Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:32

2009-cu ilin Rafto Mükafatı Məlahət Nəsibovaya verildi


Məlahət Nəsibova
Məlahət Nəsibova
2009-cu ilin Rafto Mükafatı Azərbaycanlı jurnalist və insan haqları müdafiəçisi Məlahət Nəsibovaya verilir. Bu haqda Rafto Fondunun sentyabrın 24-də Norveçin Berqen şəhərində kecirilən mətbuat-konfransında məlumat verilib. Rafto Fondu çıxardığı bu qərarın səbəblərini açıqlayan bəyanat yayıb. Bəyanatın tam mətnini təqdim edirik.

RAFTO MÜKAFATI 2009 MƏLAHƏT NƏSİBOVAYA VERİLİR.

O, azad və müstəqil mətbuat yolunda göstərdiyi sarsılmaz əməyinə və cəsurluğuna görə bu mükafata layiq görülür. M.Nəsibova Azərbaycanın bir hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı hakim dairələrin qanunsuzluğu, insan haqlarının pozulması və korrupsiya halları barədə məlumatları ictimaiyyətə çatdırmaq üçün öz təhlükəsizliyini zərbə altına qoymaqdan belə çəkinməyir.

40 yaşlı Məlahət Nəsibova Azad Avropa/Azadlıq radiosunun və Turan informasiya agentliyinin müxbiridir. O həmçinin Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişafının Resurs Mərkəzinə rəhbərlik edir.

Məlahət 10 ildir ki, hakimiyyəti tənqid edərək söz azadlığı uğrunda mübarizəsindən geri çəkilmir. O, polis zorakılığı ilə üzləşən adi vətəndaşlar, oğurlanmış müxalifətçilər və hücumlara məruz qalan jurnalistlər haqda məlumatlar yayır. Müstəqil təşkilatların mövcud olmadığı Naxçıvanda Məlahət Nəsibova yerli əhalinin şikayətlərini eşidən az qala yeganə ünvandır.

AZƏRBAYCAN VƏ NAXÇIVAN


2003-cü ildə prezidentliyi atasından miras kimi götürən İlham Əliyev Azərbaycandakı hakimiyyətin avtoritar xəttini daha da gücləndirdi. Onun hakimiyyəti dövründə ölkədə müxalifətin fəaliyyəti məhdudlaşdırıldı, müstəqil mediaların sayı kəskin şəkildə azaldı. Hakimiyyət mətbuatın nəşrinə və yayımına məhdudiyyətlər qoyub, kütləvi informasiya vasitələrini isə öz monopoliyasında saxlayır. Hakimiyyəti tənqid edənlər hədə-qorxulara, fiziki təzyiq və həbslərə məruz qalırlar.

Hakimiyyətdən sui-istifadə edilməsi halları və korrupsiya haqqında yazan jurnalistlər saxta ittihamlar əsasında həbs təhlükəsi ilə üzləşir.

Bu, Azərbaycandakı vəziyyətdir. Lakin onun Ermənistan, İran və Türkiyə arasında qalan Naxçıvan Muxtar Vilayətində durum daha da acınacaqlıdır.

Azərbaycanın əsas ərazisindən təcrid olunmuş Naxçıvan prezident Əliyevlə qohum olan Vasif Talıbovun dəmir əli ilə idarə olunur.

Burada müxalifət əzilərək sıradan çıxarılıb. Kobud təzyiq mühiti ona gətirib ki, regionda müstəqil jurnalist demək olar ki, qalmayıb.

Ona görə də Məlahət Nəsibovanın peşəkar jurnalist fəaliyyətinin, onun qərəzsiz və tənqidi yazılarının əhəmiyyəti olduqca böyükdür.

EKSTREMAL ŞƏRAİT JURNALİSTİKASI


Nəsibovanın diqqət yetirdiyi əsas məsələlər əhalinin üzləşdiyi ümumi qanunsuzluq, vətəndaşların hüquqi müdafiəsinin olmamasıdır.

Onun 2007-ci ildə göndərdiyi xəbərdən bir sitat: «Kəndə gələn polis əməkdaşları yerli əhalidən tələb edirdilər ki, işiqpulunu ödəsinlər. Bundan imtina edənləri döyür, həbs edərək polis idarəsinə aparırdılar». Nəsibova sonra yazır ki, polis həbs etdiyi adamları ağaca bağlayıb 6 saata yaxın fevral soyuğunda saxlayıb. Onun bu reportajı belə bir qısa xəbərlə bitir ki, sonradan polis baş verənləri inkar edir, zorakılığa məruz qalanların şikayətinə isə baxan yoxdur.

Elə həmin il Nəsibovanın verdiyi başqa xəbərdə müxalifət fəalı olan Ələsgər İsmayılovun başına gələnlərdən danışılır. Yerli polis idarəsinin rəhbərindən şikayət edəndən sonra Ə.İsmayılovu polis əməkdaşları zorla dəlixanaya yerləşdirmişdilər.

Nəsibovanın özü də həbs olunub, məhkəməyə verilib və kütləvi təhqirlərə məruz qalıb. Onun həyat yoldaşı və 3 uşağı ilə birgə yaşadığı mənzildə axtarış aparılıb, ailənin istifadə etdiyi kompyuter müsadirə olunub, onun fotokamerası sındırılıb.

Fiziki hücumlara məruz qalan Məlahət Nəsibovanı hətta ölümlə də hədələyiblər. Onun həyat yoldaşı və eyni zamanda həmkarı olan İlqar Nəsibovu 2007-ci ildə həbs edib, vəzifəli şəxsi təhqir etməsı adı ilə 90 gün həbsdə saxlayıblar. Bu addımın məhz jurnalistləri və ilk növbədə Məlahət Nəsibovanı susdurmaq məqsədi ilə həyata keçirildiyinə şübhə yeri yoxdur.

Ötən qış ona qarşı yönələn ölüm hədələri ilə bağlı tədbir görmək əvəzinə Daxili işlər nazirliyinin mətbuat katibi belə bir bəyanat verdi ki, «jurnalistlər, əgər hədə-qorxulara məruz qalmaq istəmirlərsə, vətəndaşları qəzəbləndirib onların əsəbləri ilə oynamamalıdırlar».

Lakin Məlahət bütün bu təyziqlərdən qorxmayaraq Naxçıvanı tərk etməkdən boyun qaçırır.

AVROPA ŞURASI


2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Bu zaman ona irəli sürülən şərtlərdən biri də müxalifət üzvlərinin həbs olunması praktikasına son qoymaq idi. Lakin Azərbaycan bu şərtə hələ də əməl etməyib. Həbsdə saxlanılan jurnalistlərin sayına görə Azərbaycan Avropa Şurası ölkələri arasında birinci yerdədir. CPJ – Beynəlxalq Jurnalistlərin müdafiə komitəsi bu ölkədə 2007-ci ildə 9, 2008-ci ildə isə 5 jurnalistin həbs olunması faktını qeydə alıb. Onlardan biri, Novruzəli Məmmədov, bu ilin avqustunda məhbəsdə ölüb. Həbsxana divarlarından kənarda səsini qaldırmağa cürəti çatan müstəqil insanların sayı siyasi motivlərlə aparılan həbslər hesabına gündən-günə azalır. Məsələn, 2009-cu ilin iyul ayında 2 məşhur bloqqer –
Emin Milli və Adnan Hacızadə həbs edildi. Onların siyasi motivlə həbs edilməsinə heç bir şübhə yoxdur.

Azərbaycanda sivil demokratik qaydalara riayət olunmur, ədliyyə sisteminin yoxluğu ciddi bir problemdir. Məhkəmə hakimləri prezident tərəfindən təyin olunur, rüşvətxorluq və korrupsiya isə iqtisadiyyatda olduğu kimi polis və məhkəmə sistemində də geniş yayılıb. Azərbaycan zəngin neft və qaz ehtiyatlarına və strateji əhəmiyyəti olan coğrafi mövqeyə malikdir. Ona görə də bir sıra ölkələr özlərinin iqtisadi və enerji maraqlarını buradakı insan haqları, demokratiya və sivil dövlət quruculuğu məsələlərindən üstün tutur.

NORVEÇİN MƏSULİYYƏTİ


2009-cu ilin Rafto mükafatını Məlahət Nəsibovaya verməklə Rafto fondu bir tərəfdən söz və mətbuat azadlığı uğrunda əyilməz bir mübariz insana dəstək vermək, digər tərəfdən isə Avropa Şurasının üzvü olan və eyni zamanda demokratiya və insan haqları barədə öz vətəndaşlarına və beynəlxalq ictimaiyyətə verdiyi vədlərə xilaf çıxan bir ölkəyə diqqət yönəltməkdir. Rafto Fondu hesab edir ki, nə Avropa Şurası, nə də ona daxil olan ölkələr belə vəziyyəti qəbul edə bilməz. Norveçin bu məsələdəki məsuliyyətinin əhəmiyyəti isə xüsusidir, çünki bu ölkənin şirkətləri Azərbaycanın neft sənayesinə cəlb olunublar.

RAFTO MÜKAFATI HAQDA QISA MƏLUMAT


Noveçin Rafto Fondu 1986-cı ildə Bergen şəhərində professor Thorolf Raftonun ölümündən sonra təsis edilib. T.Rafto uzun illər zülmə və təqiblərə məruz qalan insanlara kömək edib. Fondun yaradılmasının məqsədi də onun əməllərinin davam etdirilməsi olub.

Rafto Mükafatı insan haqları üzrə beynəlxalq statusa malik olan mükafatdır. İndiyə qədər bu mükafatı alan şəxlərdən Birmalı Aunq San Suu Kyi (1990), Şərqi Timordan Joze Rasmos-Horta (1993), Cənubi Koreyadan Kim Dae-Junq (2000) və İranlı Şirin Ebadi sonradan Nobel Sülh mükafatına da layiq görülüblər. Rafto Mükafatı dünya ictimaiyyətinin diqqətinin həmrəyliyə ehtiyacı olan fərdlərə və cəmiyyətlərə, habelə insan haqlarının pozulması hallarına yönəldilməsinə çalışır.

2009-cu ilin Rafto mükafatının təqdimatı Norveçin Bergen şəhərində, Milli Teatrın (Den Nationale scene) binasında keçiriləcək. Təqdimat mərasiminin vaxtı noyabrın 1-i saat 18.00-dan 19.30-dək təyin olunub.
XS
SM
MD
LG