Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:38

Camaat xof içindədir…


Həmin ərazidə təqribən 20-25 ev inşa edilib. Onlardan yalnız 5-6-sı tamamilə uçurulub.
Həmin ərazidə təqribən 20-25 ev inşa edilib. Onlardan yalnız 5-6-sı tamamilə uçurulub.
«Biz tələb edirik ki, dövlət komissiyası yaradılsın. Qoy gəlib kimin haqlı, kimin haqsız olduğunu araşdırsınlar. Evi başına uçan da biz, cinayət məsuliyyətinə cəlb edilən də? Belə ədalətsizlik olar?.. »

Bu, Hökməli kəndi yaxınlığında yeni salınan adsız yaşayış məskəninin bir sakininin fikridir. Həmin ərazinin Sulutəpə qəsəbəsinə məxsus olduğu bildirilir.

Avqustun 5-də polislə həmin yaşayış məskəninin sakinləri arasında toqquşma olub. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, toqquşma nəticəsində 20 polis müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 5-i DİN-in hospitalında yerləşdirilib. Artıq Bakı Şəhər Prokurorluğunda bu faktla bağlı cinayət işi açılıb.

DİN-İN YOZUMU…

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin sözçüsü Ehsan Zahidov:

«Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Neft Şirkətinin balansında olan ərazilərdə aparılmış qanunsuz tikililərin sökülməsi və zəbt edilən ərazilərin boşaldılması üçün tədbirlərə başlayıblar. Həmin vaxt qanunsuz tikililər aparmış şəxslərin təhriki ilə bir qrup insan polisə müqavimət göstərərək,
zorakılıq əməlləri törədiblər. Həmin insanlar polislərə və neft şirkətinin əməkdaşlarına daş və müxtəlif küt alətlər atıblar…»

SAKİNLƏRDƏN XƏSARƏT ALANLAR DA VAR…

Həmin ərazidə məskunlaşan mülki insanlar isə indi xof içindədir. Yaşlı bir qadın deyir ki, polis ağ saçlarına baxmayaraq ona bir neçə kötək vurub. Murad adlı əlil bir uşaq da polis zorakılığı ilə üzləşdiyini bildirirdi. Sakinlərin deməsinə görə, aralarında bir neçə şəxs ağır xəsarət də alıb.

Hətta xəstəxanalara yerləşdirilənlər də var. İndi narahatdırlar ki, onları günahkar çıxarıb həbs edə bilərlər. Sakinlər deyir ki, əslində onları polis zorakılığından Hökməli kəndindən köməyə gələn bir qrup gənc xilas edib. Əks halda bütün evləri yerlə yeksan olunacaqdı.

Həmin ərazidə təqribən 20-25 ev inşa edilib. Onlardan yalnız 5-6-sı tamamilə uçurulub. Adının çəkilməsini istəməyən 50 yaşlı bir kişi isə bu ərazidə məskunlaşmalarının təfərrüatını açıqlayır:

«Biz bu yeri Xocasən bələdiyyəsindən almışıq. Təqribən 4 ildir burada məskunlaşmışıq. Bir sot yer bizə 1000 dollara baş gəlib. Burda elə adam var ki, kredit götürüb ev tikdirib. İndi bizi bu borcdan-xərcdən kim xilas edəcək?..»

Orada məskunlaşan insanların bir qismi qaçqın, qalanları isə ölkənin müxtəlif ərazilərindən iş ardıyca Bakıya gələnlərdir. Demələrinə görə, çoxları Bakıda kirayəşin qalırlar. Sadəcə bu ərazidə torpaq alıb ev tikməklə kirayədən canlarını qurtarmaq istəyiblər.

QARŞIDURMA İKİ İLDİR DAVAM EDİR…

Əslində son iki ildə polis bir neçə dəfə bu ərazidə inşa edilən evlərin sökülməsinə cəhd göstərib. Hər birində də ciddi müqavimətlə qarşılaşıblar. Azərbaycan Dövlət Neft Şirkətinin Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyev də deyir ki, həmin ərazi şirkətə məxsusdur. Əhalinin israr edib, ərazini boşaltmamasının heç bir anlamı yoxdur.
Orada məskunlaşan əhali isə deyir ki, əgər bu ərazi neft şirkətinə məxsus idisə, onda bələdiyyə bu yerləri onlara satmamalıydı.

Xocasən bələdiyyəsindən isə həmin ərazilərin mülki insanlara satılmasının səbəblərini izah etmədilər. Oradan bizə dedilər ki, sədr Qəhrəman Qəhrəmanlı Binəqədi Rayon Prokurorluğunun əməkdaşları ilə həmin əraziyə gedib. Ancaq adının çəkilməsini istəməyən işçinin deməsinə görə, həmin ərazini tək onlar yox, elə Hökməli Bələdiyyəsi də insanlara paylayıb.

Ərazidə məskunlaşan insanlar isə dövlət başçısının bu işə müdaxilə etməsini istəyirlər. Onların demələrinə görə, bu problemi məmurlar yaradıb. Həmin məmurlar da elə dövlət başçısı qarşısında bütün bunlara görə cavab verməlidirlər…
XS
SM
MD
LG