Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:39

NATİQ "Kloun" HEKAYƏ


-Mən onu istəyirəm, onu istəyirəm… onu -- beş yaşında uşaq dil qəfəsə qoymurdu. Klounu göstərərək dayanmadan anasının əlini dartırdı.

-Yaxşı atana deyərik çağırar.

-Yox mən özüm onun yanına getmək istəyirəm.

-Olmaz.

-Niyə axı?...

-Adam klounun yanına getməz. O, özü gələr. Atana deyərik «zakaz» eləsin.

Səriyyə xanımın ad günü idi. Qohum-tanışda restoranda Lütfi müəllimin təşkil etdiyi mərasimə qatılmışdı.

Özündən on beş yaş kiçik arvadına ad günü keçirmək Lütfünün ürəyincə olmasa da, məcbur idi. Çünki ötən həftə rəfiqəsinin yubileyində Səriyyənin hər şeyə necə həsədlə baxdığını hiss etmişdi.

Özünə söz vermişdi ki, arvadına mütləq ad günü keçirəcək. Özü də necə…

Ovqatlarının daha xoş keçməsi, özünün təbirincə desək «əl-ayağa dolaşmaması» üçün balaca oğlunu dayəsigildə qoymağı qərara almışdı.

Amma tərslikdə özünə çəkmiş oğlunun hönkürtüsünə dözməmişdi. Məclisin əvvəlində uşaq böyüklərin əhatəsində özünü böyük kimi aparmağa çalışdı.

Amma sonra yenə uşaqlığı tutdu. Uzaqdan klounu görən kimi «Mən onu istəyirəm, onu…»--, deyə vurnuxmağa başladı.

-O klounu «zakaz» elə gəlsin. Bayaqdan özünə əl qatıb -- Səriyyə dilləndi.

-Noolub ə, -- atasının sualının cavabı özünü çox gözlətmədi. «Onu istəyirəm, onu…» -- balaca əlini klouna tərəf uzatdı.
-İndi təşkil edərik -- Lütfi ofisiantı çağırdı -- O gədiyə deynən gəlsin bura.

-O, stollara yaxınlaşmır ki, müəllim -- uzun illər restoranda çalışdığından ofisiantda peşəkar vərdiş yaranmışdı: birincisi, sifariş qəbul edəndə müştərinin qarşısında təzim edirmiş kimi dayanardı, ikincisi peşəsindən asılı olmayaraq hamıya «müəllim» deyirdi.

Əslində qalsa müəllim özü idi. Özü də fizikadan dərs deyərdi. Amma bir vaxtlar…

-Nətəhəri stola yaxınlaşmır ə?... Lütfi təəccüblənmiş kimi gözlərini ofisianta bərəldərək, cavabını gözləmədən -- get «adminstratoru» bura çağır -- hıçqıraraq ağzını düz ofisiantın üzünü marçıldatdı.

-Bilirsiniz müəllim, qayda belədir e… vallah. Uşaqları klounun yanına qoyurlar ki, başlarını qatsın. Bura gəlib sizin istirahətinizə niyə mane olsun ki? Qoy balacanı aparım…

-Hə, hə mən gedərəm -- uşaq qaçmaq istədi.

-Otur yerində ə. Dedim bura gələcək vəssalam.
-Ata qoy mən gedim kloun əminin yanına.

-Ə, adam klouna «əmi» deməz. Öküz boyda əmilərin oturub burda, heç onlara «əmi» demirsən. Gədiyə denən gəlsin bura -- Lütfü ofisianta üzünü bozartdı.
-Əsəbiləşmə mənim «ponçikim» indi gələr.

-Ay ana, deməmişəm o sözü mənə demə -- Lütfi tərs-tərs anasına tərəf baxdı.

Onun həmişə yanaqları qırmızı olardı. Elə uşaq vaxtından boyunun balacalığına, yanaqlarının qırmızılığına, yaşıdlarına baxan yerdə ətli-qanlı olmasına görə hamı ona «ponçik Lütfü» deyərdi. İndi bir az da içkinin təsirindən ofisiantı bozaran sifəti əməlli-başlı ponçiki xatırladırdı.

Kloun bu restoranda çoxdan şiləyirdi. Ofisiantdan da əvvəl. Onda bura heç restoranda deyildi, fəhlə yeməkxanası idi. Neftayırma zavodunun fəhlələri üçün nəzərdə tutulsa da, yoldan keçənlər də daimi müştərilərə çevrilmişdilər. O da burda ofisiant işləyirdi.

Bir gün müdiri işdən çıxardılar. Təzə şef də yeməkxananın profilini dəyişdi. Həyəti genişləndirdi, palma ağacları əkdirdi, kabinetlər düzəltdirdi…

Bir sözlə əsaslı kapital qoyuluşundan sonra fəhlə yeməkxanası çönüb oldu restoran. Artıq yeni müştərilər peyda olmağa başladı, fəhlələrin, yoldan keçənlərin də ayağı buradan kəsildi. O, isə əvvəlki işində idi, qulluq göstərirdi.

Həm də indi tək deyildi, təzə müdir yeniyetmə uşaqlardan təzə ofisiantlar dəstəsi düzəltmişdi. Ona da eşitdirmişdi ki, yaşlı ofisiant müştəriləri qaçırda bilər, mətbəx işləri ilə məşğul olsa yaxşıdır. Bir müddət mətbəxdə işləyəndən sonra ağlına «əla» ideya gəlmişdi- «bəlkə klounluq eləyim».

Birinci, arvadı buna razı olmamışdı. «Kloun nədi? Dəli olmusan ay kişi?.. İndən sonra klounluq eliyə bilərsən?». «Niyə eləmirəm. Mətbəxdə pişik kimi eşələnməkdənsə, klounluq eliyib uşaqların başını qataram.

Həm də məni kim tanıyacaq, üz-gözümü qrimləyərəm, papaq qoyaram, maska taxaram. Hörməti də ki, hörmət. İndi klounlara yaxşı hörmət eliyirlər. Sabah müdirə deyəcəyəm».

Müdir ideyanı yaxşı qarşıladı. Dərhal razılaşdı. Ona tünd qırmızı rəngdə uzun qotazlı papaq, sarı yekə burun, yaşıl, göy, qırmızı zolaqlı kostyum tikdilər.

Özü də yeni peşəsinə tez alışdı. Bütün uşaqların, hətta içib açarının itirəndən sonra elə böyüklərin də sevimlisinə çevrildi. Bəziləri isə restorana elə klouna görə gəlirdilər. Restoranın televiziyada gedən reklam roliklərində də əsas sima kimi onu çəkmişdilər.

Bu peşəni seçəndə bir məsələdə haqlı idi -- klouna doğurdan da hörmət edirmişlər, özü də hələ fəhlə yeməkxanasından bəri işlədiyi uzun illər ərzində belə hörmətli olmamışdı.

Təxminən üç dəqiqədən sonra kloun stola yaxınlaşdı.

-Harda qalmısan ə?..-- Lütfü qızarmış gözləri ilə klounu aşağıdan yuxarıya süzdü-- buna bax bunun papağına bax! Ə, sən kişisən?

O, bütün gözlənilməz suallara hazır idi. Dəfələrlə dəcəl uşaqların, əyyaş böyüklərin duzsuz suallarını çox cavablandırmışdı. Amma belə şit və axmaq sual birinci dəfəydi eşidirdi.
-Mən kolunam-- sakitcə dilləndi.

-Kişi döyülsən niyə? -- masanın sağ tərəfində oturmuş yekəqarın birisinin qoyunun qabırğasını dişinə çəkə-çəkə təkrar etdiyi suala yenə sakitcə cavab verdi:
-Mən klounam.
-Ayə yox e, deyirlər ki, kişi döyülsən? -- bu dəfə Lütfünün o biri qardaşı dilləndi.

Bir istədi desin ki, «ay …, sizə kişi lazımdı?» -- özünü güclə saxladı.
-Yaxşı kimsən bilmirəm, gör bu uşaq nə istiyir? -- Lütfü əlini cibinə salıb klounun burnuna 10 dollar yapışdırdı.
-Adın nədi qaqaş?
-Truladı, kloun dayı.

-Ə indi də əmidən qurtardın dayıya keçmisən. Bəs əjdaha boyda dayılarından utanmırsan -- Lütfü oğluna incik nəzərlərlə baxaraq dilləndi -- Adam klouna dayı deməz.

-Tural bala gəl səninlə top-top oynayaq.
-Oynayaq -- uşaq sevincindən az qala ağlayacaqdı.

Göy topu ona sarı tulladı, özü də əzilib-büzülərək tullanmağa başladı.

Uşaq sevincindən atılıb-düşürdü, klounu yamsılamağa çalışırdı. Bir az topla oynadıqdan sonra uşağa qaçaraq onu tutmağa təklif etdi. Tural əlini əlinə vurub onun arxasınca düşdü. Bərkdən gülə-gülə klounun quyruğundan tutub onun kimi qaçmağa, masaların başına fırlanmağa başladı.

-A, bu kloun uşağı niyə camaatın başına fırlıyır -- Səriyyə şərab badəsini yerə qoyub üzünü ərinə tutdu.
-A gədə, uşağı niyə fırlıyırsan, hıy? -- Lütfü hıçqıra-hıçqıra klounu səslədi.

-Bilirsiniz burda başqa cür oynamaq olmur. İcazə verin balacanı aparım o biri uşaqların yanına, siz də istirahət edin.

-Heç elə şey yoxdu, burda oynayacaqsan. Özü də mən deyən oyunu. Əyil qoy uşaq minsin belinə, sonra nə qədər istəyirsən qaç.
-Yox mən minmirəm -- Tural ağlamsındı.

-Ə, min, özü də «hoşa-hoşa» de. Sən yaşda olanda o qədər eşşək minmişəm ki…
-Ay Lütfü doğurdan eşşək minmisən? -- Səriyyə soruşdu.

-Bə, nədi. Elə bilirsən ki, həmişə «Cip»də gəzmişəm.

Masadan boğunuq bir qəhqəhə qalxdı. Lütfü elə bərkdən danışırdı ki, ətrafdakılar onu eşitməyə bilməzdilər. Noyabr ayı olmağına baxmayaraq hava meyxoş idi. Müştərilər bayırda süni gölün kənarında palma ağaclarının altında oturmuşdular.

Kloun uşağı belinə alıb at kimi qaçırdı. Bu balacanın xoşuna gəlirdi. Ara-bir «hoşa-hoşa» deyib qışqırırdı:

-Sən eşşəksən? -- uşaq pıçıltıyla kloununun qulağına dedi.
-Yox, mən atam.

-Bəs atam mən boyda olanda niyə eşşək sürüb?

-Çünki sənin atanın kəndində ancaq eşşək olub -- verdiyi cavab ürəyindən tikan çıxarsa da, bir qədər qorxuya düşdü. Birdən uşaq atasına deyər… Onda nə olacaq? Sonra sözünə düzəliş vermək istədi:

-Bilirsən Tural at eşşəkdən balacadı. Allah qoysa sən də bir az böyü, onda atan kimi eşşək minərsən…
-Ə, bura gə görüm ə, hoşa…-- Lütfünün xırıltılı səsi eşidildi.

-Deyirəm bu rumkalarımızı da dolduraq və içək klounun sağlığına -- Lütfü «hazır» idi. O, dəmlənəndə gərək dindirməyəsən. Yoxsa elə söyüşlər söyər ki, yeddi qatından keçər.

Bir dəfə Səriyyənin kiçik qardaşı ilə içəndən sonra qayınanasının ünvanına elə yağlı «komplimentlər» demişdi ki, qayının üstünə bıçıq çəkmişdi. Arvadının qışqırtısına yığılan qonşular çətinliklə aranı sakitləşdirmişdilər. O vaxtdan nə kiçik qayını, nə qaynanası onun qapısını açırdılar.

-Tut görüm bunu -- Lütfü qədəhi klouna tərəf uzatdı.

-Yox rəis qadan alım. Mənə olmaz. Vallah olmaz. Sonra uşaqlara nə deyərəm.
-Ə, sənə deyirəm tut.

Tural hələ klounun belində idi. Atasının təkidindən sonra ağlamağa başladı.
-Qoy yerə o it oğlunu. Ağlama ə, kişi ol. Mamasının ad günündü adam heç ağlayar. Qoy kloun düdük biznən əlli-əlli vursun, sonra sənnən top-top oynayacaq.

-Vur kloun əmi, dayı… sonra top-top oynayarıq.
-Gördün uşaq da deyir. Vur…

Kloun bir göz qırpımında badəni başına çəkdi. Tezcədə topu götürüb uzaqlaşmaq istədi.
-Yox-yox. Belə olmaz. Uşağı heç yerə aparma. Elə burda oynaqla…

Lütfü klounun qoltuğunda tutduğu topa bir təpik vurdu. Top süni gölün çarhovuzuna dəyərək suya düşdü. Tural yenə ağlamağa başladı. Bu dəfə hönkürə-hönkürə… Kloun pərt halda uşağın başını sığallayıb sakitləşdirməyə çalışdı: «Ağlama göy top suya düşdü, qırmızısını gətirərəm».

-Yox mən onu istəyirəm -- uşaq hönkürtüsünü kəsmirdi.
-Yaxşı onda onu sudan çıxararam -- dedi.

Yaxınlıqdakı ofisiant hardansa uzun bir çubuq gətirdi. Topu diyirləyərək bir qədər yaxına itələdi. Kloun çarhovuzun kənarında ehmalca əyilib topu əli ilə götürməyə çalışdı. Bu vaxt qüvvətli bir zərbə hiss etdi.

Əslində hiss etməyə heç macal da tapmadı, başı üstə gölə düşdü. Əksinə buz kimi suyun soyuqluğu iliyinə qədər işlədi. Xüsusi sifarişlə tikilmiş kostyumun bütün rəngləri bir-birinə qarışdı. Hamı bütün seyrçilər elə bildirilər ki, kloun uşağı sakitləşdirmək üçün suya özü baş vurub.

Bu qeyri-adi sərgüzəştdən cuşa gələn müştərilər onu alqışlamağa başladılar. Bircə masanın küncünə qısılmış uşaq atasının klouna təpik vurduğunu, sonra da əlini-əlinə vuraraq qəhqəhə çəkdiyini anlaşılmaz hisslərlə, heyrətlə gözlərini bərəldərək seyr edirdi.

Kloun suyu süzülə-süzülə göldən çıxıb, uşağa yaxınlaşdı, topu ona uzatdı. Uşaq pıçıltıyla:
-Sən kşisən? -- dedi.

-Mən klounam -- cavab verdi.
-Bəs kişi kimdi?

-Kişi sənin atan, əmin, dayın…

-Onda mən də klounam…--, uşaq bu dəfə bərkdən dedi.
XS
SM
MD
LG