Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:41

Qadın və uşağı döymək adəti dindən gəlir?


UNİCEF-in hesabatına görə, ailə zorakılığı hər yerdə var, amma şərq ölkələrində daha geniş yayılıb
UNİCEF-in hesabatına görə, ailə zorakılığı hər yerdə var, amma şərq ölkələrində daha geniş yayılıb
UNİCEF-in son hesabatına görə, Azərbaycanda 15-49 yaş arasındakı hər 10 kişidən 6-sı qadınlara əl qaldırılmasına haqq qazandırır. Hər 2 qadından biri də özünün döyülməsini normal qarşılayır. Eyni araşdırmaya görə, Azərbaycanda uşaqların 47 faizi döyülür, anaların 22-si faizi bunu normal sayır.

Azərbaycanda kişilərin qadına və ya valideynlərinin uşağa əl qaldırması, fiziki cəzanın tətbiqi nəylə bağlıdır? Adət-ənənə, mentalitet ya din? İslam buna necə yanaşır?

“Azadlıq” Radiosu və “İnternyus Azərbaycan”ın birgə layihəsi olan “İslam və Demokratiya” verilişinin bu dəfəki buraxılışında məhz bu mövzudan - ailə içi zorakılıqdan danışırıq.

AZƏRBAYCANDA DÖYÜLƏN QADINLARIN SAYI DAHA ÇOXDUR

Qadın Problemləri Tədqiqatı Birliyinin direktoru Səcidə Abdulvahabova bu rəqəmlərin reallığı əks etdirmədiyini düşünür. Onun fikrincə, əslində rəqəmlər daha böyükdür. Sadəcə, bu cür zorakılıq çox vaxt ailə daxilində qalır, çölə çıxmır:

“Ailə zorakılığı ailə üzvlərinin maddi durumu, mədəni səviyyəsi, yaşadığı şəraitdən çox asılıdır. Bunu yalnız adət-ənənə ilə bağlamaq düzgün deyil”.

"ƏRİM MƏNİ DÖYÜR, AMMA BOŞANA BİLMƏRƏM"

Elə 10 ildən çoxdur ailə həyatı quran Esmira Məmmədovanın da həyat yoldaşı onu tez-tez döyür, lazım oldu-olmadı zora əl atır. Bu xanım savadsız olduğuna görə boşana bilmədiyini deyir:

“Bir ana kimi heç vaxt arzulamazdım ki, qızlarıma mənim ərim kimi yoldaş qismət eləsin. Yaxşı kişi yoxdur, qadınların qədrini bilmirlər Qadın bütün günü əlləşir evnən, uşaqlarnan Onlar üçünsə fərqi yoxdur. Onlar elə bayırda olurlar”

"ÖZÜM DƏ DÖYÜLÜB TƏRBİYƏLİ OLMUŞAM, UŞAQLARIMI DA DÖYÜRƏM"

Esmiranın həyat yoldaşından fərqli olaraq, Alim qadına əl qaldırmır. Amma arvadının heyfini uşaqlardan çıxır. Hesab edir ki, uşaqların tərbiyəsində döymək əsas rollardan birini oynayır.

“Pis vərdişlərdən əl çəkməsində döyülmənin əhəmiyyəti var. Məsələn, mənim özümün siqaret çəkməyi tərgizməkdə atamın döyməyi böyük rolu olub. Ona görə özüm də uşaqları döymüşəm. Yoxsa ki sözlə başa düşmürlər. Döyməyə məcbur olmuşam, ondan sonra da o vərdişi tərgidib.

Maraqlısı odur ki, UNİCEF-in araşdırmasına görə, Özbəkistanda kişilərin 70, qadınların isə 60 faizi qadına əl qaldırmağa haqq qazandırır. Bu göstəricilər digər müsəlman ölkələrində - İordaniya, Əlcəzair, İraq və Misirdə də bu rəqəmlər yüksəkdir. Amma eyni araşdırmaya görə, Qərb ölkələrində bu məsələyə münasibət fərqlidir. Bunun səbəbi İslamla bağlı ola bilərmi?

"PİS ADƏTLƏRİ İSLAMA BAĞLAMAYIN"

Məşədi-Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli bunun əksini iddia edir. Onun sözlərinə görə, İslam birmənalı olaraq zorakılığı pisləyir.

“Ümumiyyətlə heç bir din zorakılığa haqq qazandıra bilməz. Çox təəssüf ki, biz 21-ci əsrdə belə bunu insanlara açılamaq məcburiyyətindəyik. Əsrlərlə formalaşan adətləri yanlış olaraq İslamla əlaqələndirirlər”.

İSLAMA GÖRƏ, 7 YAŞINA QƏDƏR UŞAĞA QIŞQIRMAQ DA OLMAZ

Hacı Şahin deyir ki, İslam dini övladın cəzalandırılmasına məhdudiyyət qoyur. Qurani-Kərimə görə, 7 yaşına qədər uşağa nəyinsə qadağan etmək olmaz. Həmin yaşa qədər uşağın valideyninə qarşı çıxması tərbiyəsizlik kimi yox, onun azad şəxsiyyət kimi formalaşmasından irəli gəlir.

İSLAMDA KİŞİ AİLƏ BAŞÇISIDIR, AMMA MÜTLƏQ HAKİM DEYİL

“İslama görə ailə başçısı kişidir. Amma ailədə qərar məşvərət əsasında qəbul edilir. İslam qadınlara təsəvvür ediləndən daha artıq hüquq verir. Hətta övlada süd vermək, uşağı qidalandırmaq, evləri yığşdırmaq da vəzifə kimi qadının üzərinə qoyulmur. Ailə üzvünə qarşı zorakılıq olarsa, onda onun üçün qan bahası ödənilməlidir”.
XS
SM
MD
LG