Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:27

Ermənistanda əyalət televiziyalarının problemi


«İnsanlar maraqlandıqları məlumat və analizləri televiziyalardan ala bilmirlər»
«İnsanlar maraqlandıqları məlumat və analizləri televiziyalardan ala bilmirlər»
Rəsmi rəqəmlərə görə, Ermənistanda 30-a yaxın əyalət televiziyası fəaliyyət göstərir, onların yarısı ölkənin şimalındadır: Şirak, Lori və Tavuşada. Televiziyaların sayına görə Lori regionu, region mərkəzlərindən isə Gümrü irəlidədir. Gümrüdə fəaliyyət göstərən «Şirak» televiziyasını çıxsaq, Ermənistanın əyalətlərindəki qalan televiziya şirkətləri özəldir.

«ƏSAS İQTİSADİ PROBLEMDİR»

«Bu gün Ermənistanın əyalət televiziyalarının üzləşdiyi əsas problem – iqtisadi problemdir». Bunu Ermənistanın Mətbuat Klubunun sədri Boris Navasardyan deyir:

«Əgər paytaxt televiziyaları kifayət qədər reklam ala bilmirsə onda aydındır ki, region televiziyalarının mövcudluğu daha çətin durumdadır. Özü də əgər şəhər kiçikdirsə və reklam bazarı inkişaf etməyibsə. Problem əsasən efirdə özəl elanların yerləşdirilməsi hesabına həll edilir, ya da televiziyalar qənaətcillik edir, bütün televiziyanı böyük xərclər olmadan bir neçə əməkdaşın hesabına saxlayır».

Hökumətdən dəstək alan televiziya şirkətləri yaxşı ya pis, hansısa yolla dolanacaq. Amma özəl şirkətlər ciddi problemlə qarşılaşır – «Qala» televiziyasının direktoru və sahibi Vaan Xaçatryan bu fikirdədir. Hazırda Gümrünün «Qala» televiziyası öz sahibinin hesabına maliyyələşir, onun reklamı 50 faiz azalıb. Amma Vaan Xaçatryan hələ uzun müddət ciddi maliyyə olmadan televiziyanı saxlaya biləcəyini deyir:

«YAXŞILAŞMA GÖRMÜRƏM»

«Pul daxil olmaları 50 faiz azalıb, yerində saymaqdadır. Yəni biz ötən il daxil olmaların yalnız yarısını təmin etmişik, bu da iqtisadi böhranla əlaqədardır. Bu il rentabelli işləyə bilməmişik, mən düşünürəm ki, bu hal ilin sonunadək davam edəcək, ona görə ki, yaxşılaşma görmürəm».

Ölkənin ikinci şəhəri Gümrünün özünün 1 dövlət və 3 özəl televiziya şirkəti var, azdan-çoxdan hərtərəfli məlumat çatdırırlar. «Asparez» Jurnalistlər Klubu Şurasının sədri Levon Barseqyan deyir ki, Ermənistanın elə bir regionu yoxdur ki, Gümrü əhalisi qədər məlumatlı olsun - yeganə Şirak regionu istisnadır. O hesab edir ki, Ermənistanın əyalət televiziyalarının əsas problemi nəzarət və yuxarılarla bağlı məlumatlara dair senzuradır:

«Ümumilikdə əyalət televiziyaları öz məzmunlarına görə paytaxt televiziyalarından bir o qədər fərqlənmirlər. Hər iki halda çoxlu sayda beynəlxalq xəbərləri, məsələn, sərxoş kolumbiyalı sürücü barədə xəbərləri görmək olar. Amma qonşu küçədə nə baş verir, onları görmək olmur. Onların hər birinin lokal asılılığı var. Biri merdən asılıdır, digəri merə məxsusdur, o biri isə regionun rəhbərliyindən asılıdırlar. Paytaxtdan fərqli olaraq regionlarda bəzən mərkəzi hakimiyyəti tənqid etmək olur, amma əksinə - yaxınlıqda olan və prosesləri diqqətlə izləyən region rəhbərlərini tənqid etməyə icazə verilmir».

Söz azadlığı seçkilərdən əvvəl və seçki dövrü daha çox məhdudlaşdırılır – «Lori TV»nin icraçı direktoru Narine Avetisyan belə fikirdədir. Bir sıra ekspertlər kimi o da hesab edir ki, paytaxt televiziyaları ilə müqayisədə region televiziyaları daha müstəqildir:

«Bizim əyalət televiziyaları paytaxtla müqayisədə daha müstəqildirlər. Çünki bir çoxlarının himayəsi yoxdur, onları həvəskarlar yaradıblar. Söz azadlığı daha çox seçki vaxtı və seçkiqabağı dövrdə məhdudlaşdırılır. Ondan sonra məhdudiyyət yoxdur. Amma bütün mətbu orqanlar yenə də hökumətin əlindədir, belə dövrdə televiziyalar daha çox məhdudiyyətlərə məruz qalır».

«TELEVİZİYA JURNALİSTLƏRİ TƏDRİCƏN DİKTAFONA ÇEVRİLİRLƏR»

Onun fikrincə, azadlıq birinci növbədə KİV-in iqtisadi müstəqilliyi ilə bağlıdır. Böhran zamanı isə buna nail olmaq çox çətindir:

«Televiziya iqtisadi cəhətdən stabil olmalı, özünün vəsaiti olmalıdır ki, ehtiyaclarını ödəyə bilsin. Ermənistanın reklam bazarı uğursuzdur, regionlar barədə isə heç danışmağa da dəyməz. Bu gün reklamın böyük əksəriyyəti Yerevandadır, bizə qalan isə yerli, kiçik sahibkarların reklamlarıdır. Bu isə mövcudluq üçün kifayət etmir».

Ekspertlər deyirlər ki, iqtisadi asılılıqdan, mərkəzi və yerli hökumətin nəzarətindən, söz azadlığının məhdudlaşdırılmasından əlavə regionlarda təcrübəli televiziya jurnalistləri də çatışmır. Çünki daha yaxşı kadrlar tədriclə paytaxta köçürlər.

«Asparez» Jurnalistlər Klubu Şurasının sədri Levon Barseqyan deyir ki, bunun nəticəsində də əyalət teleşirkətləri uğursuz işləyir, televiziya jurnalistləri isə tədricən diktafona çevrilirlər:

«Araşdırma jurnalistikası öldürülür, televiziya jurnalisti tədricən diktofona çevrilir – başlayır «eşitdiyini danışmağa». Vəziyyət həqiqətən acınacaqlıdır. Təəssüflər olsun ki, bizdə region televiziyaları vaxt keçirmək, şənlənmək, əyləncə və reklam üçün bir vasitədir. İnsanlar maraqlandıqları məlumat və analizləri televiziyalardan ala bilmirlər».
XS
SM
MD
LG