Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:33

Kirayə bazarında qiymətlər bahalaşıb


Bakı Dövlət Universitetinin yataqxanası, 18 fevral 2007
Bakı Dövlət Universitetinin yataqxanası, 18 fevral 2007
Bir neçə həftəyə ali məktəblərdə dərslər başlayacaq. Neçə illərdir tələbə yataqxanalarında məcburi köçkünlər yaşadığından bu dövrdə tələbələr, valideynlər ev axtarışına çıxır. Kirayə ev verənlər də, ev götürənlər də deyirlər ki, kirayə bazarında qiymətlər bahalaşıb.

Mingəçevirdən gəlmiş Asif deyir ki, universitetə qəbul olunanda necə sevinmişdisə, ev axtarışına çıxandan sevinci alt-üst olub:

«Bir həftədir ev axtarıram. Tələbə adamam. 200-250 manata evlər deyirlər ki, çox pis şəraitdədir. Belə evləri «Vorovski»də, «Nərimanov»da təklif edirlər. Ümumi həyət evləridir, ev sahibi, 5-6 qonşu bir yerdə. Adamın puluna heyfi gəlir».

«KƏNDDƏ ELƏ EVLƏRDƏ HEYVAN DA SAXLAMAZLAR…»

Kamil Əliyev də neçə gündür Bakıdakı ev bazarını ələk-vələk edir. Deyir ki, ali məktəbə qəbul olan qızı üçün 250 manata qədər ev axtarır, tapmır. Gedib baxdığı evlər isə onu dəhşətə gətirib:

«Elə şəraitsiz evləri elə qiymətə deyirlər ki... Kənddə o yerlərdə toyuq, heyvan saxlamazlar ki, xəstəlik tapar, bax o cür evi 200 manata deyirlər, pəncərəsi də yoxdur».

Maklerliklə məşğul olan Sabir Məmmədov deyir ki, qiymətlərin qalxmasına səbəb təkcə tələbələrlə bağlı deyil. Rayonlarda işsizlik olduğuna görə Bakıya axın çoxdur. Bu da kirayə bazarında bahalaşma yaradır:

«Bakıya axın çoxdur. İndi kirayə evlərə tələbat artıb. Ona görə də bahalaşma var. Bina evlərində 350 manatdan aşağı bir otaqlı yoxdur. Nərimanov, Gənclik metrosu yaxınlığında qiymətlər belədir. Şəhərdə isə lap bahaçılıqdır, azı 1000 manata. Rayonlarda işsizlik olduğundan Bakıya axın çoxdur. Onlar isə əsasən ucuz ev axtaranlardır. Onlar ümumi həyət evlərində ev sahibi ilə bir evdə 160-180 manata qalır».

QİYMƏTLƏR NİYƏ QALXIR?

«Marketinq Biznes Analitika» məsləhət və qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimovsa kirayə bazarında qiymət artımının səbəbləri haqqında bunları deyir:

«Bu müddətdə tələbələr çox müraciət edirlər. Həm də tikinti sektorunda intensivlik artıb. Yeni işləməyə gələnlər də çoxdur. Onlar da kirayə bazarına, xüsusilə ucuz kirayə bazarına üz tuturlar».

Ev kirayəsində vasitəçilik edənlər deyirlər ki, indi Bakıda ən ucuz kirayə evlər «Nizami», «Nərimanov», «Elmlər Akademiyası» metrosu yaxınlığındakı ümumi həyət evlərindəki bir otaqlı, şəraitsiz evlərdir. Onların qiyməti 150 manatdır. Ən bahalı kirayə evlər isə 3-4 mərtəbəli villalardır ki, onların aylıq qiyməti 9-10 min manatdır.
XS
SM
MD
LG