Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:49

İran qisas almaqla hədələyir


Hücumlarda 42 nəfər həlak olub
Hücumlarda 42 nəfər həlak olub
İran ölkənin cənub-şərqindəki bomba partlayışlarının təşkilində iştiraka görə, ABŞ və Britaniyanı qisas almaqla hədələyir. İranın dövlət mediasının yaydığı xəbərlərdə belə deyilir. İran İslam İnqilabı Keşikçiləri Korpusu və yerli hərbi komandirlərin hədəf alındığı həmin hücumlarda 42 nəfər həlak olub.

Həlak olanların arasında İnqilab Keşikçiləri Korpusunun generalları da olub. Korpusun rəhbəri general Əli Cəfəri ABŞ, Britaniya və Pakistan kəşfiyyat orqanlarını terror aktının məsuliyyətini üzərinə götürən sünni yaraqlıları «Cundallah» («Allahın əsgərləri») təşkilatına yardım etməkdə ittiham eləyib. Qrupa Abdulmalek Rigi rəhbərlik edir.

PAKİSTAN ƏRAZİSİNDƏ HƏRBİ ƏMƏLİYYATLAR İSTİSNA OLUNMUR


General Əli Cəfəri:

- Ölkəmizin təhlükəsizlik aparatının təqdim elədiyi sənədlərə əsasən, Abdulmalek Riginin qəddar qrupunun ABŞ, Britaniya və təəssüf ki, Pakistan kəşfiyyat orqanlarıyla birbaşa bağları var. Şübhəsiz ki, Abdulmalek Rigi özü və onun planları bu təşkilatların himayəsi altında həyata keçirilir.

Amma general Cəfərinin ittiham elədiyi hər 3 ölkə bazar günü törədilən bu terror aktını kəskin tənqid eləyib.

Cəfəri bildirib ki, onlar bu hadisəyə görə qisas alacaqlar, hətta hücumlara cavab vermək üçün sərhədi keçib Pakistan ərazisində hərbi əməliyyatlar aparmaq da istisna olunmur.

İran parlamentinin deputatı Peyman Foruzeş «Röyters» agentliyinə deyib ki, İnqilab Keşikçiləri Korpusunun lazım gələrsə, dünyanın istənilən yerində əməliyyatlar keçirməsiylə bağlı yekdil rəy var.

Foruzeşin sözlərinə görə, hətta bu cür əməliyyatların Pakistan ərazisində keçirilməsinə də kimsə etiraz eləmir.

Məlumatlara görə, İranın Bəlucistan bölgəsində bazar günü iki partlayış baş verib. Birini intiharçı bombaçı törədib, digərində isə bomba partladılıb.
General Əli Cəfəri, 11 sentyabr 2007
Hadisədə İnqilab Keşikçiləri Korpusunun azı 5 rəhbər adamı, o cümlədən iki yüksək rütbəli zabiti, tayfa ağsaqqalları və dinc sakinlər də həlak olub.

«BU, İLK DƏFƏ DEYİL»

Siyasi şərhçi Əbdül Star Do Şuki AzadlıqRadiosunun İran xidmətinə deyib ki, Tehranın ABŞ və Britaniyanı terror aktıyla əlaqədə ittiham etməsi ilk dəfə deyil:

- Mən «Cundallah»ın hardan dəstəkləndiyini və xarici əlaqələri haqda heç nə deyə bilmərəm. Amma iş ondadır ki, İran rəsmiləri artıq neçənci dəfədir ki, Qərb dövlətlərini bu cür aktlara dəstək verməkdə ittiham edirlər, amma bir dəfə də olsun lazımi sübutlar ortaya qoymayıblar.

Pakistanın Xarici İşlər Nazirliyi «Cundallah» təşkilatıyla hər hansı əlaqəsi və bu qrupun ölkə ərazisində sərbəst fəaliyyəti haqda ittihamları rədd eləyib.

Nazirliyin sözçüsü Əbdül Bəsit «Deyli Meyl» qəzetinə deyib ki, Pakistanın İranla dostluq münasibətləri var və «Cundallah» liderinin Pakistanda gizlənməsi iddiaları da həqiqətə uyğun deyil.

Pakistanın Baş naziri Yusuf Rza Gilani, ABŞ Dövlət Departamenti və Britaniya rəsmiləri hadisədən təəssüf hissi keçirdiklərini bildirib, partlayışları törədənləri qınayıblar.

NÜVƏ DANIŞIQLARI ŞÜBHƏ ALTINDA

Tehranın ittihamları hələ təsdiqlənməsə də, bu hadisə və İran rəsmilərinin olaylarda Pakistan, ABŞ və Britaniyanı ittiham eləməsi Tehranın mübahisəli nüvə proqramıyla bağlı danışıqları şübhə altına qoyub.

Oktyabrın 19-da Beynəlxalq Atom Enerjisi Agentliyi, İran, Fransa, Rusiya və ABŞ nümayəndələri Vyanada görüşməliydilər. Bu görüşdə İranın uranı zənginləşdirmək planını dayandırması üçün Qərbin son təklifi müzakirə edilməliydi.
Prezident Mahmud Əhmədinejad Natanz nüvə zavodunda, 8 mart 2007
Həmin təklifə görə, Qərb dövlətləri özlərini İranın əlindəki uranı xaricdə 20 faizə kimi zənginləşdirməyi - yəni təmizləməyi öhdələrinə götürəcəkdilər.

20 faizə qədər təmizlənən uran isə nüvə reaktorlarında enerji alınması üçün istifadə edilə bilər. Ancaq atom bombası düzəltmək üçün uranı 90 faizə qədər təmizləmək lazımdır. Yəni Qərbdən göndəriləcək bu urandan silah məqsədilə istifadə etmək mümkünsüz olacaqdı.

İranın Atom Enerjisi Agentliyindəki sözçüsü Əli Şirzadyan bildirmişdi ki, bu plan prinsipcə razılaşdırılıb və görüşdə detallarına kimi müzakirə edilə bilər. Şirzadyanın sözlərinə görə, əgər bu danışıqlar nəticəsiz bitsə, o zaman İran özü uranı 20-nə kimi zənginləşdirəcək. Baxmayaraq ki, uranı bu səviyyəyə qədər təmizləmək Tehrana iqtisadi cəhətdən sərf eləmir. Şirzadyanın sözlərinə görə, İran sırf nüvə proqramını davam etdirmək haqqından istifadə üçün bu addımı ata bilər.

Məlumatlara görə, İran hazırda uranı ancaq 5 faizə kimi zənginləşdirə bilir və uranı kütləvi qırğın silahı düzəltmək məqsədilə 90 faizə qədər təmizləməyə imkan verən texnologiyaya malik deyil.
XS
SM
MD
LG