Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:44

Qanuna dəyişiklik erkən nikahın qarşısını alacaqmı?


«Deiyirdilər ki, məcbursan dözməlisən, bu sənin ailəndir, səni döysə də, söysə də, ac da saxlasa…»
«Deiyirdilər ki, məcbursan dözməlisən, bu sənin ailəndir, səni döysə də, söysə də, ac da saxlasa…»
Parlamentin Sosial-siyasət Komitəsi təklif edir ki, Azərbaycanda nikah yaşı 17 yox, 18 olsun. 16 və ya 17 yaşda izdivac bağlanmasına isə yalnız istisna hallarda, daşdankeçərli səbəb olanda icazə verilsin. Bu səbəb haqda az sonra.

NİYƏ 17 YOX, 18 YAŞ?
Milli Məclisin Sosial-siyasət Komitəsinin sədri Hadı Rəcəbli AzadlıqRadiosuna deyir ki, 18 yaşın üstündə təsadüfən dayanmayıblar.

«Biz BMT-nin uşaq konvensiyasına qoşulmuşuq, həmin sənəddə 18 yaş uşaq yaşı sayılır. Bu da şərtdir. Gərək qız 17 yaşında məktəbi qurtara. Yəni oxumaq, təhsil almaq məsələsi var. Biz deyirik ki, qadın ailənin bünövrəsidir. Demək onun uşağı dünyaya gətirmək, tərbiyə vermək məsuliyyəti var. Ona görə yaşı artırmağın xeyli müsbət cəhəti var».

Hadı Rəcəbli deyir ki, 16 yaşlı qız rəsmi nikaha bir halda girə bilər – hamilədirsə…
«Qız əgər hamilədirsə, təcavüzə, zorakılığa məruz qalmayıbsa, ailə qura bilər. Bu da nadir hallarda ola bilər».

«BU ÇIXIŞ YOLU DEYİL, VALİDEYNLƏR CƏZALANDIRILMALIDIR»
«Təmiz dünya» Mərkəzinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, bu təklif məqsədəuyğundur. Amma Azərbaycanda erkən nikahların qarşısını almaq üçün yetərli deyil. Çünki söhbət cəmi bir yaş fərqdən gedir.

«Bu qanun əvvəl də varıydı. Amma bununla belə rayonlarda 14-15 yaşlı qızlar yenə də evləndirilir. Bu da böyük faciələrə yol açır. Əslində, yeni qanunda bir yaş fərq edir. Əvvəlki qanunun icrasında boşluqlar varıydı. Və biz əmin deyilik ki, bu şəkildə qanuna dəyişiklik edilərsə, onun icrasında boşluq olmayacaq».

Mehriban Zeynalovaya görə, ən yaxşı çıxış yolu qanunun sərtləşdirilməsidir: «Erkən nikaha rəvac verən valideynlərin və ya kəbini kəsən mollanın inzibati qaydada cəzalandırılması qanunvericiliyə salınmalıdır. Qanuna bu cür dəyişiklik edilməsə, radikal addım atılmasa, ciddi nəticə əldə etmək mümkün deyil».

Yeri gəlmişkən, bir neçə il öncə, Qafqaz Müsəlmanları İdarəsi rəsmi nikaha girməyənlərə kəbin kəsməyi qadağan etmişdi. Amma müşahidələr bunun səmərə vermədiyini göstərir. Erkən yaşda ailə quranlar rəsmi nikaha girə bilməyəndə yenə də kəbinə üstünlük verirlər. Və məscidlər buna etiraz etmirlər.

«XOŞBƏXT AİLƏNİN HÖKUMƏTƏ NƏ ZİYANI VAR Kİ?»
Erkən nikaha üstünlük verən valideynlərsə geri çəkilmək niyyətində deyillər. Məsələn, qızını 15 yaşında köçürən Əntiqə Həsənova kimi.

«Gördüm ki, qızım sevir, mən də narazılıq etmədim. Bir də, bu uşaq oxumaq istəmir, nəyə görə mən bunu saxlayım ki, yox sənin 18 yaşın olsun, sonra. Nədir ziyanı? Dünyaya bir uşaq gətiriblər, xoşbəxt ailədir, burda nə var ki, hökumət narazılıq eləsin? Bəlkə qızım 25 yaşında ailə qursaydı belə xoşbəxt olmazdı…»

Mehriban Zeynalova deyir ki, əvvəllər erkən nikahlara daha çox cənub bölgəsində rast gəlinirdisə, indi ölkənin hər yerində bu az qala ənənəyə çevrilir. Elə Əntiqə Həsənova da ölkənin qərb bölgəsində - Tovuzda yaşayır, qızını da Gədəbəyə ərə verib.

«DEDİLƏR Kİ, AİLƏNDİR, SÖYSƏ DƏ, DÖYSƏ DƏ DÖZMƏLİSƏN…»
Əntiqə Həsənova peşman deyil. Amma 13 yaşında nişanlanıb, 14 yaşında ər evinə köçən Günelin ailəsi yəqin ki, peşmandır. Vaxtında qızlarının etirazlarını qulaq ardına vurub, tələm-tələsik övladlarını yerbəyer etmək eşqinə düşdükləri üçün. Bir qədər əvvəl radiomuzun «14-24» proqramının qonağı olan Günel danışır ki, əri ilə yola gedə bilmədiyindən ata evinə qayıdıb.

«Qarşı çıxmaq istəyirdim ki, ərə getmirəm. Ağlayırdım, ölməyi düşünürdüm. Başa düşürdüm ki, getdim bu yolun dönüşü yoxdur. Amma rayonda yaşayırdıq. Evdəkilər dedi ki, hərə bir söz deyəcək... Mən də məcbur qaldım. O qədər pis olacağını gözləmirdim düzü. Deyirdim, bəlkə alışaram…»

Amma Günel ərinə alışa bilməyib.
«Deiyirdilər ki, məcbursan dözməlisən, bu sənin ailəndir, səni döysə də, söysə də, ac da saxlasa…»

Mehriban Zeynalova deyir ki, Günel kimi qızları valideyni oda atanda, onun müdafiəsinə məhz sərt qanunlar durmalıdır.

«ERKƏN NİKAHA ELƏ KÜBAR AİLƏLƏR GEDİR…»
Hərçənd Hadı Rəcəblinin sözlərinə görə, hüquqi dövlətdə valideyni və ya kəbin kəsən mollanı cəzalandırmaq yaxşı çıxış yolu deyil.

«Qanunvericilikdə nikah yaşını 18 yaş edirik. 18 yaşdan aşağı ailə quran qanunu pozur və nikah bağlaya bilmir, bu nikahdan dünyaya gələn uşağın isə heç bir hüququ olmur. Biz də bu yolla nikahı bir az da rəsmiləşdiririk».

Hadı Rəcəbli əlavə edir ki, mütəxəssislər erkən nikahların əyalətdə vüsət aldığını, özü də valideynlərin kasıbçılıqdan uşaqlarını ərə verdiklərini deyirlər. Amma bu gün erkən nikahlar paytaxtda, özü də kübar, imkanlı ailələr arasında da dəbə düşüb.

«Pulu olan, imkanı olan kişinin qapısını qızı 16 yaşına çatan kimi kəsirlər. 18 yaş isə bu kimi məsələləri tənzimləyəcək».

Bu təklif hələ ki parlament müzakirəsinə çıxarılmayıb, payızı gözləyək…
XS
SM
MD
LG