Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:31

Sizdən ən çox harda rüşvət alırlar?


«Haqqını ver, ədalətini al, Azərbaycanda belə bir vəziyyətdir...»
«Haqqını ver, ədalətini al, Azərbaycanda belə bir vəziyyətdir...»
«Azərbaycanda rüşvət, korrupsiya baş alıb gedir, elə bir yer yoxdur ki, rüşvət olmasın...» Azərbaycanın cənub bölgəsindən – Lənkərandan gəlmiş Aftandil Məmmədov İnsan Haqları üzrə müvəkkil - Ombudsman Aparatının qarşısında qəbula düşəcəyini gözləyirdi. Gözləyə-gözləyə özü kimi şikayətə gələnlərə ondan istənilən rüşvətlər haqqında yana-yana danışırdı. Deyir, rüşvətlə hər yerdə rastlaşıb, oğlunun oxuduğu orta məktəbə, həyat yoldaşının müalicə olunduğu xəstəxanada, heç nədən maşınını saxlayan yol polisində...
Azərbaycanda Aftandil Məmmədov kimi korrupsiyadan yana-yana danışanlar isə çoxdur.

RÜŞVƏT HARDA VAR?
Bu yaxınlarda Beynəlxalq Şəffaflıq Təşkilatı «Sizin ölkədə ən çox hansı sahədə rüşvət var» sualı ilə 69 ölkədə, o cümlədən Azərbaycanda sorğu keçirmişdi. Azərbaycanda 49 faiz sıravi sakin «dövlət idarələrində», 29 faiz «ədliyyə sistemində», 16 faiz «özəl sektorda», 4 faiz «qanunvericilik sistemində», 1 faiz «siyasi partiyalarda», 1 faizsə «mediada» cavabını vermişdi.

«Sizin hökumətin korrupsiya ilə mübarizədə atdığı addımlar səmərəlidirmi» sualına isə 62 faiz «səmərəsizdir», 14 faiz «səmərəlidir», 23 faiz isə «nə ondandır, nə də bundan» cavabını vermişdi.

Mən də bir neçə Bakı sakini arasında daha çox korrupsiyayla harda rastlaşdıqlarını soruşdum. Cavabları belə oldu:
«…Tibb sahəsi, cəzaçəkmə yerləri, məktəblər, ali təhsil ocaqları, hər yerdə rüşvət var;
- Korrupsiya, rüşvət təhsil sistemində davam edir, mən bunu görürəm;
- Rüşvətxorluq yox dərəcəsindədir, prezidentimiz İlham Əliyev bunun qarşısını alır;
- Korrupsiya ayrı şeydir, bizdəsə dartıb-dağıdırlar, yeraltı-yerüstü sərvətləri kompressor kimi sorurlar;
- Rüşvət bəzi yerlərdə ləğv olub, yoxdur, bəzi yerlərdə göyə qalxıb;
- Rüşvətsiz heç bir iş keçmir, hara gedirsən pul istəyirlər;
- Uşağın dişini çəkdirməyə aparmışdım, qanunla pulsuzdur, ancaq deyir ki, pul verməlisən;
- Haqqını ver, ədalətini al, Azərbaycanda belə bir vəziyyətdir...»

VƏTƏNDAŞLARIN ŞİKAYƏTİ NƏDƏNDİR?
Azərbaycanda korrupsiyanın vəziyyəti haqqında daha çox sıravi adamlar və qeyri-hökumət təşkilatları danışırlar. Hökumət nümayəndələri isə son illərə qədər ölkədə korrupsiyanın olmasıyla bağlı beynəlxalq və yerli təşkilatların hesabatlarını qəbul etmək istəmirdi.

2004-cü ildəsə «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun qəbul edildi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradıldı. Elə həmin il Dövlət Proqramı da qəbul edildi.

Komissiya ara-sıra korrupsiyayla bağlı həbslər haqqında məlumatlar da yayır. Həmin məlumatlarda deyilir ki, indiyə qədər vətəndaşlardan olan şikayətlər əsasən səhiyyə, təhsil, yerli özünüidarəetmə orqanlarının fəaliyyətiylə bağlıdır.

Ötən il vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, rüşvət alma, qulluq mövqeyindən istifadə etməklə dövlət əmlakını talamayla bağlı 121 nəfər haqqında 70 cinayət işinin araşdırmaları yekunlaşdırılıb. Bu məlumatı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yayıb. Bir neçə gün əvvəl isə həmin idarə daha bir neçə faktla bağlı məlumat yaymışdı.

HEÇ KİM KORRUPSİYADAN DANIŞMAQ İSTƏMİR?
Ölkədəki korrupsiya hallarıyla bağlı açılan cinayət işlərinin sayı, həbs olunanların o qədər də yüksək vəzifə sahibləri olmaması korrupsiyayla mübarizənin zəif aparıldığı fikirlərini yaradır. Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevsə deyir ki, korrupsiya faktları yetərincə araşdırılmır, baxmayaraq ki, ölkədə belə hallar çoxdur:

«Korrupsiya cinayəti iki nəfər arasında baş verir və bundan tərəflər fayda götürür. Ona görə belə cinayətləri aşkarlamaq çox vaxt çətin olur. Çünki adamlar bu haqda məlumat vermək istəmirlər. Mən hesab edirəm ki, bu gün Azərbaycanda korrupsiyanın mövcud səviyyəsi ilə korrupsiya cinayətləri ittihamıyla məsuliyyətə cəlb edilənlər arasında disbalans var. Çünki heç kimə sirr deyil ki, korrupsiya kifayət qədər var, ancaq bu barədə məlumatlar verilmədiyindən pozuntuların üstü açılmır. Bu baxımdan vətəndaş cəmiyyətləri səylərini artırmalıdır...»

«Sizdən rüşvət istəyirlər, rüşvət verməyn, bizə zəng edin...» Bu elanlarla Bakının gözgörən çox yerlərində rastlaşmaq olar. Elanların müəllifi Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan nümayəndəliyidir. Nümayəndəliyin icraçı direktoru Rəna Səfərəliyeva deyir ki, belə elanların effekti çox olur, onlara müraciət edənlərin sayı ildən ilə çoxalır:

«Bizim Hüquqi Məsləhət üzrə layihəmiz 2005-ci ilin martından həyata keçirilir. Bu vaxta qədər bizə 19 mindən çox müraciət olub. Müraciətlərdən 2804-ü yazılı şikayətdir. Şikayətlərin də 70 faizi həll olunub. Ən çox şikayət olunan yerlər isə polis, məhkəmə sistemi, bələdiyyələr və yerli icra hakimiyyətləriylə bağlıdır. İkinci qrup şikayətlər isə Təhsil Nazirliyi və Əmək və Sosial Müdafiə Nazirliyindəndir».

HÖKUMƏT NÜMAYƏNDƏLƏRİ KORRUPSİYADAN DANIŞMAĞI SEVMİRLƏR
Hökumət nümayəndələri isə korrupsiyadan danışmağı sevməsələr də ara-sıra bu mövzuya toxunurlar. Korrupsiya və rüşvətdə ən çox adı hallanan həbsxana, ədliyyə, məhkəmə sistemidir. Ədliyyə naziri Fikrət Məmmədov da başqa məmurlar kimi korrupsiyayla mübarizədən ümumi danışır:

«Sözsüz ki, korrupsiya hansı sahədə mövcuddursa, onunla mübarizə aparılmalıdır. Korrupsiyanın qarşısı təkcə mübarizə ilə yox, eyni zamanda profilaktik tədbirlərlə alınmalıdır. Bu tədbirlər hərtərəfli həyata keçirilməlidir. Bu gün demək ki, korrupsiya harda çoxdur, harda az... bütün sahələrdə tədbirlər həyata keçirilməlidir. Özü də təkcə cəza siyasətiylə kifayətlənmək qeyri-mümkündür».

Korrupsiyadan yanıqlı Aftandil Məmmədovsa deyirdi ki, insan haqları ilə müvəkkillə görüşəndən sonra Ədliyyə nazirinin də qəbuluna gedəcək. Heç olmasa ürəyini boşaltmaq üçün...
XS
SM
MD
LG