Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:44

Fəxri Uğurlu "MƏRYƏMİN OĞLU" (Hekayə)


Qara xəbər qara yel kimi kəndin bu başından o başına əsdi, çəpərləri aşıb qapıların arasından evlərə axdı, pəncərələrə çırpılıb şüşələri çiliklədi, damların örtüyünü atdı. O yelin qabağına düşüb diyirlənə-diyirlənə özünü kəndin ayağındakı evinə yetirən kişi yaylı taxta doqqazı əlindən necə buraxdısa, qapı çərçivəni yarıb çöl üzə açıldı. Kişi evin üstünə haya çatırmış kimi gedə-gedə:
- Arvad, Məryəmin oğlunu öldürdülər! – dedi.

Qadın bu vaxt çiçəkləri təzələmək üçün əlində boş güldan üst evdən düşürdü. Kişinin dediyini eşidəndə çığırıb əllərini üzünə apardı, güldanın cingiltisi qadının çığırtısına calandı, büllur qab un kimi ovulub qırma kimi dörd yana dağıldı. Otluqda azmış cücəni güdən pişik səksəndi, çil fərənin başından basan xoruz qanad çırpıb acıqlı-acıqlı banladı, hind toyuqlarını hıçqırıq tutdu. Qadın ayaq tutmayıb pilləkənə çökdü. Elə o çökən çökdü, bir də qalxmadı...

XXX

Kişi onu ehmalca qucağından çarpayıya düşürtdü. Toy gecəsindən də bu çarpayının belində adlamışdılar, o gecədən qabaq da, sonra da onları bu çarpayıdan başqa heç nə qovuşdura bilməmişdi.
Bağçaya açılan pəncərədən içəri yaz dolurdu. Gün işığı qadının üzündə sevinc kimi gəzirdi. Kişi əlini pərdəyə atanda qadın qoymadı:
- Qoy üzüm dərddən saralınca gündən saralsın.
- Dilim tökülsün, nə biləydim xəbər sənə belə dəyəcək...
- Özünü yamanlama, kişi, sən məni lap yerində haxladın...
- Yazıq Məryəm, yetim Məryəm bu dünyada qazandığını gözü görə-görə itirdi. Ata çörəyi dadmadısa da, ana südü içdi, dünyadan mayasını tutdu, ölmədi. Dayı evində böyüdü, dayısının arvadına nökər oldu, uşaqlarına qaravaş oldu, yenə yıxılmadı, baxtından küsmədi...
- Altı ayın gəliniydi əri qoyub gedəndə - kişinin oğlu cənnəti ayağının altından qaçırıb quzeyin don atmış torpağında çörək axtarırdı. Onun da yurd istəyi, ev-eşik mehri orda buz bağladı, yavaş-yavaş kağızı da kəsildi, pulu da...
- Denən Məryəm sınmaq nədi, bircə yerindən çat verdimi! Dedi qurban olsun hamısı oğlumun dırnağına...
- Yazıq Məryəm, gedişi gəlişindən də betər oldu, on illərə qazandığını bir göz qırpımında itirdi, gedən ayaqda nə kimi qaldı, nə kimsənəsi. Bax, yetimlik buna deyərlər – ana balasından yetim qalır! Nə yaxşı mənim uşağım olmadı!..

Kişi onun ayağını bərk-bərk bükə-bükə:
- Sözündən belə çıxır uşağı olmayan yetimdən də pisdi, - dedi, - lap yetimin yetimidi.
- Adam dadını bilmədiyi meyvəyə umsunmaz, - qadının səsi getdikcə öləziyirdi.
- Yaxşı, özünü üzmə, - kişi yaxın dərdi burda qoyub uzaq dərdə əl elədiyindən duyuq düşən kimi gerilədi, - al bu suyu iç... Biz də bilirdik, Məryəm də bilirdi bir gün oğlu öləcək. Kaş hamı öz əcəliylə öləydi, heç kimə özgənin ömrünü kəsmək ixtiyarı verilməyəydi...
- Ya da heç olmasa öldürülən adam dünyaya qayıdıb, qırılan ömrünü yenidən yaşaya biləydi, ta öz əcəlinə yetişənəcən ayağı yerdən üzülməyəydi.
- Bu lap yaxşı olardı, paxıllıqdan kimsə kimsəni öldürməzdi.
- Kişi, desəm dünya elə belə qurulub, inanarsan?
- Sən dincəl, arvad, özünü üzmə, nə desən, inanaram, təki sən dincəl...

XXX

Gözü yumulu olsa da, üzünə düşən işığın azca soyumasından qadın günün əyildiyini duyurdu.
- Ayağının keyi açılmadı?
- Yox, hələ üstəlik, qollarım da keyiyir.
- Sənin halından gözüm su içmədi, arvad. Durum həkim dalınca gedim.
- Getmə.
- Niyə, tək qalmaqdan qorxursan?
- Mən elə indi də təkəm... İstəmirəm həkim məndə yaşamağa həvəs oyatsın. İndən belə o həvəsi bu çürüyən canımda necə gəzdirim?
- Elə deyil. Sənin indi ölməyə həvəsin gəlib, həkim o həvəsi canından çıxaranda düzələcəksən.
- Tələsmə, kişi, səhərəcən gözləyək. Düzəlməsəm, ertədən gedərsən həkim dalınca.
- Qorxuram gecə halın pisləşə, evimi yıxasan, arvad.
- Bu qısır kötuk sənə nə verib, üstündə belə əsirsən? Bircə yol barını da dərməmisən.
- Barını dərməsəm də, kölgəsində yatmışam, istidən-yağışdan daldalanmışam. İstəmərəm kölgən bir gün də üstümdən çəkilə.

Kişi danışa-danışa mürəbbəni çaya qatıb qarışdırdı, fincanı qadının dodağına söykədi:
- İsti-isti iç, qırışığın açılsın.
- Qırışıq nədi, donmaq nədi, kişi, quruyuram ey, quruyuram, bir dolu arxı dodağıma calasan, yenə canım sulanmayacaq. Heç bilmirəm ilin-günün hansı vədəsidi, bilmirəm yaydı, ya qışdı. Ağlım kəsəni canım duymur. Üzü axşama doğrudu, indilərdə hava sərin olar.
- Hə, sərinləyib. Bircə qurtum da iç, bircə qurtum da...
- Darıxma, kişi, darıxma, sənə təskinlik üçün nə gərəksə, hamısını eləyəcəm. Qoymaram elə biləsən mənim ölümümdə əlin var.
- Mən elədim, arvad, dilim quruyaydı, səni bu günə mən saldım. Bə sən Məryəmin yerinə olsaydın, neyləyərdin? Yazıq Məryəm, başımız qarışdı, hayına da gedəmmədik.
- Yazıq Məryəm... Dözəcək, bala dağına da dözəcək... Bircə mənim dərdimə dözməzdi. Heç kəs dözməzdi.
- Nədi, yenə köhnə yaran qanadı? Otuz üç il qulluğunda qolu bağlı duran ərin on altı il ürəyinlə oynayan qadın düşgünü qədər hörməti olmadı sənin yanında. Adına elə sözlər çıxmışdı, məndən başqa bir it oğlunun sənə nəfsi keçməzdi. Dost-aşna sənə görə məndən qıraq dolandı, qohum-qardaş cəmdəyimə tüpürdü, yenə də səni fələyin caynağına vermədim. Sənin üstündə kökümüz-budağımız qana bulaşdı, əmim arvadı bugünəcən səni qarğıyır, balalarımı günaha batırdı, türmələrdə çürütdü deyir, di gəl, mən bircə yol da səni onların ayağına vermədim. Oğlanları qayıdanacan əmimə nökər oldum, türməyə şələ daşıdım, səni dildən-ağızdan qurtarmaq üçün ilan kimi qabıq qoydum... Anam, bacılarım səni boşatmaqdan ötrü nə qədər yalvardılar mənə, qısır arvad toxumunu kəsəcək deyib başımı min yerdən deşdilər, beynimi doldurdular, əsəblərimi gəmirdilər, ancaq səni mənim əlimlə sındıra bilmədilər. Elə sən özün... Sən özün özünə günü gətirmək istəmirdinmi, bax elə bu Məryəmi mənə almaq istəmirdinmi?..

Qadının içi daşmışdı, gözlərindən sel açılmışdı:
- Can, ay kişi, anan ölsün, mənim ucbatımdan fələyə bac vermisən, ömrün biyara gedib. Əvəzində bircə yol ona baxdığım baxışla üzünə baxmamışam, onu çağırdığım səslə adını çəkməmişəm. Allahın bir kor, keçəl qızına da tamarzı qoydum səni. Nə deyim, kişi, bacarsan, əməyini halal elə, ömrünü halal elə.
Kişi özünü pəncərənin ağzına verib üzü bağçaya durdu, səsinin titrədiyini gizlətmək üçün yavaşca:
- Halal xoşun olsun, - dedi, əlini dəsmalına atdı.
- Mənim də üzümü sil, qolum qalxmır, yaş gözümü yandırır...

XXX

Kişi bir ləyən isti su gətirmişdi, qadının ayaqlarını suya qoyub ovuşdururdu.
- Heç demədin kim öldürüb o tifili.
- Kim öldürəcək, Xanoğlanın gədələri. Poçtun qabağında maşından düşdülər, ikisi yetimin qollarını burdu, böyüyü də haylayıb hamını başına yığdı. Çayxanada, dükanda, idarədə nə qədər adam vardı, yığıldı poçtun qabağına. Xanoğlanın böyük gədəsi də səsinin gur yerinə salıb dedi, camaat, eşidin, bilin, bu dul arvadın oğlu bizim nəslin namusuna əl aparıb, bacımızı almaq adıyla başdan çıxardıb, yoldan sapdırıb, sonra da deyib məndən sənə ər olmaz, mən erkək deyiləm, deyib, sənə də dişi kimi baxmıram, sənin dişiliyin tutubsa, get özünə kişi axtar... Dediyinə görə, qız dünən özünu asıbmış, üstünə düşüb boğazını ilgəkdən çıxardanda ağzından qanlı köpük gəlirmiş, axır nəfəsinə çatıblar.
- Kişi, bəs o qədər adamdan biri irəli durub Məryəmin oğlunu onların əlindən ala bilmədi? Ya almaq istəmədi?..
- Arvad, sözün düzü, heç kəs işin belə bitəcəyini unamırdı. Məryəmin yetimi də dartınıb onların əlindən çıxmağa çalışmırdı, dinməzcə durmuşdu. Deyərdin uzağı bunun sonu yumruq davasıyla bitər. Xanoğlanın böyüyü səki daşının üstünə çıxıb odlu-odlu danışırdı. Deyirdi bizdən olsa, beləsinə itimizin küçüyünü də vermərik, ancaq dədəmizin-anamızın öyüdünə, bacımızın istəyinə qarşı getməmişik. Hamı bunu bizim evin adamı bilir, deyirdi, bacımıza görə biz də buna salam vermişik, nə biləydik qudurub üstümüzə yeriyəcək. Evdə toya-nişana hazırlıq görüldüyü vaxtda sən bunun danışmağına bax, deyirdi. Axırda da dedi, camaat, eşidin, bilin, biz namusumuzu çöldən tapmamışıq. İndi özünüz deyin, sizin başınıza belə bir oyun gətirən adama nə cəza verərdiniz?.. İçi mən qarışıq bir köpəyoğludan səs çıxmadı. Hamı gözünü Məryəmin oğluna dikmişdi, görsün o nə deyir. O qoyma-harayda yetimin gözü yol çəkirdi! Yazıq heç gözünü yoldan yığmağa macal tapmadı, Xanoğlanın hər gədəsinin qoltuğundan bir qəssab bıçağı çıxdı. Gözümüzün qabağında Məryəmin əməyini puça çıxartdılar...
- Kişi, bə sən? Heç olmaya sən irəli duraydın, ağsaqqallıq eləyəydin, saqqalın sözü keçməsə, harayçılıq eləyəydin. Axı yetim sənin gözünün qabağında böyümüşdü, barı sən qıymayaydın ona.
- Arvad, düzünü deyim mən qabağa düşməyə utanardım. Adama deyərlər belə qoçaqsan, vaxtında əmin oğlanları sənin namusunu qoruyanda onların da qabağını kəsəydin... Üstəlik, hər şey yuxu kimi oldu-keçdi. Bıçaqlar işə düşəndə mən özümdən getdim. Ayılanda gördüm həkim polisə, polis əsgərə qarışıb, qulağım səs ötürməsə də, hay-küyü dərimlə eşidirdim...
- Su soyudu daha, gəl ləyəni götür, məni yerimə uzat.

Kişi ləyəni götürüb getdi, suyu aynabənddən aşağı axıdıb qayıtdı, qadını çarpayıya uzadıb üstünü basdırdı.
- Kişi, deyirsən qabağa düşsən, səni qınayarmışlar. Bəs indi özün özünü qınamayacaqsan?
- Öz qınağıma birtəhər dözərəm, arvad, özgə qınağına dözmək olmur. Bir də axı bilirsən, mən onda əmim oğlanlarını o işdən daşındıra bilmədim. Yer-göy şahiddi, mən onun öldürülməyini istəmirdim, çünki sənə, düzünü bilmək istəsən, elə ona da inanırdım.
- Nəyə inanırdın, bizim sevişmədiyimizə?
- Sevişdiyinizə inanırdım, pozğun olduğunuza inanmırdım. Ancaq əmim oğlanlarını belə nağıllara inandıra bilməzdin. Həm də onlar məni fağır, əlsiz-ayaqsız bilirdilər, nəslin adını qorumağı məndən ummurdular da. Mənə qalsa, mən sənə o gün də inanmışam, bu gün də inanıram.
- Ay yaziq kişi, axı sən nə bilirsən inam nədi! Sən mənə inanmırdın, eləcə özünü inandırmaq istəyirdin. Mənim yanımda əmin oğlanlarının sözünü deyirdin, onların da yanında məni suya çəkirdin. Hər əməli özgə arşınıyla ölçdüyünə görə də bir adamı gözünün qabağında düz iki yol öldürüblər, səsin də çıxmayıb.
- Nə sayıqlayırsan, arvad, kimi iki yol öldürüblər?
- Darıxma, kişi, hamısını biləcəksən...

XXX

Kəndə bir bənöyüş axşam düşürdü. Örüşdən qayıdan inəklərin səsi balasının hənirini alan qoyunların səsinə, təzə peyin buğu ocaq tüstüsünə qarışmışdı. Azıb pəncərədən içəri təpilən yorgun arı çıxmağa yol axtarırdı.
- Yadındamı, onda da yazın bu çağlarıydı...
- Yadımdadı.
- Gün də o günkü günə bənzəyir, hava da ondakı kimi qoxuyur, arı da ondakı kimi vızıldayır...
- Arı ayrı cür vızıldamaq bilmir.
- Onu da poçtun qabağında öldürmüşdünüz...
- Mən öldürməmişdim, öldürmüşdülər.
- Nə fərqi var, sənə görə öldürmüşdülər.
- Ona qalsa, sənə görə öldürmüşdülər.
- Düz deyirsən, mən gərək toyumuzdan sonra onu görüşə çağırmayaydım.
- Bəs niyə çağırdın?
- Sənin ərliyindən gileylənməyə mənim heç vaxt haqqım olmayıb, kişi. Ancaq mənim kimilərinə həmişə ər azlıq eləyib, istəmişik dərdimizdən ölən, dərdindən öldüyümüz sevgilimiz də olsun – qoy lap onun yolunu min il gözləyəsi olaq, qoy lap qəbirdə olsun... Hə, o da mənim çağırışımdan ürəklənib hər gün məni məktəbdən evə ötürməyə başladı. Yolumuz bağdan keçirdi deyə arxayın danışa bilirdik. O bağdakı ağaclar şahiddi, yazıq bircə yol da sənin qaranca daş atmadı, üstəlik, mənə səndən muğayat olmağı tapşırardı. Əmin oğlanları da bizi elə bağda güdürmüşlər, özü də necə gizlənirdilərsə, bircə yol da üz-üzə gəlmədik. Bilmirəm gizlənməyəni güdməkdə, qorunmayanı öldürməkdə nə qoçaqlıq tapmışdılar...
- O səni alsaydı, yenə özünə sevgili axtaracaqdın?
- Gördünmü almadı, dilimlə dedim, yenə almadı. Eləsi qızları sevər, ancaq almaz.
- Məryəmin oğlu da Xanoğlanın qızını sevdiyindən almadı?
- Yox, mən bilən, qız özü onun dərdindən ölürmüş. Məryəmin oğlu da qızın istəyini özündən yayındırıb öz bildiklərinə tuşudurmuş, ona keçmişdən- gələcəkdən, özgə dünyalardan danışırmış, öz kitablarını bir-bir qıza da oxudub sonra dolaşıq yerlərini çözələyirmiş. Qız da onun göstərdiyi qayğını ayrı yana yozub, bir gün də dözməyib soruşub bəs bizə haçan elçi göndərəcəksən, kənddə dillərə düşmüşük... Bundan sonra Məryəmin oğlu qıza Xanoğlanın böyük gədəsindən eşitdiyin o sözləri deyib.
- Xanoğlanın qızını alsaydı, yetim ağ günə çıxardı, Məryəmin də üzü gülərdi... Bəlkə yazıq kişilikdən düşübmüş, deməyə utanırmış?
- Şəhərə oxumağa gedəndən sonra pozğunluqda ad çıxarıbmış, deyirmiş bu şəhərdə nə qədər gözəl qız var, hamısı mənim olmalıdı. Görkəmi gözəlidi axı anası ölmüşün... Məryəm şəhərə gedib yanında qalandan sonra bir az özünü yığışdırıb. Bir gün də, anası deyirdi, kitablarını yanına yığıb qırx gün evdən çıxmadı. Oxudu, oxudu, oxudu... oxuyub qurtarandan sonra dəyişib oldu ayrı adam... Yazıq Məryəm yanında evlənməkdən söz saldıqca, subay-ərgən qızları sadaladıqca elə hey deyirdi darıxma, ana, öz istədiyim var, gün gələr, səni sevindirərəm.
- Kimmiş istədiyi?
- Bilmirəm.
- Gözünün içinə kimi yalan deyirmiş, istədiyi-zadı olmayıb onun. Beləsini yaxşı tanıyıram, qızların gözü üstündən çəkilməsin deyə evlənməz, hamıda gözü olduğundan heç kimə yaxın durmaz, axırda da hamıdan əli üzülər, tək qalar. O da beləydi, yadından çıxıb?..
- Yox, mən bilən, o, Xanoğlanın qızını atmayıb, qıza iki yol göstərib – özünün getdiyi yolu, bir də getmədiyi yolu.
- Bəlkə o da səni atanda sənə yol göstərirmiş, hə? Danış görüm, o nə deyib atmışdı səni atanda? Danış, danış, onsuz da o zamandan çox keçib, cavanlıq sirlərinin saxlanma müddəti çoxdan bitib.
- Kişi, desəm inanmazsan, bu dar vaxtına and olsun, Xanoğlanın gədəsindən nə eşitmisənsə, onu demişdi. Bir kəlməsi də o yan-bu yan deyil...

Kişinin dərisi qaz dərisi kimi dımırlandı, içinə soyuq yel doldu, sonra alnına tər gəldi. Tez durub işığı yandırdı, papirosunu odlayıb pəncərənin qabağına keçdi.
- O sözü Məryəmin oğlu hardan eşitmiş ola? – Kişi burasını qadından yox, özündən soruşdu.
- Heç kimdən eşidə bilməzdi, kişi, heç kimdən, - qadın bəmdən ağlayırdı, - öz içindən eşidib, öz içindən, içindən...

XXX

Söz açılmışkən kişi qadının içinə yenə qarmaq salladı:
- Bə sən soruşmadınmı mən qız uşağı bu zalım elin içində, zalım yerlə zalım göyün arasında necə baş girləyim, necə yaşayım?
- Dedi mən necə yaşayıram, sən də elə yaşa.
- Niyə onun dediyi kimi yaşamadın?
- Mən bilmirdim onun kimi yaşamaqdan ötrü neyləməliyəm. O yanımda olanda yolumu-səmtimi bilirdim, o, üzünü çevirib gedəndən sonra elə bil ucu-bucağı görünməyən bir dənizin üzündə qaldım – nə yol vardı, nə cığır, nə bir qaraltı gözə dəyirdi, nə bir ada, nə bir su qırağı. Yerlə göyün arasında qalmışdım – nə yerdə yerim vardı, nə göydə... Onda səni köməyə çağırdım. Yadındamı, xəbər xəbər dalınca göndərirdin, ondan sənə ər olmayacaq deyirdin, səni yarı yolda atıb gedəcək deyirdin, bir ismarıc yolla, gəlim səni hara istəsən aparım deyirdin. Mən də həm təklik qorxusundan, həm də onun acığına dedim gəl apar məni. Elə bilirdim sən də məni o apardığı yerlərə apara bilərsən. Demə, sən məni öz damının altına, öz ocağının qırağına aparırmısan...
- Bəs o səni haralara aparırdı?
- Düzünə qalanda heç yerə. O, dünyanın ozünü çəkib mənim yanıma gətirirdi. Bir də görürdün bizim bu tozlu-palçıqlı kəndimiz yer üzünün küncündəki küllükdən dikəlib qalxdı, üstünün zir-zibilini, kir-pasağını çırpıb dünyanın düz ortasınacan uçdu... Dünyalar başımıza hərlənirdi, ay-ulduzun işığı gözümüzə düşürdü... Elə bilirdim dünyanın hər yerindən kəndimiz görünür, hər yerdən bizə baxırlar. Onda gözdən-könüldən iraqda qalmaqdan qorxmurdum, darıxmırdım, sıxılmırdım... Elə toyumuzun səhəri günü yanıldığımı başa düşdüm: intihar eləmişdim! Ancaq hələ nəfəsim gedib-gəlirdi, ilgək boğazımı üzməmişdi. Özümə ürək-dirək verirdim, nə olsun, deyirdim, o yenə sağdı, mənim bir addımlığımdadı, yenə onu görərəm, yenə dil tapıb barışarıq, onsuz da məni, ya bir özgəsini özünə arvad eləyəsi deyildi - yenə sevgililər kimi dolanarıq. Düşünürdüm sizi də barışdıraram. Üçlükdə ömür-gün sürərik, sən uşaqlarımın atası, o da müəllimi olar. Düşünürdüm ömrümü sizin aranızda bölə bilərəm, sənin borcunu sənə, onun borcunu da ona qaytara bilərəm. Ancaq sən məndə qalan borcunu geri ala bilmədin. Onu öldürtdün, borcunu batırdın, üstəlik, qalan ömrünü mənə qan bahası ödəməyə sərf elədin.
- Bəs o necə, ala bildimi borcunu səndən?
- Mən ona dünya durduqca borcluyam. Mənim bütün varlığım ona qaytarılası borcdu, ayrı bir şey deyil.
- Mən də özümü istətməkdən ötrü dəridən-qabıqdan çıxırdım, canımı qurban verirdim. Nə biləydim qadının istəyini qazanmaqdan ötrü onu nəzərdən salmalısan, aldadıb-oynatmalısan, dizin-dizin süründürməlisən...
- Yox, kişi, sən dediyin istəyi nə süründürməklə qazanmaq olar, nə də özünü qurban verməklə. Kişi gərək qadının qulu olmasın, ağası olsun.
- Qadını da qaravaşlığacan alçaltsın, eləmi?
- Yox, xanımlığacan ucaltsın. Bir dəfə ondan soruşdum: doğru deyirlərmi qadın kişinin qabırğasından yaranıb?

Dedi yalan sözdü, qadın kişinin ruhundan yaranıb, hansı kişi özünü Tanrı bilsə, qadın onun gözünə mələk donunda görünər. Hə, bax düppədüz belə dedi...

XXX

Toran qovuşduqca quşlar səsini götürüb bir-bir xordan çıxırdı, hər quş öz yuvasına, öz yuxusuna çəkilirdi. Evlərdə işıqlar yanır, qapılar kilidlənir, pəncərələr yumulurdu.
Kişi durub pəncərəni bağladı, pərdəni çəkdi.
- Görürsənmi axşam düşən kimi inək naxırdan ayrılır, qoyun sürüdən, quş dəstədən. Gecə hərəsi öz qınına çəkilir, birinin o birindən xəbəri olmur. Səhər açılanda yenə bir yerə toplanırlar, bir yerdə otlayıb, bir yerdə dənlənib, bir yerdə xatadan qorunurlar. Bizim bu işıqlı dünyaya gəlib-getməyimiz də belə bir şeydi: hər kəs ömrünün səhərində öz ulduzundan qopub gəlir, yer üzündə zühur eləyir, özgə ulduzlarla alışıb-verişir, ömrün axşamı düşəndə yenə öz ulduzuna, öz yuxusuna çəkilir, bir də qayıtmaq üçün növbəsini gözləyir.
- Bu dərsi də ondan almısan?
- O, ölümə inanmırdı. Deyirdi məni öldürsələr, yer üzünə bir də qayıdacam, özü də növbəsiz-filansız. Deyirdi öz əcəliylə ölməyən öz ulduzuna çəkilmir, yerlə göyün arasında pusqu qurub yer üzündə yenməyə bir can güdür, yenib, yarımçıq qalan ömrünü başa vuranacan, ta öz əcəlinə yetişənəcən bir də yaşayır. Deyirdi bu quruluş adamların yamanlığını puça çıxartmaqdan ötrü belə qurulub... Hə, belə deyirdi, özü də baxırdın öldürüləcəyini lap ovcunun içi kimi bilir, ancaq qorxub-eləmir. Elə bil qorxmağı anadangəlmə bacarmırdı. Sağlam adama mədənin nə təhər qıcqırdığını, başın nə sayaq ağrıdığını qandıra bilərdin, ancaq ona təhlükənin, qorunmağın nə olduğunu, nəyə gərək olduğunu anlada bilməzdin. Hərdən mənə elə gəlirdi bu da bir xəstəlikdi.
- Xəstəlik olmayanda bəs nədi! Qorxu adamı çox yamanlıqdan, çox bədbəxtlikdən qoruyar. Bax, onun qorxusu olsaydı, özgənin arvadıyla, təzə gəlinlə kəndin ortasında əl-ələ gəzib camaatı öz üstünə qaldırmazdı, özünü də, əmim uşaqlarını da, düşgün anasını da, bizi də bədbəxt eləməzdi – çox da sən özün onu görüşə çağırmışdın! Az qalmışdı səni də özüylə apara.Yadından çıxıb səni nə zülümlə yaşamağa qaytardıq? Həkimlər dalınca düz o dünyanın qapısınacan getdilər...
- Özümə qayıdanda başımda yaranan birinci fikir bu oldu: lap yaxın vaxtlarda o, yer üzünə qayıdacaq, hardasa yenidən doğulacaq. Mən dünyanı qarış-qarış gəzib, filan ilin filan aylarında doğulan oğlan uşaqlarının üzünə baxa-baxa onu taparam, qara dərinin, sarı dərinin altında da onu tanıyaram!.. Fikirdən beynim işıqlandı, bir az dinclik tapdım. Özümə söz verdim: canım bərkiyən kimi buralardan ilim-ilim itəcəm, ömrümə bir gün də qalsa, onu tapıb sonra köçümü tutacam; çətinə düşsəm, qəzetlərdə elan verəcəm, şəkillərini yayacam, şamanları, kahinləri, cadugərləri köməyə cağıracam... Elə bu xəyalla dirilib yataqdan qalxdım, iştahım açıldı, qız-gəlinə qoşuldum, üzüm güldü. Məryəm onda boyluydu, yetirmişdi, deyirdilər bu gün-sabahlıqdı. Bir gün də xəbər çıxdı bəs Məryəmin oğlu olub. Qonşulara qoşulub mən də Məryəmə gözaydınlığı verməyə getdim... Körpənin üzünə baxan kimi onu tanıdım: özüydü, Məryəmin daxmasında dünyaya qayıtmışdı! Uşağa baxdım, ağladım, baxdıqca ağladım, canımın suyu quruyanacan, gövdəm cadar-cadar olanacan agladım... Arvadlar mənim ağlamağımı özgə yana yozdular. Beləcə, kənd onun qırxına axışıb ehsanını yeyəndə mən onu Məryəmin daxmasında diri tapdım...

XXX

Məryəmin evi sarıdan ağlaşma səsi gəlirdi.
- Neçə il keçib o vaxtdan?
- Otuz üç il.
- Yazıq Məryəm... otuz üç illik əməyi otuz üç saniyədə puç oldu.
- Sən Məryəmin dərdinə qalırsan, ancaq mən o qızın gününə ağlayıram. İndi Xanoğlan qızının boğazını ilgəkdən çıxartsın, görüm necə çıxardır. Mənim eşitdiklərimı o qız da eşidibsə, daddıqlarımı dadıbsa, indən belə onu çətin nəyləsə doyurmaq ola. Mənim bəxtim gətirdi, min ildə bir yol baş verən başıma gəldi. Bəs o qız neyləyəcək?..
- O da sənin eləmədiyini eləyər, qezetlərdə elan verər, “bu adda, bu nişanda bir gənc itirmişəm” yazar.
- Mən inanıram, o qız nə itirdiyini başa düşsə, bir gün itiyini tapacaq.
- Tapıb özünü mələk, qadın düşgünlərini də Tanrı biləcək... Arvad, deyirəm bəlkə onun istədiyi elə sən olmusan?
Gözümün qabağına gətirirəm: sən Məryəmin gəlinisən, Məryəm də sənin qaynanan, - kişi bu yerdə özünü saxlaya bilməyib güldü. - Barı sən də onun yadında qalmışdınmı, bilirdimi sənin üstündə öldürüblər onu? Axı dərs deyirdin ona, hər gün üz-üzə gəlirdiniz...
- Yox, mən onun yadında qala biməzdim. Onun yaddaşı da, ağrıları da bədəniylə birgə çürüyüb getmişdi... Mən onun ruhunun yadında qalmışdım. Bu da bir ayrı cür yaddaşdı. Bilirsən necə? Elə bil çoxdan, lap çoxdan bir gözəl şəkilə baxmısan, ya bir gözəl kitab oxumusan, ya da bir gözəl adam görmüsən; illər keçib, nə o şəklin bir cizgisi-boyası, nə o kitabın bir cümləsi, nə də gördüyün adamın üzü yadındadı, ancaq o şəklin də, kitabın da, adamın da səndə oyatdığı duyğunu unuda bilmirsən. Hərdən-hərdən o duyğu ləpələndikcə yaddaşını yeli vurur, yadına heç görmədiyin mənzərələr, görmədiyin adamlar düşür... Mən dərs dediyim yerdə bir də baxırdım gözünü gözümə zilləyib durub, gözləri yol çəkir, özü də yolu düz mənim içimdən keçir. Utandığımdan pörtürdüm, dilim dolaşırdı, təbaşiri yerə salıb götürməklə vaxt qazanırdım. Uşaqlar mənim halımı görüb döyükürdülər, ancaq onun tükü də tərpənmirdi, gözlərinin çəkdiyi yola düşüb gedə bildikcə gedirdi...
- Bə sən niyə olanları açıb danışmırdın ona? Danışsaydın, bəlkə yetimin başına belə müsibət gəlməzdi, qaragün Məryəm də bu yaşında sonsuz qalmazdı.
- Deyirsən onun bədəninin yaddaşını oyadaydım? Bu, yaxşı şey olsaydı, dünyaya gələn hər kəsə qabaqkı ömrünü də yada salmaq imkanı verilərdi... Olub-keçəni bilsəydi, qorxu, nifrət onun beynini zədələyərdi. Mən onu çatlamaqdan, sınmaqdan qorumağı boynumun borcu bilirdim. Yazıq Məryəm mənim qorxumdan uşağına güldən ağır söz deyəmmirdi. Yadındamı, balaca vaxtı dərsə də özümlə aparıb özümlə gətirirdim. Səhər-səhər qapıdan çıxanda görürdüm döngədə durub məni gözləyir. Əl-ələ tutub gedirdik. Sən döngəyə çıxıb dalımızca baxırdın... Gözünün qabağında möcüzələr baş verib, kişi, heç birindən xəbərin olmayıb!.. Göyün üzü açıq olanda dağlar uzaqdan aydınca görükürdü, o dağlardan üzümüzə qar küləyi əsirdi. O, əlini qarlı dağlara uzadıb soruşurdu, müəllim, bəs dağların o üzündə kim olur? Deyirdim heç kim olmur, oğlum, orda böyük, ucsuz-bucaqsız bir boşluq var. Deyirdi bəs boşluq nədi? Deyirdim adam yaşayan yerdə daha adam yaşamayanda ora boşluq deyirlər. Soruşurdu bəs oralarda niyə heç kəs yaşamır? Deyirdim orda bir zaman biz özümüz yaşamışıq, sonra da iş-güc, dolanışıq dalınca dağlardan düşüb dağılmışıq bu düzlərə, indi də ha çalışırıq, işimizi-gücümüzü, dolanışığımızı buraxıb ora qayıda bilmirik... Beləcə, bir vaxt ondan öyrəndiklərimi indi onun özünə qaytarırdım. Mən danışdıqca o tez-tez dönüb dağlara baxırdı... Yadındamı, əmin oğlanları cəzalarının yarıdan çoxunu çəkəndən sonra düzüb-qoşub onları türmədən buraxdırdınız, onlar da qayıdan kimi yolun qırağında sallaqxana açdılar. Bax, o sallaqxananın yanından keçəndə dartınıb əlimdən çıxırdı, üstü-başı qanlı əmin oğlanlarının əti necə həvəslə doğradığına uzun-uzadı baxırdı. Mən onları gözüm görməsin deyə dönüb onu çağırmırdım, xeyli uzaqdan qayıdıb baxanda görürdüm necə durmuşdusa, elə də durub. Əmin oğlanları elə bilirdilər uşaq ətə umsunur, ətdən bir tikə kəsib ona uzadırdılar. Onda o, huşdan ayılıb ordan tez uzaqlaşırdı, qaça-qaça gəlib mənə çatırdı.
- Bəlkə əmim uşaqlarının onu nə təhər öldürdükləri yadına düşürmüş?
- Yox, adamlar onun yadına düşməzdi, ağrılar düşərdi. Mən bilən, o dəqiqələrdə onun bədən yaddaşı, qan yaddaşı oyanırdı, yaralarının yeri dillənirdi, ağrısının yadına bıçaq ucu dəyirdi. Mən onun bu halından çox qorxurdum. Adam ata-babalarının əzablarını canı-qanıyla necə duyursa, o da çürüyüb getmiş bədənin ağrılarını canında elə gəzdirirdi. O yaraların ağzı açılsaydı, o ya miskin, ya da cəllad olmalıydı. Bax, mən bundan qorxurdum... Heç yadımdan çıxmaz, əmin oğlu əlində bir parça buğlanan ət uşağın dalınca mat-mat baxırdı. O, ətə yaxın dursaydı, öz ətini yemiş olacaqdı. Dişi qana batacaqdı, ondan sonra adam ətinə yerikləyəcəkdi. Ancaq əmin oğlunun qanlı payı əlində qaldı. Onda bildim ondan nəsə olacaq, mənə hələ uzun illər nəfəs verəcək...
- Ancaq sənə deyim, arvad, kişi kimi cınqırını da çıxartmadı. Harda görünüb bıçaq qarnına işləyə, sənin də gözün yol çəkə?
- Səsini çıxartmazdı, bilirəm. Yaşlandıqca elə bil lal olurdu, bütün günü oturub harasa baxa-baxa fikirləşirdi. Baxışının izinə düşmək olmurdu, niyə susduğunu soruşanda da deyirdi daha danışılası bir şey qalmayıb... Ancaq onda necə dil-dil ötürdü, necə sevinə-sevinə, gülə-gülə qaçırdı üstümə, ilahi! Əmin oğlunun əlindəki tikənin qanı yerə damırdı. O, qanlı torpaqdan qaçıb üstümə uçurdu. Mən onu elə göydə haxladım, yerə düşməyə qoymadım. Gözümün yaşıyla üzünü islatdım... Məni ağlada bildiyini görüb ondan sonra ozünü yanımda uşaq kimi yox, kişi kimi aparmağa başladı.
- Bəlkə də elə ona görə doğa bilmədin. Məryəmin oğluna mehrini saldın, gözün uşaqdan doydu, canın maya tutmadı.
- Yox, kişi, ondan deyil. Ruhum o qədər sevinirdi, o qədər sevinirdi, bədənimi sevindirməyə aman vermədi...

XXX

Məryəmin evində ağlaşma səsi kəsmişdi. Səhərə çox qalmırdı, doğuşların, ölümlərin, ağrıların artan çağıydı.
- Kişi, yatmısan?
- Yox, huşa getmişdim, - kişi oturduğu yerdən sıçrayıb qalxdı, gözünü silə-silə papiros yandırdı. - Bu arvadların səsi niyə gəlmir?
- Görünür, ağlayıb yorulublar. Gün işaranda canlarına yenə təpər gələcək.
- Hə, işıqlaşsın, səni də həkimə göstərək.
- Yox, kişi, mənim həkimim getdi, daha mənimki həkimlik deyil. Ruhsuz bədənə həkim neyləyəcək?
- Səbir elə, arvad, evimi yıxma. Qoy sabah açılsın, gün doğsun, ömür təzələnsin... Yeni gün yeni ömrün də payını yetirəcək.
- Mənim o yeni gündə görüləsi bir işim yoxdu, kişi. Hamının olan dünyada alış-verişim qalmadı. İndi mənim öz dünyama çəkilməyimin vaxtıdı. Bilmirəm, sən o dünyada varsan, yoxsan, ancaq bu dünyada sən mənə çox yaxşı olmusan. Zəhmətini halal elə, kişi.
- Halal xoşun olsun.
- Gün doğsa, qorxuram gedə bilməyəm. Gün hamını öz işığına yığır, şenlik olur, heç kim o şenlikdən ayrılmaq istəmir... Ancaq bir kötüyün gün işığını havayı yerə işlətməsindən nə fayda? Sayğacımız yazacaq, bu dünyada kirəmizin haqqı artacaq. Mən bilirəm, daha məni heç nə diriltməz – nə işıq, nə hava, nə torpaq, nə su. Diriliyim getdi, varlığım getdi, qoy yoxluğum da qalmasın. Məni yola sal, kişi!
- Axı neyləyim, arvad, sən de, mən də eləyim.
- Mənə ürək-dirək ver, yoluma uğur dilə!

Kişi çarpayının yanında dizini yerə qoydu:
- Yolun uğurlu olsun! O dünyan da böyüsün, bu dünya boyda olsun! Pisləri burda qoyub yaxşıları aparasan! İtiklərin tapılsın!..
- Məryəm niyə ağlamır?
- Yəqin yorulub yazıq. Qoy dincəlsin, ağlamalı günü hələ qabaqdadı.
- Üşüyürəm...
Kişi onun üstünə bir yorğan da örtdü.
- Çölüm üşümür, içim üşüyür...
Kişi bir yorğan da gətirdi. Qadının üşütməsi kəsmişdi. Kişi yorğanı yerə atıb pəncərəni açdı. Kəndin itləri bir ağızdan hürüşdü, inəklər böyürüşdü, xoruzlar banlaşdı...
Sonra da Məryəmin evində arvadlar ağlaşdı.

XXX

Gecə kənddə bir oğlan uşağı doğulmuşdu, çığırtısı yatanları oyatmışdı...
Həkimlər Xanoğlanın qızının dalınca o dünyaya getmişdilər, hələ qayıtmamışdılar...

Gəncə, 01 fevral 2007
XS
SM
MD
LG