Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:36

İlqar Rəsul "İşıqpuluyığan" HEKAYƏ


Dünyanın qaranlıq vaxtı idi.

Hələ nəinki «İliç lampaları», heç İliçin özü də yox idi.

Dostu düşməndən ayırmaq üçün çöldə ocaq qalayar, nəyin harada olduğunu bilmək üçün evdə çıraq yandırardılar.

Nəinki Azərbaycan, Ermənistan, heç Rusiya da yox idi.

Nə Kolumbun Hindistan fırıldağı baş vermişdi, nə də avropalılar okeanı keçib adı o vaxt Amerika olmayan başqa dünyanın sahiblərini qırmışdılar.

Asiyalılar da hələ ki, Avropanı şumlamamışdı.

Nə Misirdə Kleopatra, nə də Romada sezarlar kef eləyirdi. Makedoniyalı İskəndər İranda Daranın axırına çıxmamışdı. Əmir Teymur fars şairi Firdovsinin qəbrinin üstündə dayanıb

«Bax, mənəm bəyənmədiyin türk, gəlmişəm» deməmişdi.

Neron Romanı yandırıb əməllərinin ən betərini törətməmişdi, Herostrat Artemida məbədini yandırıb tarixə düşməmişdi.

Olsa-olsa Adəmin oğlu Qabil qız üstündə Adəmin o biri oğlu Habili öldürüb meyitini çiynində gəzdirirdi…

Yaxşı ki, soradan göydən iki qarğa gəlib ona ölünü neyləməyi anltdı, bəlkə də göylər bunu ona görə elədi ki, ən azı İkinci Dünya müharibəsindən sonra əməllərinin üstü uzun müddət açıq qalmasın.

Nə isə...

Sonra bunların hamısı oldu.

Hələ desən Avropa həm Avropadan, həm də Amerikaya gedib oradan Asiyanı, Afrikanı şumladı. İskəndər qızdırmadan öldü. Napoleonu zəhərlədilər.

Hitler özünü öldürdü Rumıniyada Çauşeskunu camaat güllələdi.

Sonra SSRİ dağıldı. Azərbaycanla Ermənistan yenidən əmələ gəlib qaldılar Qarabağın əlində.

İraqda Səddamı xəlvətcə asdılar.

Kimsə onun son görüntüsünü bəlkə də kreditlə götürdüyü telefonla çəkdi…

Lap axırda işıqpuluyığan gəldi!

Dedik prezident deyir ki, imkanı olmayanları incitməyin.

Dedi prezident bizə də deyir ki, kim pul verməsə, işığını kəsin.

Dedim sübut elə ki, prezident belə deyib.

Çıxdı dama işığımızı kəsib getdi...
XS
SM
MD
LG