Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:29

«Siyasi uzaqgörənliyin olmaması Xocalı hadisəsinə gətirib çıxırdı»


Ramiz Fətəliyev
Ramiz Fətəliyev
AzadlıqRadiosunun «Tanınmışlar» verilişinin budəfəki kino-ssenarist və rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı laureatı Ramiz Fətəliyevdir.

- Sizin üçün həyat nə vaxtdan başladı? İlk təəssüratınız.

- Həyat haqda ilk təəssüratım, ilk xatirəm odur ki, uşaq vaxtı haradansa qayçını ələ keçirib eyvandan aşağı atmışdım. Bəlkə də kiminsə daha dəyərli xatirəsi var özü barədə, amma mənim xatirəm təəssüf ki, utancdan başqa heç bir hiss yaratmır. Çünki mənim eyvandan atdığım qayçı kiməsə dəyə bilərdi.

- Hər halda heç kimə dəymədi.

Ramiz Fətəliyev
  • 1946-cı ilin iyununda Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib. Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasına rəhbərlik edib. Hazırda televiziyaların arxivlərindəki 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi cinayətləri əks etdirən tarixi kadrlar onun və iş yoldaşlarının əməyinin nəticəsidir. Ssenari müəllifi yaxud rejissoru olduğu filmlərin ümumi sayı 50-yə yaxındır.
- Qayçı heç kimə dəymədi, ancaq valideynlərimin zərbələri mənə dəydi. O yadımdadır. Amma əgər zarafatı bir kənara qoysaq, mənim ilkin xatirələrim – uşaqlıqdan əlbəttə ki, özümü dərk edəndən kitabla bağlıdır. Məsələ mənim çoxlu kitab oxumağımda yox onları necə oxumağımdadır.

- Ramiz müəllim, sonra özünüz başladınız yazmağa…

- Mən əvvəl ədəbiyyatı sevmişəm, sonra özüm yazmağa başladım və çox işlədim. İfadəmə görə üzr istəyrəm, amma mən qələmi ona görə götürməmişdim ki, yazıçı olmaq üçün doğulmuşdum. Bu işin gedişində belə alındı. Düzdü mən istəyirdim, amma bu asan başa gəlmədi.

- 1946-cı ildən 2009-cu ilədək ən ağır illər hansılar olub sizin üçün?

- 1988-90-cı illər.

- Nə idi onların ağırlığı?

- Bu o vaxt idi ki, mən özümü bir vətəndaş hiss elədim. Yəni həmin o çeynənmiş söz ki var «əgər sən siyasətlə məşğul olmasan siyasət gec-tez səninlə məşğul olacaq». Bax həmin 1988-ci ildə – Topxana məsələsi ilə siyasət mənimlə məşğul oldu. Məhz həmin dövr mənim özümü tam Azərbaycanlı, öz imkanlarım daxilində ölkəmin vətənpərvər vətəndaşı hiss etməyimə zəmin yaratdı.

Hansısa anda, qoy hamı bilsin, mən bundan utanmıram, hansısa anda mən rus dilində Azərbaycan dilindən daha yaxşı danışdığıma görə utanırdım. Mən artıq yazıçı yaxud ssenarist olub-olmamağım barədə düşünmürdüm. Yox, bu elə bir vaxt idi ki, mənə belə gəlirdi ki, öz ölkəmə lazımam və ona xidmət etməliyəm.

Siz bilirsiniz ki, o vaxt nə baş veribsə hamısını biz çəkmişik. Hansı risklərə özümüzü məruz qoymuşuq. Mən «biz» deyəndə kinostudiyanın 40-50 nəfər kollektivini nəzərdə tuturam. O adamları ki, bu gün saxlanılmasına nail olduğumuz materialların tarixdə qalması üçün həmin 2-3 il ərzində faktiki olaraq öz sağlamlıqlarını, əsəblərini, bir çoxları isə həyatını qurban verdilər.

İndi hər dəfə «20 yanvar»da televiziyalar bizim kadrları göstərirlər və buna rəğmən də o vaxt orada olmayan hansısa tamamilə kənar adamlar çıxış edirlər. Halbuki, o adamların əksəriyyəti sadəcə orada yox idi. Mən demirəm onlar siçovul kimi harada gəldi gizlənmişdilər. Sadəcə deyirəm ki, onlar orada deyildilər. İndi onlar çıxış edir, özlərini qəhrəman kimi təqdim edirlər. Amma gerçək qəhrəmanlar kimlər idi, mən bilirəm.

- Ramiz müəllim, həmin kadrlar hamıya yaxşı tanışdır. O vaxt heç kim sizin və o çəkilişləri edən digərlərinin qəhrəmanlığını inkar edə bilməsə də, sonra Xocalı hadisələrini araşdıran komissiyanın sədri kimi haqqınızda müxtəlif fikirlər səsləndi. Yəni burada söhbət qəhrəmanlıqdan yox bir sıra hallarda xəyanətdən gedirdi.

- Bu hakimiyyət uğrunda mübarizənin getdiyi bir vaxt idi. Hamı da bilir kimlər arasında gedirdi bu mübarizə. Bir tərəf hakimiyyəti itirmək istəmirdi, digərləri də hakimiyyətə gəlmək istəyirdi.

İlqar Rəsul və Ramiz Fətəliyev
Bir tərəf istəyirdi ki, komissiya Xocalı kimi biabırçı və faciəvi nəticəyə gətirib çıxaranların üzərindən bu ləkəni tamamilə götürsün. Digərləri isə əksinə, istəyirdilər ki, mən və komissiya bütün bunlara səbəb olanları mümkün qədər çirkaba batıraq ki, onlar hakimiyyətə gəlsinlər.

Əgər xatırlayırsınızsa, 14 may 1992-ci ildə mən Milli Məclisin tribunasına qalxıb dedim ki, «bizim işimiz hələ yekunlaşmayıb. Buna görə də konkret heç nə deyə bilmərik. Amma artıq indidən demək olar ki, Xocalı hadisəsi laqeydlik, kadrların düzgün seçilməməsi və siyasi uzaqgörənliyin olmaması ucbatından baş verib. Ancaq xüsusi olaraq, hansısa siyasi məqsədlər naminə, məhz kresloda qalmaq üçün Xocalını verməyiblər». Hamı eşitdi ki, Mütəllibovun heç bir günahı yoxdur. Hamı belə eşitdi, ancaq belə deyildi.

Xocalı hadisəsinə 4 gün qalmış – fevralın 22-də prezident, baş nazir, «KQB»nin sədri və digərlərinin iştirakı ilə Təhlükəsizlik Şurası adlanan qurumun iclası oldu. İndiyə qədər heç kim anlamayıb ki, Xocalı hadisəsinə səbəb olan əsas səhv harada buraxılıb. Həmin iclasda qərara gəldilər ki, əgər Xocalıdan camaat çıxarılsa, ermənilər bunu oraya girmək üçün əsas kimi qəbul edəcəklər. Yəni biz özümüz onları Xocalıya girməyə təhrik etmiş olacağıq. Hətta Təhlükəsizlik Şurasının üzvləri də inanmırdılar ki, ermənilər sonradan genosidə çevrilən belə bir işə gedərlər. Onlar düşünürdülər ki, xalq ordan getsə Xocalını özümüz təslim etmiş olacağıq. Bu siyasi uzaqgörənliyin olmaması, situasiyanı bilməmək Xocalı hadisəsinə gətirib çıxırdı ki, mənim də tribunadan dediyim bu idi. Stenoqrama var, yoxlamaq olar. Ancaq xalq istədiyini eşitdi. Xalq deyəndə mən Milli Məclisi nəzərdə tuturam. Çünki hamısı hazır idi. Bir tərəf bir şeyə hazırlaşmışdı, digərləri isə başqa şeyə. Mənin səsim sadəcə boğuldu onların içində. Ona görə də əgər hər şey bu gün təkrarlansaydı mən yenə də özümü o zamankı kimi aparardım. Sadəcə ola bilsin ki, bu gün məni kimsə daha yaxşı eşidərdi nəinki o vaxt.

- Hakimiyyət dəyişəndən sonra sizə problem yaratmadılar ki?

- Yox mənim heç bir problemim olmadı. Mənə indi də bir az təəccüblü gəlir ki, ondan sonra, məhz Xalq Cəbhəsi vaxtı məni Milli Məclisdə komissiya sədri qoymuşdular. Adamın Allahı var, heç nə olmadı. Orada da o situasiyanı başa düşənlər var idi.

- Ramiz müəllim, Azərbaycanda məhz sizə Tanrıdan nəsə istəmək imkanı yaransaydı, nə istəyərdiniz, nə deyərdiniz?

- Sizin indi verdiyiniz sual, çox böyük masştablı adamlara ünvanlanmalıdır. Bu sual rəhmətlik Azad Mirzəcanzadə, ola bilsin Müslim Maqomayev üçündür. Yəni bu sual masştablı Allah tərəfindən seçilmiş adamlar üçündür. Mənsə adi bir bəndəyəm.

Buna da bax:

XS
SM
MD
LG