Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:44

«Azərbaycanda BP və «Statoyl» buna razıdır, «Ekson» isə yox…»


«Global witness»
«Global witness»
Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün icrasını izləyən «Global witness» təşkilatında menecer çalışan Tomas Mayne ilə müsahibə.

- Azərbaycanın neft sektoru nə dərəcədə şəffaf sayıla bilər? Bir tərəfdən Azərbaycan 6 ildi Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirak edir, BMT Azərbaycanın Neft Fonduna şəffaflığa görə mükafat verir. Amma o biri tərəfdən bəzi beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanı dünyanın ən çox korrupsiya yayılan ölkələri siyahısına salırlar. Bunu ziddiyyət sayırsızmı?

- Məncə hər bir dövlət haqqında demək olar ki, onun daha şəffaf olması mümkündür. Azərbaycan hökuməti Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulmaqla şəffaflıq məsələsinə həvəsini nümayiş etdirib. Amma bu, tam şəffaflığa aparan uzaq bir yolda yalnız ilk addımdır. .

Ümumiyyətlə təkcə Azərbaycanda yox, neft hasil edən Afrika ölkələrində də şəffaflığın səviyyəsi aşağıdır. Biz bu vəziyyəti düzəltmək üçün biznesin bütün sahələrini şəffaf etməliyik. Neft şirkətlərinin dövlətə nə qədər ödədiklərinin açıqlanmasından başqa onların neft müqavilələrini necə əldə etməsi, kontraktların məzmunu da ictimaiyyət üçün aydın olmalıdır.

- Azərbaycanın Neft Fonduna daxil olan və ordan ayrılan pullar haqda cəmiyyətə məlumat verilir. Amma bəzi müstəqil ekspertlər hesab edir ki, korrupsiya daha çox büdcəyə daxil olan neft gəlirləri xərclənərkən baş verir. Ona görə bəziləri yalnız Neft Fondunun fəaliyyətini izləyən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü formal və səmərəsiz iş sayırlar. Bununla razısızmı?

- Bizim “Global witness”təşkilatı Azərbaycanda yalnız Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün indiki mərhələdə icrasını izləyir. Təbii ki gələcəkdə biz öz araşdırmalarımızı genişləndirə bilərik. Bizim Azərbaycandakı mülki cəmiyyət təmsilçilərindən eşitdiyimiz də odur ki, Şəffaflıq Təşəbbüsü dövlət büdcəsindəki pulların xərclənməsinin də monitorinqini aparmalıdır.

Məncə, Şəffaflıq Təşəbbüsünün həm müsbət, həm də mənfi cəhətləri var. Bu Təşəbbüsə çox məhdud bir dairədə start verilib. Yəni yalnız dövlətlərə ödənən pulların monitorinqi təşəbbüsü kimi. Bunu mənfi cəhət saymaq mümkündür. Amma o da var ki, əgər Şəffaflıq Təşəbbüsünə bir qədər geniş bir dairədə başlamağa qərar verilsəydi, onda heç bir şirkət ona qoşulmazdı.

Bu, könüllü bir prosesdir. Heç bir hökumət buna qoşulmazdı. Şəffaflıq Təşəbbüsünün ən müsbət cəhəti odur ki, dünyada ilk dəfə olaraq bu prosesdə həm hökumətlər, həm şirkətlər, həm də qeyri-hökumət təşkilatları iştirak edirlər. Onlar şəffaflıq üçün birgə çalışırlar. Ümid edirik ki, gələcəkdə bu əməkdaşlıq büdcə vəsaitlərinin xərclənməsinin də şəffaflığına xidmət edəcək.

- Gələcəkdə görüləcək işlər üçün sizin konkret qrafikiniz varmı? Bütün bunlar neçə ildən sonra baş verə bilər?

- Biz Şəffaflıq Təşəbbüsünün ardıcıl olaraq genişlənməsini istəyirik. Biri var ümumi, biri də var detallı məlumat. İndi Azərbaycanda şirkətlər Şəffaflıq Təşəbbüsünə yalnız dövlətə nə qədər ödədikləri haqda ümumi rəqəm verirlər. Başqa ölkələrdə, məsələn Nigeriyada hər bir şirkət dövlətə nə qədər ödədiyi haqda məlumatı açıqlayır və belə hesabatlardakı məlumatlarda uyğunsuzluqları aşkarlamaq daha asandır.

Azərbaycanda BP və “Statoil” prinsipcə buna razılıqlarını veriblər. Amma başqa şirkətlər, məsələn, “Ekson” razı deyil. Biz onların bu işdə aktiv iştirak etməsinə çalışırıq. Çünki vaxt məhduddur. Azərbaycan məhdud neft ehtiyatlarına malikdir. Ona görə bu prosesi sürətləndirmək lazımdır.

Onu da deyim ki, prosesin özü bir çox başqa ölkələrlə müqayisədə yaxşı gedir, çünki Azərbaycan indiyəcən 11 hesabat hazırlayıb. Amma o biri tərəfdən mülki cəmiyyətin proseslə bağlı sualları olur, amma bəzi şirkətlər onların bu istiqamətdə araşdırmalarına reaksiya vermirlər.

- Azərbaycandakı qeyri-hökumət təşkilatlarının Şəffaflıq Təşəbbüsündə iştirakı nə dərəcədə səmərəlidir? Çünki təşəbbüsə qoşulan bəzi ictimai təşkilatların cəmi bir və ya bir neçə nəfərdən ibarət olmasını deyənlər də var...

- Məncə, Azərbaycanda kifayət qədər güclü QHT sektoru var. Əlbəttə hər şey nisbidir. Amma məsələn, Ekvatorial Qvineya, yaxud Qazaxıstanla müqayisədə Azərbaycandakı QHT-lər daha inadcıldı. Biz düşünürük ki, onlar dövlət və şirkətlərlə əməkdaşlıq edərək neft-qaz sektorunda şəffaflığın artmasına nail ola bilərlər.

XS
SM
MD
LG