Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:39

Bakıda sürətli internet müştərisi olmaq niyə çətindir?


Bakıda sürətli internet istəyənlər bir az da gözləməli olacaqlar. Sentyabr-oktyabr aylarına qədər paytaxt ATS-lərinin elektronlaşmasının başa çatacağı planlaşdırılsa da, prosesin gələn ilin ortalarınadək uzanacağı görünür. ATS-lərin elektronlaşması ilə internetə daha asan qoşulmaq mümkün olacaq. Məsələn, internetə yüksək sürətlə qoşulma imkanı verən «ADSL» vasitəsilə (ADSL - internetə telefon danışığına mane olmadan qoşulur).

BOŞ PORT YOXDUR

Günəşli yaşayış massivinin sakini Şaiq Məmmədov bir müddətdir ADSL-ə qoşulmağa çalışsa da, alınmır. Telefon qovşağından deyirlər ki, boş port yoxdur:

«Haradasa 4-5 gündür zəng edirəm, deyirlər ki, yer yoxdur, qutu olmalıdır, o yoxdur. Deyirlər ayda bir dəfə - iki dəfə zəng edin, yer olan kimi sizə deyəcəyik. Qoşulmaq üçün yer yoxdur.

Bakıda ATS-lərin çoxu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaratdığı provayderin - «Bakinternet»in İnternet xidmətini təklif edir. Oktyabr ayından isə «Bakinternet»in xidmətlərinin 90 faizi ATS-lərə verilib. Elə Şaiqin müraciət etdiyi Nizami Telefon Qovşağında da «Bakinternet»in işçiləri oturub.

Şaiq hesab edir ki, hər bir ATS yalnız özündə olanı irəli çəkmək istəyir, başqa sözlə inhisarçılıq var.

- Mən ADSL-ə qoşulmaq istəyirəm, bilmək istəyirəm 77-ci ATS-də bu imkan varmı?

- 77-yə hələ boş portumuz yoxdur.

- Boş portunuz yoxdur. Bu nə deməkdir?

- Avadanlıq yoxdur, yer yoxdur qoşmağa.

- Bəs bu telefon qovşağı deyil - Nizami Telefon Qovşağı?

- Nizamidir, ancaq «Bakinternet»dir. «Bakinternet»də yer yoxdur. Özəlləri özünüz gedib öyrənməlisiniz.

- Bəs nə vaxt boş port olacaq?

- Bilmirəm, tez-tez zəng vurun, yer olanda gəlib qoşularsınız.

İnternet mütəxəssisləri deyir ki, bir sıra özəl provayderlər olsa da, onların ATS-lərlə işləməsinə imkan verilmir. Bu da dövlətin yaratdığı provayderi dəstəkləməsinə görədir. AzadlıqRadiosunun «Qaynar Xətt»inə zəng edən bəzi dinləyicilər isə deyirlər ki, bir neçə ildir özəl «Azeurotel» provayderinə müraciət edərək onların ADSL xidmətinə qoşulmaq istəyirlər, amma hər dəfə «Azeurotel»dən deyirlər ki, onları konkret ATS-lərə buraxmırlar...

AYRISEÇKILIK SALIRLAR

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakıda «Bakinternet»in, rayonlarda isə «Aztelecom»un inhisar yaratdığını bildirir. O, hesab edir ki, ATS-lərin ADS-lə qoşulması üçün həm fiziki, həm də texnoloji problemlər var.

«Bayılda 91 ATS-nə provayderləri yaxın buraxmırlar ki, bizim fiziki olaraq sizin şkafları yerləşdirmək imkanımız yoxdur. Ora şkaf qoymalıdırlar. Bəzi ATS-lərdə müəyyən ötürmə problemlər var, kabelləri, infrastrukturu ona imkan vermir. Ayrıseçkilik salırlar. Bir provayderin quraşdırmağa imkanı yoxdur, amma başqası var, o ləngidir ki, bu provayder lazımi avadanlığı quraşdırsın. Necə ki, Azercell-ə Azerfon arasında. Azerfonun 3G-ni tətbiq etməyə imkanı yoxdur, ona görə vaxtı uzadırlar ki, Azercell bu imkanı yaratsın, infrastrukturu qursun, sonra ikisinə də verərlər».

Ancaq sürətli internetini təmin edəcək, provayderlərin işinə nəzarət edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi deyilənləri inkar edir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirir ki, internetlə bağlı problemlər ATS-lər elektronlaşandan sonra həll olunacaq. Bu prosesin isə bu ilin sonunadək, ya da 2010-cu ilin birinci rübü ərzində başa çatması gözlənilir.

«Biz hissə-hissə həyata keçiririk. Telefon ATS-lə elektronlaşdırıldıqca xidmətlərin kəmiyyəti və keyfiyyəti də yaxşılaşdırılır. Harada ki, yoxdur, bu sistem həyata keçiriləcək».

Azərbaycanda «Bakinternet»dən başqa ADSL xidmətini 20-dən çox provayder təklif edir. ADSL-ə ən ucuz qoşulma tarifi 9 manatdır.
XS
SM
MD
LG