Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:55

Azərbaycan qadınları bir göstəriciyə görə dünya lideridir


Bakıda Xurşidbanu Natəvanın heykəli
Bakıda Xurşidbanu Natəvanın heykəli
Azərbaycan gender bərabərliyinin təminatı - qadın və kişilərə eyni hüquq və imkanların verilməsinə görə 134 ölkə arasında 90-cı yerdədir. Dünya İqtisadi Forumu 2009-cu il üçün hazırladığı Qlobal Gender Fərqi İndeksində Azərbaycanı bu yerdə göstərib. 2007-ci ildə Azərbaycan bu siyahıda 59, ötən il isə 61-ci yerdə idi.

Qlobal Gender Fərqi İndeksində hər hansı ölkədə kişilərin qadınlara nisbətən hansı hüquq və imkanlara malik olması araşdırılır.

Azərbaycan ümumilikdə 4 əsas kriteriya – iqtisadi fəallıq, təhsil, səhiyyə və siyasətdə qadınların roluna görə 0.663 balla qiymətləndirilib.

0 göstəricisi tam bərabərsizliyi, 1 isə qadın və kişilər arasında tam bərabər imkanları əks etdirir. Əgər göstərici 1-dən artıqdırsa, o zaman bərabərlik qadınların xeyrinə pozulmuş sayılır, başqa sözlə, bərabərsizliklə üzləşən kişilərdir.

ÜMUMİ RƏQƏMLƏR

Hesabatın statistik hissəsində Azərbaycan əhalisinin sayı 8.56 milyon nəfər göstərilib, hər 100 qadına isə 94 kişi düşür.

Qadınların orta ərə getmə yaşı 24-dür.

Gender Fərqi İndeksindəki kriteriyalara gəldikdə isə, ilk öncə iqtisadi fəallıq və imkanlar nəzərə alınıb.

İQTİSADİ FƏALİYYƏT


Qadınların iqtisadi fəallığına görə Azərbaycan 134 ölkə arasında 32-ci, eyni işi görən qadınların kişilərə nisbətən aldığı maaş fərqinə görə 14-cü, adambaşına düşən milli gəlirdə qadınların payına görə 31-ci, qadınların vəzifə tutmaq imkanlarına görə isə 118-ci yerdədir.

AZƏRBAYCAN QADINLARI BİR GÖSTƏRİCİYƏ GÖRƏ DÜNYA LİDERİDİR


Amma xüsusi peşə biliyi və texniki hazırlıq tələb edən qadın işçilərin kişilərə nisbətində Azərbaycan dünyada ilk yeri tutur, hər 100 xüsusi peşəkarlıq tələb edən işçidən 53-ü qadındır.

TƏHSİL İMKANLARI

Təhsil imkanlarına gəldikdə isə, Azərbaycan Gender Fərqi İndeksində aşağıdakı yerləri tutur. Qadınların ümumi savadlılıq səviyyəsinə görə dünyada 60-cı, ibtidai təhsil almaq imkanına görə 103-cü, orta təhsildə 97-ci, ali təhsil imkanına görə isə 96-cı sıradadır.

Hesabata görə, ibtidai sinif müəllimlərinin 87, orta siniflərdə 66, ali məktəblərdə isə 40 faizi qadınlardır.

SƏHİYYƏ

Dünya İqtisadi Forumu 2009-cu il üçün hazırladığı Qlobal Gender Fərqi İndeksində Azərbaycan qadınlarının kişilərlə müqayisədə səhiyyə imkanları 0.93 balla qiymətləndirilib və bu göstərici üzrə siyahıda axırdan 3-cüdür (132-ci yer).

SİYASİ HAKİMİYYƏT


Qadınların siyasi hakimiyyətdə təmsilçiliyinə gəldikdə isə, Azərbaycan 134 ölkə arasında ancaq 119-cu ola bilib.

BAŞQA ÖLKƏLƏRLƏ MÜQAYİSƏ

Qlobal Gender Fərqi İndeksində ilk 4 yeri İslandiya, Finlandiya, Norveç və İsveç tutub.

Keçmiş sovet respublikalarından Belarus 34-cü, Moldova 36-cı, Qırğızıstan 41-ci, Qazaxıstan 47-ci, Rusiya 51-ci, Özbəkistan 58-ci, Ukrayna 61-ci, Gürcüstan 84-cü, Tacikistan isə 87-ci sırada yer alıb.

Siyahıda Ermənistan Azərbaycandan bir pillə aşağıda - 91-ci yerdədir. Azərbaycanın digər qonşuları İran 128-ci, Türkiyə isə 129-cudur.
XS
SM
MD
LG