Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:40

«İndi kimdən xahiş edim ki, məni pulsuz metroya keçirsin?»


«Münasibətim pisdir. Metrodan ancaq kasıb təbəqə istifadə edir. Varlılar metrodan istifadə etmir. Bu, bizim ziyanımıza oldu…»
«Münasibətim pisdir. Metrodan ancaq kasıb təbəqə istifadə edir. Varlılar metrodan istifadə etmir. Bu, bizim ziyanımıza oldu…»
Metroda gediş haqqı düz 3 dəfə qaldırılsa da metropoliten rəhbərliyi hələ də özlərinin ziyanından danışır. Sentyabrın 30-da Tarif Şurası metroda gediş haqqının 15 qəpiyə qaldırılması ilə bağlı qərar verib. Buna qədər isə gediş haqqı 5 qəpik idi.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə AzadlıqRadiosuna deyib ki, gediş haqqının maya dəyəri təqribən 50 qəpiyə başa gəlir:

GEDİŞ HAQQI 50 QƏPİK OLMALIDIR?

- Metro qiymətlər qalxandan sonra da ziyanla işləyir. Hökumət təqribən 15 milyon manat dotasiya verməlidir.

Tağı Əhmədov deyir ki, bu il hökumət metropolitenə 33 milyon manat dotasiya verib. Metropoliten rəhbərliyinin ziyanla işləmələri ilə bağlı bütün bu arqumentlərinə baxmayaraq, onlar Tarif Şurasının bu qərarına qədər gediş haqqının qaldırılmayacağını iddia edirdilər. Hətta Tağı Əhmədov jurnalistlərə verdiyi açıqlamalarında bir neçə dəfə bəyan etmişdi ki, 2009-cu ildə metroda gediş haqqı qaldırılmayacaq. Elə Tarif Şurasının sentyabrın 30-da verdiyi qərar da metrodan istifadə edən sadə paytaxt sakinləri üçün gözlənilməz olub:

«İMKANIM YOXDUR, KİMDƏN XAHİŞ EDİM Kİ, MƏNİ PULSUZ METROYA KEÇİR?»

- Tarif Şurası həmişə xəlvəti işləyir də. Qiymətləri altdan-altdan qaldırır. Bəs Tağı Əhmədov deyirdi ki, qiymətləri qaldırmayacaq?..

Tağı Əhmədov
- Münasibətim pisdir. Metrodan ancaq kasıb təbəqə istifadə edir. Varlılar metrodan istifadə etmir. Bu, bizim ziyanımıza oldu…

- Metronu qaldırır, suyu qaldırır, işığı qaldırır, qazı qaldırır. Yaxşı biz necə dolanaq? Mən xeyrə-şərə gedirəm. Uşaqlardan xahiş edirdim məni keçirsinlər. İmkanım yoxdur, 5 qəpik idi. İndi kimdən xahiş edim ki, məni pulsuz metroya keçirsin? 15 qəpikdir. Adam utanır axı?

- 5 qəpik, 3 qəpik qaldıra bilərdilər. Daha birdən-birə 3 dəfə yox da?

- Tələbə adamam. Biz çatdıra bilmirik axı. Yaxşı olardı ki, qiymət elə əvvəlki qədər olaydı.

«MƏN XAHİŞ ETMİRƏM Kİ, GƏLİB METROYA MİNSİNLƏR…»

Ancaq deyəsən, metropoliten rəhbərliyi az təminatlı təbəqələrin bir elə də fərqində deyil. Yenidən Tağı Əhmədovu eşidək:

- Mən xahiş etmirəm ki, gəlib metroya minsinlər. Getsinlər avtobuslara minsinlər, avtobuslar ucuzdur…

- Tağı müəllim, avtobuslar ucuz deyil ki! Hələ də metrodan bahadır.

- Onda məndən nə istəyirlər ki?

«METRO KEÇİDLƏRİNDƏ TOPLANAN VƏSAİTLƏR CİBLƏRƏ GEDİR»

Əhali qiymətlərin köhnə tariflərə qaytarılmasını istəyir. Ekspertlər isə düşünür ki, ən vacib məsələ şəffaflıqdır. Milli Büdcə Qrupunun rəhbəri Zöhrab İsmayıl deyir ki, metropolitenin fəaliyyətində şəffaflıq olmadığından real qiymətlər haqqında qəti mülahizə söyləmək çətindir.
Zöhrab İsmayıl
O, inkişaf etmiş Qərb ölkələrində metroda gediş haqqının yüksək olmasını etiraf edir. Ancaq yada salır ki, həmin Qərb ölkələrində pensiyalar da 70 manat deyil.

İqtisadçının fikrincə, metropoliten bütün investisiya xərclərini, təmir-tikinti işlərini dövlət hesabına aparır. Belədə isə metroda gediş haqqının maya dəyərinin yüksək başa gəlməsi haqda fikirlər heç cür başa düşülən deyil. Üstəlik, reklamdan və yeraltı keçid ticarətindən əldə edilən vəsaitin də hara xərcləndiyi bilinmir:

- Metropolitenin bütün stansiyalarının keçidində ticarət şəbəkələri var. Onların hamısından icarə haqqı alınır. Gedib onlarla söhbət etsən, məlum olacaq ki, hamısı da nağd verir. Yəni toplanan vəsaitlər ciblərə gedir.

Zöhrab İsmayıl düşünür ki, Tarif Şurasının bu qərarının arxasında ciddi müzakirələr dayanmır. Onun fikrincə, ictimai müzakirələr bir yana, heç hökumət öz daxilində də bunun iqtisadi əsaslandırılmasını aparmayıb.
XS
SM
MD
LG