Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:54

Elmə qrantların ayrılmasının qanuni əsasları hazırlanır


dövlət əsasən dəqiq elmlərin yeni sahələrinə pul ayırmalıdır.
Milli Məclisin (MM) Elm və təhsil məsələləri komitəsinin üzvü Asəf Hacıyev deyir ki, parlamentin payız sessiyasına elmlə bağlı yeni qanun layihəsinin çıxarılması planlaşdırılır. Parlament üzvü deyir ki, bu dəfə MM elmə qrantların ayrılmasının qanuni əsaslarını hazırlayacaq. Asəf Hacıyevin fikrincə, bu, Azərbaycanın elmi mühitində canlanma yaratmaq üçün olduqca vacibdir:

QRANT ELM ALƏMİNDƏ RƏQABƏT YARADACAQMI?

- Bu o demək deyil ki, dövlət elə sabahdan elmə yalnız qrant şəklində vəsait ayırmalıdır. Ola bilər ki, hər il elmə ayrılan əlavə vəsait qrant şəklində olsun. Bu, bir tərəfdən alimlər arasında rəqabət yaradacaq, eyni zamanda, dövlət də biləcək ki, hansı sahələrə pul ayrılması daha məqsədəuyğundur.

Asəf Hacıyev dünya praktikasını misal gətirərək bildirir ki, gələcəkdə Azərbaycanda elmə yalnız qrant şəklində vəsait ayrılmasının tərəfdarıdır.

Parlamentin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov da düşünür ki, bu məsələdə prioritet sahələr olduqca dəqiq seçilməli, qrantlar qiymətləndirilərkən əsasən iqtisadiyyat, neft sektoru ilə bağlı elmi layihələrə üstünlük verilməlidir:

AZƏRBAYCAN NİYƏ DÜNYA ELMİNƏ TÖHFƏ VERƏ BİLMİR?

- O qədər də geniş miqyas götürülməsinə də ehtiyac yoxdur. Həddən artıq nəzəri məsələlərə də qrant ayırmaq gərək deyil. Fundamental elmlər var ki, onlarla bağlı araşdırmalarda hansısa dünya miqyaslı nəticələr çıxarılmalıdır.
Asəf Hacıyev
Bu sahəyə də məncə qrant ayırmağa ehtiyac yoxdur. Xalqın, dövlətin bugünkü tələbatına nə uyğundursa, qrantlar da məhz o sahələrə ayrılmalıdır.

İqtisad elmləri doktoru Əli Əlirzayev isə deyir ki, Azərbaycanın elm sahəsindəki boşluqları doldurmaq üçün böyük işlər görülməsinə ehtiyac var. Onun sözlərinə görə, ölkədə elmi potensial var, ancaq dövlətin elmdən istifadə dərəcəsi çox aşağıdır. Əsas məsələ isə rifah məsələsidir:

- Elm sahəsində çalışanların əməkhaqqı olduqca aşağıdır. Onların məhsuluna ehtiyac azdır. Planlaşdırılan mövzuların çoxu strateji önəm daşımır, bazarı yoxdur. Azərbaycanda elm bir neçə il öncə daha uğurla inkişaf edirdi. Böyük nailiyyətləri yoxdur. Böyük alimlərə münasibətlər o qədər də yaxşı deyil.

Əli Əlirzayevin sözlərinə görə, ölkədə elmi mühiti dirçəltmək üçün dövlət yalnız bazarda məhsula çevrilə biləcək layihələrə pul xərcləməlidir. Yalnız bu halda ölkə üçün bu gün böyük önəm daşıyan iqtisadiyyat, kənd təsərrüfatı sahələrində ciddi nəticələr, artım görünə bilər.

«BU QRANT MƏSƏLƏSİ YENİ YEMƏK YERLƏRİNDƏN BİRİ OLACAQ»

Uzun illərdir Türkiyədə elmi fəaliyyətlə məşğul olan filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu isə düşünür ki, Azərbaycanda elmin səviyyəsi ilbəil deyil, aybaay düşür.
Kamil Vəli Nərimanoğlu
Son 15-16 ildə Azərbaycandan kütləvi beyin axınını dediklərinə misal gətirən Kamil Vəliyə görə, bir neçə qanun layihəsi ilə bu sahədə dönüş yaratmaq inandırıcı deyil. bundan başqa alim qrantların düzgün bölüşdürüləcəyinə də böyük şübhə ilə yanaşır:

- Bu qrant məsələsi yeni yemək yerlərindən biri olacaq. Başqa sahələrdə, yol tikintisi, su çəkilişi məsələlərində olduğu kimi, korrupsiyanın hökm sürdüyü ölkədə bu qrantların ədalətlə bölünəcəyinə inanmıram.

Kamil Vəli deyir ki, dövlət əsasən dəqiq elmlərin yeni sahələrinə pul ayırmalıdır. Bununla yanaşı dünya tələblərinə uyğun yeni dərsliklərin yaradılması üçün müsabiqələr elan edilməlidir. Humanitar sahələrdən isə daha çox qədim dillərin, o sıradan Çin, hind dillərinin öyrənilməsinə üstünlük verilməlidir. Onun sözlərinə görə, tarixin açarı onun dilidir. Qədim sivilizasiyaların dilini öyrənmək vacibdir.

Çağdaş siyasi mühitlə bağlı elmi layihələrə pul ayrılmasını isə Nərimanoğlu gərəkli saymır. Onun fikrincə, bu sahə üzrə obyektiv elmi araşdırmanın qrant müsabiqəsindən qalib çıxacağını düşünmək sadəlövhlük olardı. Bütün hallarda bu elmi araşdırmalar elmin yox, hakimiyyətin maraqlarına xidmət edəcək.
XS
SM
MD
LG