Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:33

Vaqif İbrahimoğlu: «Geriyə baxıb bir çox suallara cavab axtarıram»


Vaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu

MƏRHUM REJİSSORUN AZADLIQRADİOSUNA MÜSAHİBƏSİ. OKTYABR 2009-CU İL

Oktyabrın 18-i Azərbaycan tarixi üçün çox önəmli bir gündür. 1920-ci ildə itirilmiş dövlət müstəqilliyi 71 il sonra məhz oktyabrın 18-də bərpa edilib. Oktyabrın 18-i Azərbaycanın görkəmli rejissoru Vaqif İbrahimoğlunun da doğum günüdür. Onun yaratdığı «Yuğ» Teatrı da 20 il öncə oktyabrın 18-də dünyaya gəlib. Söhbət Azərbaycan teatr məkanı üçün yeni sayıla biləcək bir sənət ocağından gedir. Beləcə, Vaqif İbrahimoğlu öz doğum günüylə teatrının doğum gününü qoşalaşdırıb…

AzadlıqRadiosunun «İz» proqramı olaraq bu sayımızı Vaqif İbrahimoğluna, həm də onun «Yuğ» teatrına həsr etməyə qərar verdik və «Qoşa qanad» dastanını hazırladıq:

- Vaqif bəy, xoş gördük sizi. AzadlıqRadiosunun təbriklərini qəbul edin. Mən sizi uzun illərdir tanıyıram. Hətta ailə dostuyuq da deyə bilərəm. Bu illər boyunca sizdən saysız müsahibələr aldım, saysız verilişlər hazırladım. O söhbətlərdə hər şeydən danışdıq - tamaşalardan, yazıçılardan, teatrın durumundan, aktyorların, rejissorların üzləşdiyi çətinliklərdən, vətənin taleyindən, getdiyimiz yolun bizi hara aparıb çıxaracağından və s. Hər şeydən danışdıq, təkcə sizdən yox. Deyirəm, bəlkə bu dəfə ənənəni pozaq, sizdən başlayaq? Harda doğulmusunuz, uşaqlığınız necə keçib?

- Mən gözəl Bakının Mərdəkan kəndində doğulmuşam. İlk uşaqlıq illərim də orda keçib. Daha sonra Qəbələnin Niç kəndində əmimgildə kənd həyatıyla, təbiətlə üz-üzə qalmışam. Bəlkə də, o xatirələr məni xalq düşüncəsinə, xalq musiqisinə, xalq sənətinə bağlayıb. Mərdəkanda orta məktəbi, Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmişəm. Əsgərliyə getmişəm. Kiyev ətrafında «şanlı» sovet ordusunda xidmət keçmişəm. Ordudan sonra 3 il Gənc Tamaşaçılar Teatrında aktyorluq etmişəm. 1976-cı ildən peşəkar rejissorluq bioqrafiyam başlayıb. Mən də, Yesenin kimi, bir qədər təkəbbürlü səslənsə də, deyə bilərəm ki, sonrakı bioqrafiyam mənim tamaşalarımdır və mənim yazılarımdır.

- Rejisssorluq hardan ağlınıza gəldi - sualını vermək fikrindəydim. Adətən, Bakı kəndlərində aktyorluğa meyl daha güclü olur. Belə çıxır ki, siz də aktyorluqdan başlamısınız?

- Dəqiq sualdır. Mən də bu günlərdə geriyə baxıb bir çox suallara cavab axtarıram. Siz də məntiqi çox maraqlı olan sual verdiniz. İş burasındadır ki, mən rus bölməsində oxumuşam. Bəlkə də çoxlarından daha çox mənim kitab oxumaq, teatrla, aktyorluqla, rejissorluqla, dramaturgiya ilə bağlı kitablarla dərindən təmas etmək imkanım olub. 9-cu sinifdə oxuyanda böyük bir qərar verdim ki, mən teatra aktyor kimi gələcəm, alt qatdan bütün şeyləri öyrənəcəm, sonra mütləq rejissor olacam. Bu təsadüfi seçim olmayıb. Bəlkə də, yeniyetmə təkəbbüründən doğan bir şey idi, amma belə də oldu...

- Vaqif bəy, sizin sənətə gəldiyiniz dönəmdə Azərbaycan teatrı nə haldaydı? Ağlamalı, yoxsa gülməli?


- Birincisi, mən gözümü açandan müəllimim dahi rejissor Tofiq Kazımov oldu. 60-cı illərin sonuydu. Tarixi bilənlərə məlumdur ki, artıq bu illər Xruşşov mülayimləşməsinin sonu, Brejnevizmin başlanğıcına təsadüf edirdi. Biz etirazçı gənclər inanmırdıq ki, bu açıqlıqdan sonra hər şey təzədən qapanacaq. Tarix-ictimaiyyət dərslərində açıq mətləbləri müzakirə edirdik və tədricən bu qapanmanı müşahidə edirdik...İlk öncə siyasi ortam qapandı, daha sonra azad düşüncənin qabağı alınmağa başladı. Fəqət Azərbaycanda bütün Sovetlər Birliyində baş verənlər daha mülayim keçdi. Bizdə başqa respublikalarda olduğu kimi, dissident ovuna çıxmadılar. Bu da yuxarıdan gəlirdi ki, Azərbaycanda dissident olmamalıdır. Ona görə də, kifayət qədər manevr azadlığı var idi. Və həmin sovet ideologiyasının keşiyində duran adamların çoxu artıq Stalin KQB-si, NKVD-si deyildi. Necə deyərlər, öz uşaqlarımız idi. İnandıqları heç bir həqiqət yoxdu. Əgər sən bir şey yapıb, tutarlı əsaslandırsaydın sənə dəyib-dolaşmırdılar. Sizin yadınızda olar, Mövlud Süleymanlının «Dəyirman»ı, Əkrəm Əylislinin hekayələri və s. Teatrda da obyektiv proseslər gedirdi. Enişli-yoxuşlu proseslər idi. Böhran olmasa hərəkət də ola bilməz. Böyük rejissorların - Tofiq Kazımovun, Mehdi Məmmədovun, Nəsir Sadıqzadənin dünyadan köçməsi ilə böhran yarandı, boşluq yarandı. Bir haşiyə çıxım. Mən ən böyük missiyamı, borcumu onda görürəm ki, bir daha bizdə rejissor böhranı yaşanmasın. Ən azından, 7 il yaş fərqi olmalıdır. Canlı rəqabət olmalıdır. Hə, o böhran, o boşluq həm də dərin durğunluq (staqnasiya) prosesiylə üst-üstə düşdü ki, mən deyə bilərəm ki, biz çox-çox dərin böhrandan çıxmağa başlayırıq.

Teatrın o vaxtkı durumu nə gülməliydi, nə ağlamalı. Bəlkə də, bunların sintezi idi. Ancaq o həvəs, özünə, yaradıcılığa inam bizi xilas etdi. Sənətə mənimlə eyni nəslə mənsub olan böyük rejissorlar - Hüseynağa Atakişiyev (ruhu şad olsun), Mərahim Fərzəlibəyov, Azərpaşa Nemət və Vaqif Abbasov (ruhu şad olsun) kimi rejissorlar gəldi və biz ümumi böhranla üz-üzə qaldıq. Hərə bacardığı qədər o böhranın içində fəaliyyətə başladı. Kimin qismətinə nə düşdü, bunu dəyərləndirmək olar. Amma mən bu gün bunu etməyəcəyəm...

- Sizin Tədris Teatrındakı fəaliyyətinizi yaxşı xatırlayıram. Nə verdiniz bu teatra? O sizə nə verdi?


- Mən nəyi verdim - bu bir az qeyri-korrekt cavab olardı. Hər bir inkişafın mərhələləri olur. Şəxsən mənim üçün çox vacib mərhələ idi. Çünki ondan öncə Anarın təşəbbüsü ilə Teatr Cəmiyyətinin nəzdində Eksperimental Studiya yaratmışdıq. 3 il orda çalışdım. Arzumuz o idi ki, bütün SSRİ-də olduğu kimi, bizim studiya da özünü təsdiq edəndən sonra Dövlət Teatrı statusu alsın. Fəqət adını çəkmək istəmədiyim bəzi məmur-sənətkarlar bu prosesi uçuş zamanı kəsdilər və mən məcburiyyət qarşısında, boş qalmayım deyə, çox yöndəmsiz, naqolay bir şəraitdə çalışmağa məcbur qaldım. İnkişaf prosesini saxlamaq gərək idi. Ora olmasaydı, mən özfəaliyyətə də gedərdim, hətta tövlədə də işləyərdim. Çünki ən əsası dünyaya gətirdiyimiz düşüncə tərzi kəsilməməli idi və indi görürəm ki, bu sarıdan tamaşalarımız çox uğurlu idi. Bəlkə də peşəkarlıq, estetika baxımından qüsurlu idi. Gənc idik - həm mən, həm aktyorlar. Həmişə söyləyirəm: o dövrün düşüncəsindən, əqidəsindən imtina etmirəm. Bəlkə də ora tramplin oldu. Bu vaxtacan o istiqamətdə gedirik, dönməmişik və dönməyəcəyik!

- Mən xatırlayıram o dönəmi. Tamaşalar teatr aləminə səs salmışdı...


- Kifayət qədər. O boşluğun içindən bir səs gəlirdi. O səsə müxtəlif dəyərləndirmələr, müxtəlif rakurslardan yanaşmaq olar, amma səs var idi. Tofiq Kazımovun gedişindən sonra tamaşalar vardı, amma səhnədən daxili etiraz, barışmaz ziyalı mövqeyi, tarixə, gerçəkliyə fərqli, güzəştsiz baxış yox idi. Tədris Teatrında bu mətləblər bədiilikdən, estetikadan daha yüksək olduğundan səs sala bilirdi...

-Vaqif bəy, Sovetlərin qılıncının hələ kifayət qədər kəsən vaxtlarında - 80-ci illərdə Türkiyədə tamaşa qoymaq xoşbəxtliyi nəsib oldu sizə. Bizlər - sözün yaxşı mənasında həsəd aparırdıq. Türkiyə dövrü necə keçdi? Nələr verdi sizə, nələr aldı?

- Mən 1984-cü ildə Türkiyədə «Arşın mal alan»a quruluş verəndən sonra dəfələrlə işlədim Türkiyə teatrlarında, qonaq da getdim, səyahətlərdə də oldum. «Yuğ» Teatrı ilə qastrolda da oldum. Fəqət o 1984-cü ildə heç bir sosialist ölkəsinə getmədən, birdən-birə elə bir mürəkkəb kapitalist ölkəsinə getmək möcüzə idi. Bir yandan da mənim adım türkçülüklə-filan hallanırdı.

- Doğrudan da, necə razı oldular sizin getməyinizə?


- Fələk! Əslində mən 1982-də getməliydim. Bir az uzatdılar. Başqasını göndərmək istədilər. Ordan da davamlı məni istəyirdilər. Mən gedəsi oldum. Gözəlim Türkiyənin hər şeyi - ağaclarından tutmuş, adamlarınacan mənim maraq dairəmdə idi. Küçəylə gedərkən danışıqlar, camaatın geyimi, radio-televizyonu...hər şey. Sutkada 2 saat yatırdım. Səhərdən-axşamacan məşqlər, cürbəcür adamlarla tanışlıqlar, söhbətlər. Ta o vaxta kimi ki, anlayasan sağçı kimdir, solçu kimdir, millətçi kimdir? Təsəvvür edin, Evrən Paşanın darbesindən sonra getmişdim. Küçədə hələ də tanklar vardı, əsgərlər dayanmışdı. Bu da mənim üçün tam yeni bir dünya idi. Bir sözlə, uşaqlıqdan və gənclikdən yuxularımda gördüyüm, sevdiyim yerləri gəzdim və bu mənim düşüncəmi xeyli dəyişdi.

- Amma mənim yadımda sizin Türkiyə səfərinizlə bağlı 3 şey qalıb: Qəhvəyi rəngli gözəl gödəkçəniz, dostlara payladığınız Türkiyə xatirələri yazılmış «kitab» (makinada) və fısıldayan aspirin. Bizə qonaq gəldiniz, başınız ağrıyırdı, bir stəkan su istədiniz və içinə tablet atdınız. Sovet adamının o fısıltıya necə təəccüblə baxdığını təsəvvür edin...(Gülüşmə)


- Bir məzəli nüansı da mən danışım. Orda qonararla işləyirdim. 40-50 fazi də dövlətə gedirdi. Bu qədər dostlara hədiyyə gətirmək problem idi. O vaxt Moskvadan gəlib-gedirdik. Qayıdarkən kifayət qədər sovet pulum qalmışdı. Tənbəllik etməyib «QUM»a getdim. Ordan qəşəng şeylər aldım. Üstünə Türkiyədən gətirdiyim yarlıkları yapışdırıb payladım. Rus əlcəkləri, üstündə türk bayrağının əksi...Adamlar vardı, bayrağı öpüb gözlərinin üstünə qoyurdular. İndiki günlərimizə baxsaq, «bir millət-iki dövlət» olan bizlər üçün problemli günlərimizi yaşamağa başlayırıq.

- Bəs tamaşa necə keçdi?

- Tamaşa Ankara Dövlət Opera və Balet Teatrında qoyuldu. Türkiyədə məxsusi Operetta Teatrı yoxdur. Çox maraqla izlədilər. Orada tamaşa, adətən, repertuarda 1 il qalır, xoşa gələrsə 2-ci mövsümə keçir. Bu tamaşa 6 ilə yaxın repertuarda qaldı. Ən maraqlısı, kəskin etirazlar orda yaşayan azərilərdən gəldi. Cumdular üstümə, hərəsinin əlində bir qrammofon valı, Niyazinin oranjirovkası yazılmış, mənə deyirdilər ki, düz eləməmisən, valda belə deyil, o söz belə olmalıdır. Orda yeniliklər vardı. Eləsi vardı deyirdi ki, niyə Osmanlıca oynayırlar, elə azəricə oynayaydılar və s. Çox az azərilər o tamaşadan razı qaldılar...Amma o göstərici ki, tamaşa illərcə repertuarda qaldı, ifaçılar dəyişdi, amma quruluş qaldı, bu çox şey deyirdi. Bu da Üzeyir bəyin musiqisinin gücüydü - o betonları da yarırdı. Onu sevə-sevə dinləyirdilər. Telli-Vəlinin kupletlərini ləzzətlə oxuyurdular. Onlarda da, eynən bizim kimi Azərbaycana nisgilli, xoş bir münasibət vardı...

- Siz «O olmasın bu olsun»u da tamaşaya qoymuşdunuz Musiqili Komediya Teatrında.


- Onu Üzeyir bəyin 100 illiyinə hazırlamışdım. Çox maraqlı keçdi. Düz 12 vərəqdən ibarət donos da getdi. Mən buna bənd-bənd cavab verəsi oldum ki, bu «qeyrətli» donosbazlar düz başa düşməyiblər. Təəssüf ki, kserokopiya olmadığı üçün onu saxlaya bilmədim. Saxlasaydım, indi tələbələrimə göstərərdim. 37-ci il olsaydı çətin qurtarardım. Axırda bunu çıxar-bunu düzəltlə qurtardı. Bir sözlə, şikəst elədilər. Mətbuatda «Klassikaya yad münasibət» adlı yazı çıxdı. Müəllifi hələ də məni görəndə başını aşağı salır. Onu çərçivəyə salıb saxlayıram. Bu güllələnməli bir başlıq idi. Amma dövr artıq o dövr deyildi ki, Məşədi İbada görə kimi isə güllələsinlər.

- Öz teatrınızı yaratmaq fikri necə doğuldu? Teatrın adı niyə
«Yuğ» oldu? Yeri gəlmişkən, Yuğun nə olduğunu hələ də bilməyən dinləyicilərimiz var. Onlara bu adın açmasını da söyləsəniz yaxşı olardı.

- Öz teatrımın olması arzusu məndə əzəldən vardı. Həyat elə gətirdi və 30 illik təcrübə göstərdi ki, mən kiminsə əlinin altında işləyə bilmirəm. Mən öz ideyamı illərcə formalaşdırıram, tonlarca kitab oxuyuram, əsaslandırıram, maariflənirəm və bunu ötürmək istəyirəm. Özü də burda heç kimin qeydini, iradını qəbul etmək istəmirəm. Görəndə ki, bütün istədiklərimi elədim, dünya-aləm desə ki, bu belə deyil, qəbul etmirəm. İlk tamaşamı GTT-nın rus bölməsində hazırlayanda, baş rejissor dedi ki, mən bir kommunist kimi tamaşanı buraxmıram. Dedim, buraxmazsan, əlvida, mən getdim. Aktyor Evində, Tədris Teatrında çalışdım. 7 il Musiqili Komediya Teatrında baş rejjissor da işlədim. Əslində orda 3 il can qoydum, çalışdım sındıram, yeniləşdirəm, mümkün olmadı. Sonrakı 4 ili elə-belə keçirdim. Allah Həsənağa Turabovu yetirdi. O istəyirdi ki, mən Azdramaya baş rejissor gəlim. Fürsətdən yararlanıb, hər şeyin qaynayan dövründə Azdramanın 4-cü mərtəbəsində «Yuğ» Teatrını yaratdıq. Yuğ deyərkən - yuğlama, mərasim, bu mərasimin geniş imkanları, yeniləşmə, modernləşmə imkanları nəzərdə tutulur. Getdi, qayıtmasın 90-cı illərin əvvəllərində düşdüyümüz o dibsiz quyudan necə sağ-salamat çıxdıq, teatrı necə qoruduq, özümüz necə sınmadıq, satılmadıq - onu anlaya bilmirəm...Bir az allahın köməyi, bir az da özümüzdən, amma dözdük. 20 il keçdi. İndi öz binamız var. Gözlənilmədən Nazirlikdən təşəbbüs gəldi ki, teatr 20 illiyini yeniləşmiş şəkildə qarşılamalıdır. Və bəyan edirəm ki, yeniləşmiş teatra yeni baş rejissor gələcək. Məqam axtarıram ki, rejissor çubuğunu ötürüm. Mənim tələbələrim indi mənim həmkarlarımdırlar və buna hazırdırlar.
XS
SM
MD
LG