Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:34

Novruzəli Məmmədovun xanımı prokurorluqda ifadə verib


Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədova

Mərhum Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədova Bakının Nizami rayon Prokurorluğunda ifadə verib. Həbsxanada vəfat edən N.Məmmədovun vəkili Ramiz Məmmədovun AzadlıqRadiosuna açıqlamasına görə, ifadə qadının öz təşəbbüsüylə baş verib:

«Biz hesab edirik ki, Novruzəli Məmmədovun ölümündə qəsdən yol verilmiş hərəkətlər var və günahkarlar mütləq cəzalandırılmalıdır».

Məryəm Məmmədova ərinin ölümünün araşdırılması üçün Baş prokuror Zakir Qaralova şikayət ərizəsi göndərib. Ərizədə M.Məmmədova ərinin öldürüldüyünü bildirir:

«Mən tələb edirəm: bu şikayətimə əsasən N.Məmmədovun ölümünün səbəbləri obyektiv araşdırılsın, bu araşdırmalara beynəlxalq hüquqşünaslar, ekspertlər cəlb edilsin və həyat yoldaşımın sağlamlığına ağır zərər vurmuş və onun ölümünə səbəb olan şəxslər cinayət məsuliyyətinə alınsınlar».

Ərizədən sonra M.Məmmədova Novruzəli Məmmədovun ölümünün səbəbləri ilə bağlı araşdırma aparan Nizami rayon Prokurorluğunda ifadə verib.

Vəkil Ramiz Məmmədovun sözlərinə görə, o da istintaqa ifadə vermək üçün Nizami rayon Prokurorluğuna müraciət edib:

«Yəqin ki, bu günlərdə mən də ifadə verəcəyəm. Novruzəli Məmmədovun ölümüylə bağlı bəzi məqamlar var ki, indidən onu mətbuata açıqlamaq istəmirəm. Amma artıq mən vəkil yox, maraqlı tərəfəm».

Talış Mədəniyyət Mərkəzinin rəhbəri, «Tolişi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov bu il avqustun 17-də Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında vəfat edib. O, xəstəxanaya iyulun son günlərində 15 saylı Ciddi Rejimli Cəzaçəkmə Müəssisəsindən köçürülmüşdü.

2007-ci ilin fevralında həbs edilmiş Novruzəli Məmmədov 2008-ci il iyunun 24-də Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmənin hökmüylə dövlətə xəyanətdə - İran xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
XS
SM
MD
LG