Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:53

«Əgər övladıma istədiyi paltarı ala bilmirəmsə»....


İqtisadçı deyir ki, problem hökuməti narahat etməlidir, «çünki bu gənc ailənin reproduktivliyinə təsir edə bilər»
İqtisadçı deyir ki, problem hökuməti narahat etməlidir, «çünki bu gənc ailənin reproduktivliyinə təsir edə bilər»
«Mən 3 uşaq atasıyam. Əvvəl fikirləşirdim ki, uşaqlar ailənin sevincidir, nə qədər çox olsalar, o qədər yaxşıdır. Ancaq indi görürəm ki, uşaqların xərclərini zorla çatdırıram. Bəzən elə olur ki, birinə təzə paltar alıram, qalan ikisinə ala bilmirəm. Uşaqların yanında xəcalət çəkirəm».

Telman Məmmədov müəllimdir. 35 yaşı var. İki qızı, bir oğlu var. Uşaqların ikisi məktəblidir, ən kiçiyinin isə 2 yaşı var. Həyat yoldaşı da müəllimdir:

«İkimizin maaşı birlikdə ayda 800 manata yaxındır. Başqa gəlir yerimiz yoxdur. Bəzən aylarla özümüzə təzə bir corab da almırıq ki, heç olmasa uşaqlar istədiyimiz kimi geyinmirlərsə, heç olmasa yaxşı qidalansınlar».

Müəllim Telman Məmmədov deyir ki, ölkədə uşaqların sayının çox olmasının vacibliyindən ağızdolusu danışanlar uşaqların necə, hansı ailədə dolanmasıyla maraqlanmırlar.

UŞAQLARIN XƏRCİ BÖYÜYÜNKÜNDƏN ÇOX ÇIXIB!

Bu ilin avqust ayı üçün minimal istehlak səbəti 0-14 yaşlı uşaqlar üçün 152 manatdan artıq olub. Azərbaycanın iş qabiliyyətli əhalisi üçün 123.58 manat, pensiyaçılar üçün 114.87 manat olub.

Bu araşdırmanın müəllifi İqtisadi Tədqiqatlar Mərkəzidir. Mərkəzin rəhbəri Qubad İbadoğlu deyir ki, orta hesabla Azərbaycanda yaşayış minimumu iyuldakı 119 manata qarşı avqustda 130.16 manat olub. Bu tip araşdırmalar aparılandan ilk dəfə avqustda aşkar edilib ki, uşaqlar üçün minimal istehlak səbəti böyüyünkülərdən daha bahadır.

Q.İbadoğlu bunu belə izah edir:

«Əvvəla uşaqlar üçün ərzaq səbətində süd və süd məhsulları, yumurta norması işləyən əhalidən daha çoxdur. Avqust ayında isə bu mallar xeyli bahalaşıb. Digər tərəfdən, yeni dərs ili ərəfəsində uşaq paltarının qiyməti də bahalaşıb».

Qubad İbadoğlu
Q.İbadoğlu deyir ki, üç uşağı olan ailənin xərcləri ayda minimum 850-900 manatdır, halbuki ölkədə orta aylıq əmək haqqı 300 manat ətrafındadır.

İqtisadçı deyir ki, bu, hökuməti narahat etməlidir, «çünki bu gənc ailənin reproduktivliyinə təsir edə bilər».

«MƏN HÖKUMƏTİN NAĞILLARINA İNANMIRAM»

«Mənim bir övladım var. Həyat yoldaşımla nəinki üçüncü, heç ikinci uşaq haqqında düşünmürük. Əgər o uşağı istədiyim kimi saxlaya bilməyəcəyəmsə, niyə dünyaya gətirirəm».

Bunu isə özü həkim olan Ədalət Məmmədov deyir:

«Mən öz gəlirlərimin hara qədər olduğunu yaxşı bilirəm. Hökumətin uşaqlara yardım edəcəyini isə ağlımdan belə keçirmirəm. Çünki mən nağıla inanmıram».

2006-cı ilin yanvarın 1-ə kimi Azərbaycan hökuməti 18 yaşına qədər uşaqlara ovaxtkı pulla 9 min manat, yəni 1 manat 80 qəpik ödəyirdi. Həmin vaxt valideynlər də, uşaq təşkilatları da etiraz edib deyirdilər ki, hökumət bizi ələ salır, bu pulla uşağın hansı ehtiyacını ödəmək olar? Sonradan bu müavinət ləğv olundu və ehtiyacı olan ailələrə ünvanlı sosial yardım verilməyə başladı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparıcı məsləhətçisi Babək Hüseynov deyir ki, bu daha yaxşı çıxış yolu idi, çünki uşaqpulu iqtisadi mahiyyətini itirmişdi:

«Tutaq ki, bizə 5 nəfərlik ailə müraciət edir. Ehtiyac meyarı da bir nəfər üçün 60 manatdır. Həmin ailə üçün ehtiyac meyarı 300 manat təşkil edir. Ailənin ümumi gəlirləri 300 manatdan aşağıdırsa, məsələn, 200 manat gəliri varsa, bu ailəyə 100 manat ünvanlı sosial yardım verilir».

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovsa bildirir ki, həmin müavinəti ehtiyacı olan çox ailə ala bilmir:

«Azərbaycanda yenə uşaqpuluna ehtiyac var, özü də bu, ayrı-seçkilik qoyulmadan bütün uşaqlara verilməlidir. Özü də bu müavinət azı 100-120 manat olmalıdır:

«Bəlkə bu məbləğlə uşaqların ehtiyaclarını az-çox ödəmək olar».
XS
SM
MD
LG