Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:46

Müxalifətsiz bələdiyyə seçkiləri rəqabətə imkan yaradacaqmı?


Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, iyulun 26-na qədər 4528 şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, iyulun 26-na qədər 4528 şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb

İyulun 27-də bələdiyyə seçkilərinə (təkrar, əlavə və boş qalan yerlərə) namizədlərin irəli sürülmə müddəti başa çatır. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bu seçkilərə ciddi önəm verildiyini və müxalifətin seçkilərə qatılmamasından təəssüfləndiyini bildirib. Bələdiyyə seçkilərinə indi nə qədər önəm verilir və müxalifətsiz seçkilər rəqabətə imkan yaradacaqmı?


Müxalifət düşərgəsində seçkiləri əsasən «Azadlıq» bloku boykot edir. Bu bloka daxil olan - Xalq Cəbhəsi , Demokrat, Liberal, Tərəqqi və İnkişaf partiyaları hesab edirlər ki, indi ölkədə azad və ədalətli seçkilər üçün heç bir şərait yoxdur. Ona görə də bu seçkilərə qatılmaqla yalnız ona demokratik görüntü verə bilərlər. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Nurəddin Məmmədli deyir ki, üstəlik bələdiyyələrin icra hakimiyyətindən asılı bir orqana çevrilməsi və bu seçkilərin yalnız 604 dairəni əhatə etməsi onların boykot qərarını şərtləndirən başlıca amillərdəndir: «Ümumiyyətlə, bu seçki Azərbaycanın siyasi həyatında və idarəçilik tarixində heç bir müsbət cəhətlə yadda qala bilməz».


«Azadlıq» blokundan ayrılan Müsavat Partiyası isə seçkilərə getməsə də, rayon şöbələrinə sərbəstlik verib. Yəni daxili qərara görə, partiya üzvləri seçkidə iştirak edib-etməməkdə sərbəstdirlər. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Müsavat Partiyasının yalnız 22 nəfər üzvü bələdiyyə seçkilərinə qatılıb. Ancaq onlar da keçmiş müttəfiqləri kimi seçkilərin demokratik qaydada keçiriləcəyinə bir o qədər də inanmırlar.


Salyan Şəhər Bələdiyyəsinə namizədliyini verən, Müsavat Partiyası yerli təşkilatının sədri Mirzağa Axund deyir ki, axıra qədər mübarizə aparmaq istəsələr də, əhalinin ümumi passivliyi onların seçilmək şansını xeyli azaldır. Cənab Axundun sözlərinə görə, bu şəraitdən istifadə edən bəzi imkanlı şəxslər yerli hakimiyyət orqanları ilə danışıqlara gedərək indidən özlərini qalib kimi təqdim edirlər: «Əslində, indidən bazarlıq söhbəti gedir. Hətta namizədlərdən biri haqqında deyilir ki, guya ona bələdiyyə sədri olacağı ilə bağlı vəd verilib. Hələ bələdiyyə üzvü seçilməyib, ancaq onun sədrliyindən danışırlar».


Mərkəzi Seçki Komissiyasında isə bəzi namizədlərə əvvəlcədən vədlər verilməsi ilə bağlı iddiaları qəti rədd edirlər. Bu qurumda yaradılan «qaynar xətt»in koordinatoru Azər Sarıyev deyir ki, belə hallarla bağlı onlara nə yazılı, nə də şifahi şikayətlər verilib: «Əsassız ittihamlardır. Kimlər ki, məğlub olacaqlarını dərk ediblər, belə iddialarla öz məhdud elektoratlarının dağılmasının qarşısını almaq istəyirlər».


Bu seçkilər ərəfəsində qeyri-hökumət təşkilatları da fəal deyillər. Heç bir qeyri hökumət təşkilatı uzunmüddətli monitorinq aparmır. Bundan əvvəlki seçkilərdə xüsusi fəallığı ilə seçilən Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli bunu şəraitin dəyişməməsiylə izah edir: «Əgər seçki qanunvericiliyi dəyişsəydi, sərbəst toplaşmaq azadlığı təmin edilsəydi demokratik institutlar təbliğatlarını gücləndirərdilər ki, bu da seçkiləri əvvəlkilərdən fərqləndirərdi».


Bundan əvvəlki bələdiyyə seçkilərində qalib gələn vətəndaşlar arasında da bu seçkilərə inamsızlıq var. Padarçöl Bələdiyyəsinin keçmiş sədri Vuqar Müzəffərli deyir ki, qanunvericilikdə dəyişiklik olmasa, o, seçkilərdə bundan sonra qüvvəsini sınamayacaq: «Qanunda dəyişiklik edilməlidir ki, bələdiyyə sədrini bələdiyyə üzvləri yox, xalq seçsin. Yəni kim çox səs qazanıbsa, sədr o olsun. Əks halda icra hakimiyyətinin göstərişləri yerinə yetiriləcək».


Oktyabrın 6-da 604 bələdiyyəyə seçki keçiriləcək. Bu zaman 1942 bələdiyyə üzvünün seçkisi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, iyulun 26-na qədər 4528 şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. Bu da bir yerə təqribən 2 namizədin düşdüyünü göstərir.




XS
SM
MD
LG