Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:33

Azərbaycanlıları Dağlıq Qarabağda kim qoruyacaq?


İcmanın İdarə Heyətinin üzvü, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli soruşur ki, tutaq ki, camaat ora köçdü, bəs onları orada kim qoruyacaq? Axı azərbaycanlılar Qarabağa silahsız qayıdacaqlar. Həmsədrlərin budəfəki danışığı Fərhad Bədəlbəylini kədərləndirib:

KİM TƏHLÜKƏSİZLİYƏ TƏMİNAT VERƏCƏK?

Fərhad Bədəlbəyli
«Ermənilərin polisi də, ordusu da var. Özləri də silahlıdırlar. Azərbaycanlılar isə əgər ora qayıtsalar, silahsız gedəcəklər. Kim təhlükəsizliyə təminat verəcək? Orada kimin ordusu (ABŞ, Rusiya, Fransa, Türkiyə və s.) dayanacaq? Həmsədrlər bu suallara cavab verə bilmədilər. Dedilər biz bu suala hazır deyilik. Biz bir nöqtəyə vururduq, nə vaxt ora qayıdırıq? Bizə dəxli yoxdur, 5 ya 6 rayon azad olunur. Dedilər ki, Qarabağ ətrafında o qədər minalanmış sahələr var. Onları təmizləmə prosesi nə vaxt qurtarsa, onda qaçqınlar qayıda bilərlər. Və mən bir az kədərləndim ki, bu proses hələ çox uzun çəkəcək».

Bakıda səfərdə olan ATƏT-in Minsk Qrupu həmsədrləri isə danışıqların tendensiya və dinamikasından, habelə, İlham Əliyevin bütün prosesə verdiyi qiymətdən məmnundurlar. Fransalı həmsədr Bernar Fasyenin sözlərinə görə, çox sevindirici bir xəbər ondan ibarətdir ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ermənilərlə yaxşı qonşuluq şəraitində yaşamağa hazır olduqlarını bildiriblər.

Halbuki, Dağlıq Qarabağ icması heç vaxt ermənilərlə bir yerdə yaşamaq istəmədiyini bəyan etməyib. Əksinə icmanın əvvəlki rəhbəri Nizami Bəhmənov, eləcə də indiki başçısı Bayram Səfərov dəfələrlə bəyan ediblər ki, onlar Dağlıq Qarabağın erməni icması ilə sülh şəraitində yaşamaq fikrindədirlər.

DANIŞIQLARDA İRƏLİLƏYİŞ VAR?

ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıda
Amerikalı həmsədr Robert Bradtke isə Madrid prinsiplərinin müzakirəsində müəyyən irəliləyişlər olduğunu deyir. Amma söhbət hansı irəliləyişlərdən gedir? Bu barədə konkret bir şey deyən yoxdur.

Fərhad Bədəlbəylinin bildiyi irəliləyişsə ondan ibarətdir ki, həmsədrlər hesab edirlər ki, Dağlıq Qarabağın azərbaycanlı icması ora qayıtmalıdır. Çünki əvvəllər onlar bunu demirdilər.

«BU, BİZİ HƏDSİZ NARAHAT EDİR»

Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov deyir ki, 7 rayonun boşaldılması münaqişənin həlli demək deyil. Növbəti mərhələlərə çatmaq üçün əhali öz ərazilərinə qayıtmalıdır. Və Dağlıq Qarabağ regionu məsələsi o halda və o mərhələdə həll ediləcək ki, ilk öncə azərbaycanlı icması Qarabağa qayıtsın:

«Onlar ora qayıdanda bilavasitə dinc yaşayışı qurmaqla, erməni əhalisi ilə əməkdaşlıq etməklə bir yerdə normal şərait yaradacaqlar. Və obyektiv adlandırılan belə şəraitdə sonrakı mərhələdə məsələlər həll oluna bilər.
Araz Əzimov
Bu məntiqi alt-üst etmək, geriyə çevirmək mümkün deyil və qəbuledilməzdir. Çünki biz son vaxtlar erməni tərəfindən bunu eşitmişik. Bu, bizi hədsiz narahat edir. Lakin eyni zamanda bizim haqlı olan mövqeyimizi daha da təsdiq etmək üçün əsas yaradır».

Cənab Əzimov əlavə edir ki, həmsədrlər bütün bəyanatlarında münaqişənin mərhələli həlli prosesindən danışırlar. Azərbaycan da bu mövqedədir. Çünki bütün ərazilər dərhal, eyni zamanda boşaldıla bilməz.

Beləliklə, orada prosesin məntiqinə uyğun hansısa mərhələlər olacaq. Amma Azərbaycanın bütün çalışmalarının bir məqsədi odur ki, bu proses uzanmasın və praktiki məsələlər müvafiq zaman çərçivəsində, tez həll olunsun. Əks halda Azərbaycan süni şəkildə baş verən yubatmanın əleyhinə olacaq.

«HƏMSƏDRLƏR BUNU TƏKRAR ELƏMƏYƏ QORXURLAR»

Politoloq Vəfa Quluzadə isə deyir ki, əgər söhbət mərhələli həldən gedirsə, paleolit, neolit də mərhələ sayılır. Yəni mərhələ 1 il də ola bilər, əsrlər də sürə bilər.

Vəfa Quluzadə
Dağlıq Qarabağda azərbaycanlıların təhlükəsizliyinin necə təmin olunması sualına həmsədrlərin cavab verə bilməmələrinə gəlincə, politoloq hesab edir ki, bu məsələyə Ermənistan prezidenti Serj Sarkisyan Rusiya telekanallarından birinə müsahibəsində aydınlıq gətirib. Təhlükəsizliyin təminatının necə nəzərdə tutulduğunu həmsədrlər özləri də yaxşı bilirlər. Sadəcə, bunu deməkdən çəkinirlər:

«Serj Sarkisyan deyir ki, Dağlıq Qarabağın statusu müəyyən olunmayana qədər ora azərbaycanlılar qayıda bilməz. Yalnız Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıyandan sonra azərbaycanlılar buyurub erməni hakimiyyəti altında yaşaya bilərlər. Ermənilərin cavabı budur. Həmsədrlər isə bunu təkrar eləməyə qorxurlar».

Vəfa Quluzadəyə görə, Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi status müəyyənləşəndən sonra orada azərbaycanlıları gözləyir və təhlükəsizliyə də özləri cavabdeh olacaqlarını düşünürlər. Elə ona görə də bu məsələ müzakirə mövzusu deyil.

Politoloq İlqar Məmmədov isə deyir ki, ilk növbədə razılaşdırılan sənəd çərçivə sazişi olacaq. Yalnız ondan sonra bu və digər məsələlərin necə həll olunacağı barədə qərarlar qəbul ediləcək.
XS
SM
MD
LG