Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Gənc fəalların istintaqı başa çatır…


Gənc fəallar Adnan Hacızadə və Emin Milli
Gənc fəallar Adnan Hacızadə və Emin Milli
Həbsdə olan gənc fəallar Adnan Hacızadə və Emin Millinin istintaqı yekunlaşmaq üzrədir. Vəkil İsaxan Aşurov deyir ki, gələn həftə bu işlə bağlı istintaq materialları məhkəməyə göndərilə bilər. Ancaq vəkil yada salır ki, avqustun 8-dən gənclər istintaqa ifadə verməkdən imtina ediblər. Bəs görəsən gənclərin ifadə verməkdən imtina etməsi ittiham aktının birtərəfli hazırlanmasına səbəb olmazmı?

GƏNCLƏR İFADƏ VERMƏKDƏN NƏDƏN İMTİNA EDİBLƏR?
Vəkil İsaxan Aşurov deyir ki, əslində elə gənclər ittiham aktı birtərəfli hazırlanacağını əsas gətirib istintaqa ifadə verməkdən imtina ediblər:

«İttiham aktı onsuz da birtərəfli hazırlanacaq. Çünki işin halları təhrif edilib. Adnan və Emin döyüldüyü halda təqsirləndirilən şəxs kimi, onları döyənlər isə zərərçəkən qismində tanınıblar. Bu o deməkdir ki, gənclərin ifadə verməkdən imtina etməsi ittiham aktına təsir etməyəcək».

İsaxan Aşurov deyir ki, gənclərin bu addımı istintaqın ədalətsiz aparılmasına bir növ etirazdır. Onun fikrincə, müdafiə tərəfi qanunun imkan verdiyi bütün vasitələrdən istifadə etməklə istintaqın ədalətli və qərəzsiz aparılmasına nail olmaq istəyir. İsaxan Aşurov şübhə etmir ki, əgər ədalətli məhkəmə keçiriləcəksə bütün ittihamlar sabun köpüyü kimi yox olacaq.

Baş Prokurorluqda isə hesab edirlər ki, Adnan Hacızadə ilə Emin Millinin istintaqa ifadə verməməsi onların hüquqlarıdır, ancaq işin birtərəfli aparılmasıyla bağlı iddialar düzgün deyil. İstintaq obyektiv aparılır.

MƏHKƏMƏNİN ƏDALƏTLİ KEÇİRİLƏCƏYİNƏ İNAM VARMI?
Adnan Hacızadənin atası Hikmət Hacızadə isə deyir ki, məhkəmənin ədalətli keçib-keçməyəcəyi yuxarıdan veriləcək sifarişdən asılıdır. Hikmət Hacızadənin fikrincə, Azərbaycan məhkəmələri müstəqil olmadığından siyasi məsələlərdə kimin haqlı olub-olmaması və ya istintaqın necə aparılması ciddi əhəmiyyət daşımır:
«Şəxsən mən istəyərdim ki, bu qərarı verənlər müdriklik göstərsinlər. Azərbaycanı bir daha biabır etməsinlər. Bunun nə bizim ailəmizə, nə də ölkənin imicinə bir ziyanı olsun».

Əslində son günlər gənclərin həbsi ilə bağlı hakim düşərgədən yumşaq bəyanatlar eşidilməkdədir. Hətta Prezident Administrasiyasında xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdi ki, gənclər bir-iki aya azadlığa buraxıla bilər. Hərçənd Novruz Məmmədov da gənclərin həbsini siyasiləşdirməyə ehtiyac görmür, bunu sırf xuliqanlıq əməlinin nəticəsi kimi dəyərləndirirdi.

Yeri gəlmişkən avqustun 20-də Xarici İşlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev də jurnalistlərə açıqlamasında deyib ki, gənclərin həbsinin azad fikrin boğulması kimi təqdim edilməsi düzgün deyil:
«Mən inanmıram ki, onlar müstəqil fikirlərinə görə həbs edilsinlər. Bizim akademiyada o qədər müstəqil düşünənlər var ki! Görünür nəsə ediblər ki, həbs ediliblər».

«Zerkalo» qəzetinin əməkdaşı Azər Rəşidoğlu isə deyir ki, elə bu fikirlərin mahiyyətinə fikir verilsə, hakim düşərgədə ciddi yumşalmanın baş vermədiyi üzə çıxar. Ancaq o etiraf edir ki, gənclərin həbsindən sonra Azərbaycana beynəlxalq təpkilər ciddi xarakter alıb. Üstəlik bu ara həm «Tolişi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun həbsxanada müəmmalı ölümü, həm də «Eurovision» mahnı müsabiqəsində Ermənistan təmsilçisinə səs verən insanların Milli Təhlükəsizlik Nazirliyinə çağırılmasıyla bağlı aparılan araşdırmalar hakimiyyəti çox pis vəziyyətə qoyub. Azər Rəşidoğlu güman edir ki, bütün bu vəziyyət hakimiyyəti geriyə addımlar atmağa məcbur edəcək. Hakimiyyət seçim etməlidir. Ya ölkənin imici, ya da şəxsi maraqlar…
XS
SM
MD
LG