istintaqını aparan prokurorların yerləri dəyişdirilməyib. Prokurorların yerlərinin dəyişdirilməsi üçün uzun müddət təkid edən Yüksək Şura hüquqşünasları buna nail olmasalar da, onlarla bağlı şikayətlərin qısa müddətdə təhqiq edilməsi üçün Ədliyyə Nazirliyi ilə razılığa gəlib.

Türkiyədə ildə iki dəfə-yayda və payızın axırında - Hakim və Prokurorlar Yüksək Şurası məhkəmə və prokurorluq əməkdaşlarının yeni vəzifələrə təyin edilməsi və ya iş yerlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir. Əvvəlki illərdən fərqli olaraq Şuranın bu ilki iclası xeyli gərgin keçib. Hətta baş nazir Erdoğan Ədliyyə Nazirliyinin təqdim etdiyi siyahının Şura tərəfindən təsdiq edilməsini arzu etdiklərini bildirib.

Ədliyyə Nazirliyinin öz siyahısını təsdiq etdirməsi üçün Şuraya təzyiq göstərməsinə dair xəbərlər yayılıb. İqtidarı dəstəkləyən medianın Şura üzvləri ilə bağlı yaydığı xəbərlər isə onların sərt reaksiyasına səbəb olub. Hüquqşünasların bir qismi siyasətin hüquq orqanlarına müdaxiləsini «Türkiyədə qüvvələr ayrılığının bitirilməsi və ölkədə tək partiya hegemoniyası yaradılması» şəklində xarakterizə ediblər.

Müstəqil qurum olan Hakimlər və Prokurorlar Yüksək Şurasına Ədliyyə naziri və nazirliyin icra aparatı rəhbərinin üzv olması uzun müddətdən bəri tənqidə məruz qalırdı. Çünki Şuranın 7 üzvündən 5-i müstəqil hüquqşünas olmasına baxmayaraq, Ədliyyə Nazirliyinin iki rəhbərinin Şuraya üzv olması siyasətin hüquqa birbaşa müdaxiləsi kimi dəyərləndirilirdi. Məsələn, «Ergenekon» istintaqının prokurorlarından Zekeriya Öz haqqında verilən 100-dən artıq şikayət ərizəsi olmasına baxmayaraq, keçmiş Ədliyyə naziri Mehmet Ali Şahin Yüksək Şuradan gələn tələbi nəzərə almayaraq, prokuror Öz haqqında təhqiqat başladılmasına icazə verməmişdi.
XS
SM
MD
LG