Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:37

Vəkil Adil İsmayılovun Hacı Məmmədovun işi ilə bağlı özəl açıqlamaları…


Vəkil Adil İsmayılov, 23 İyun 2005
Vəkil Adil İsmayılov, 23 İyun 2005

Vəkil Adil İsmayılov «Azadlıq» radiosuna eksklüziv müsahibəsində bildirib ki, Hacı Məmmədovun törətdiyi cinayət əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarında hələ 1999-cu ildə məlumatlar olub. «Əlimdə sənədlər olmasaydı mən belə açıqlamalar verməzdim. O zaman Milli Təhlükəsizlik naziri işləmiş Namiq Abbasov 2 mart 1999-cu il tarixində Respublika Prokurorluğuna məktub göndərir və Əhməd Məmməd oğlu Məmmədovun oğurlanması faktı üzrə aparılmış araşdırma materiallarına baxılmasını istəyir. Son nəticədə bu sənəd müstəntiq Nadir Osmanova gəlib çıxır. Nadir Osmanov isə hazırda axtarışdadır».


Cinayət işində Abdülvahabov Hüseyn Mitsuyeviçi adlı şəxsin də adı keçir. Bu şəxs hazırda müttəhimlər kürsüsündə oturanlardan biridir.


Adil İsmayılov deyir ki, 1999-cu ildə Respublika Prokurorluğunun kriminalisti Rövşən Əliyevin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məktubu var. «Yazır ki, Aslanbek adlı çeçen və iki nəfər Saray kəndinin sakini sizin idarədə şahid kimi dindirilib. Xahiş edirəm cavab verin»- təəssüf ki, həmin sorğunun cavabı istintaq materiallarında yoxdur. Deməli bu məsələ araşdırılıb və həmin şəxslər müstəntiq Nadir Osmanov tərəfindən dindirilib».


Vəkil bildirir ki, digər bir arayışı 2005-ci ilin mart ayında Hacı Məmmədov həbs olunmamışdan bir qədər əvvəl Respublika Prokurorunun indiki birinci müavini Rüstəm Usubov yazıb. 11 avqust 2003-cü il tarixdə Nəsibova Rəna adlı bir vətəndaş Azərbaycan Respublikası Prokurorluğunun binasına gəlmiş Rövşən Əliyevin qətli və törənmiş digər cinayətlərlə bağlı məxfi məlumat vermək arzusunda olduğunu bildirmişdi. Adil İsmayılovun sözlərinə görə, Rəna Nəsibova bildirmişdi ki, Bakı şəhərində törədilən bir çox cinayətlərin başında Daxili İşlər Nazirliyinin əməkdaşı Hacı Məmmədov durur. «Rəna Nəsibova göstərirdi ki, Hacı Məmmədovun bir neçə cinayətkar dəstəsi var. Və konkret olaraq Hacının bu günləri ittiham edildiyi cinayətlərin çoxu sadalayıb, eyni zamanda telefon nömrələri və ev ünvanları hamısı göstərib».


Rüstəm Usubov şahid kimi verdiyi ifadə də isə bildirir ki, «dəqiq yadımda deyil təxminən 2004-cü ilin iyun ayında mənə məlumat daxil olmuşdu ki, Yasamal rayonunda Nəsibova Rəna adlı şəxsin meyiti tapılmışdır. Təbii ki, bu hadisə haqqında mən dərhal Respublika Prokurorluğunun rəhbərliyinə məlumat verdim. Rəhbərlik tərəfindən həmin hadisənin çox ciddi araşdırılması tapşırıldı». Adil İsmayılov deyir «çox ciddi araşdırılma» tapşırığına baxmayaraq, heç bir araşdırma aparılmayıb. «Cinayət işi qaldırılmayıb və rəy alınıb ki, guya Rəna Nəsibova narkomandır və dozadan artıq narkotik qəbul etdiyinə görə ölüb. Halbuki, Rəna Nəsibova ümumiyyətlə narkotik maddələr qəbul etməyib».


Faktları sadalayan vəkil deyir ki, bu cinayətlərin üstünü xeyli əvvəl açmaq mümkün imiş. Hazırda Hacı Məmmədov və onun rəhbərlik etdiyi dəstənin ən azı ittiham aktında olan cinayətləri törətməsi Adil İsmayılov da heç bir şübhə doğurmur. «Mən sizi inandırıram ki, bundan artıq olub. Əgər doğurdan da istintaq getsəydi başqa cinayətlərin də üstü açılardı. İş materialları ilə tanış olandan mən bu fikrə gəlmişəm ki, kimsə bu işlərin açılmasında maraqlı olmayıb».


Kimlərin işin açılmasında maraqlı olmadığına gəldikdə vəkil ölkənin güc strukturların rəhbərlərinin adlarını sadalayır. Adil İsmayılov əmindir ki, məhkəmə prosesində sürprizlər çox olacaq.


Cənab İsmayılov deyir ki, hüquqların müdafiə etdiyi Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovla iyulun 26-da görüşüb və o, bu sənətlərin ictimaiyyətə çatdırılmasına razılıq verib.


Adil İsmayılovun iddiasına görə, Hacı Məmmədov və onun rəhbərlik etdiyi dəstənin işinin açılmasında maraqlı olmadıqları bildirilən DİN , MTN və Respublika Prokurorluğunun məsələyə münasibətini bildirib.


Respublika Prokurorluğunun mətbuat xidmətindən Vüqar Əliyev deyir ki, bu işin üstünün açılmasında Baş Prokurorluq və DİN birgə fəaliyyət göstəriblər. Ona görə də Baş Prokurorluğu həmin işin üstünün açılmasını istəməməkdə ittiham etmək düzgün deyil.


DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov dedi ki, Hacı Məmmədov və daha 26 nəfərin işi ilə bağlı ayrı-ayrı şəxslərin ittihamları yox istintaqın gəldiyi nəticə əsasdır və bundan artıq nəsə demək mümkün deyil.


MTN mətbuat xidmətinin rəhbəri Arif Babayev dedi ki, Hacı Məmmədov və onun dəstəsinin cinayət əməllərinin üzə çıxması və zərərsizləşdirilməsi MTN-nin xidmətidir. Ötən dövrlərdə bu dəstənin vaxtında zərərsizləşdirilməsində xidməti vəzifələrinə məsuliyyətsiz yanaşdıqlarına və prinsipsizlik göstərdiklərinə görə nazirliyin bir sıra idarə və şöbə rəisləri daxili təhqiqat nəticəsində müəyyənləşdirilərək Milli Təhlükəsizlik orqanlarından kənarlaşdırılıb.


XS
SM
MD
LG