Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:37

Məktəblərin sovet dövründən qalma tibb məntəqələri...


205 saylı məktəbdə birdən-birə tibb bacısı peyda olub
Hazırda dünya əhalisi müxtəlif növ infeksiyalardan əziyyət çəkir. Üstəlik, qış gəlir və uşaqlar daha tez-tez xəstələnirlər.

Bəs görəsən, məktəblərdə tibb məntəqələri normal fəaliyyət göstərirmi?

Bu suala cavab tapmaq üçün əvvəl paytaxtın mərkəzində yerləşən məktəblərə üz tutdum. Yasamal rayon 225 saylı məktəbdə həkim və tibb bacısı yerində deyildi. Amma tibb otağında qatlama çarpayı, həkim stolu, aptek qutusu gördüm. Məktəbin direktoru Sevda Eminova bildirdi ki, uşaqlar həftədə bir dəfə tibbi yoxlanışdan keçirilir.

20 saylı məktəb yeni təmir edilib. Məktəbin direktoru Əkbər Qocayev bunları dedi:

«Bizdə iki həkim otağı var. Səhər saat 8-dən axşam saat 7-yə kimi iki növbədə fəaliyyət göstərir».

Mən məktəbdə olanda həkim iş başında idi. Direktor Əkbər bəy bildirdi ki, məktəbdə hətta stomatoloji mərkəz də fəaliyyət göstərir. Məktəbdə valideyn assosiasiyası var ki, onlar aylıq fonda pul köçürürlər. Bu fondun hesabına dərman və digər vəsaitlər vaxtlı-vaxtında alınır.

PAYTAXTIN MƏRKƏZİNDƏ HƏR ŞEY ƏLA. BƏS KƏNARDA?

Binəqədi rayon 179 saylı məktəbin qapıçısı bildirdi ki məktəbdə nə həkim var, nə tibb məntəqəsi. Direktor və direktor müavinləri də məktəbdə deyil. Məktəbin həyətində bədən tərbiyəsi dərsini keçən idman müəllimi isə bildirdi ki, tibb məntəqəsi var, amma otaq çatışmır. Uşaqların sayı çoxdur. Həkim, tibb bacılarının maaşı çox aşağı olduğundan onlar gəlmək istəmir. Bu vaxt məktəbdən çıxan direktor müavini mənə tibb otağını göstərdi. Tibb otağı sinif otaqlarından birinin küncünə sığınmış köhnə kitab şkafından ibarət idi.

205 saylı məktəbdə isə direktor Təvəkkül müəllim «bizdə həkim yoxdur, yəqin elə məsləhət görüblər. O valideynin günahıdır ki, uşaq xəstələnir» cavabını verdi.

«ÜÇÜNCÜYƏ EHTİYAC YOXDUR...»

Növbəti dəfə Bakı şəhəri üzrə Təhsil İdarəsinin razılığını alıb eyni məktəblərə bir daha üz tutdum. Binəqədi 205 saylı məktəbdə birdən-birə tibb məntəqəsi və tibb bacısı peyda olmuşdu. Otaq yenicə alınmış, hələ qutulardan çıxarılmamış tibbi vəsaitlərlə doldurulmuşdu.

205 saylı məktəbdə tibb məntəqəsi
Təvəkkül müəllim bildirdi ki, 2002-ci ildə onlara həkim göndəriblər. Amma iki həftə sonra həkim bir daha işə gəlməyib. Onlar Səhiyyə Nazirliyinə müraciət etsələr də, müraciətləri cavabsız qalıb. Hazırda isə təxminən 1000 nəfər şagirdə bir tibb bacısı nəzarət edir.

182 saylı məktəb də yeni təmir edilib. Tibb otağına hətta kompüter də qoyulub. Mebellər təzə və səliqəlidir.

179 saylı məktəbə isə bu dəfə ümumiyyətlə məni buraxmadılar. Təhsil idarəsindən bildirdilər ki, «iki məktəbə baxmısınız kifayətdir. Üçüncüyə ehtiyac yoxdur».

Bakı şəhər Təhsil İdarəsinin sektor müdiri Firudin Həmzəyevlə əlaqə saxladıq. Firudin bəy bunları dedi:

«179-da məktəb çox darısqaldır, uşaqlar dörd növbə oxuyur orada. Amma istənilən halda uşaqların tibbi kartları var, o kartlar nəzarətdədir. Onların peyvəndlərinə, temperaturu olan uşaqlara baxılır».

Orta məktəblərdə tibb məntəqələrinin işi necə qurulmalıdır, şagird və müəllimlər tibbi yoxlamadan keçirmi? Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü:

«Bir çox məktəbdə tibb məntəqələri sovet dövründən qalan otaqlardır. Çox vaxt dərmanlar çatmır, müəllimlər öz maaşlarına ucuz dərmanlar alırlar. Ümumiyyətlə, Səhiyyə Nazirliyinin qərarına əsasən, ildə bir dəfə, təxminən oktyabr aylarında müəllim və şagirdlər yoxlanılmalıdır. Mərkəz məktəbləri töhmət qorxusundan bunu edir, amma kənd məktəbləri üçün bunu deyə bilmərəm».

Səhiyyə Nazirliyinin məsələyə münasibətini isə öyrənə bilmədik.
XS
SM
MD
LG