Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:40

Vüsal Məmmədov heç nəyi xatırlamır


Proses noyabrın 11-də davam edəcək
Noyabrın 6-da Səbail rayon məhkəməsində həbsdə olan bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi davam edib.

Məhkəmənin katibi sonuncu şahid ifadəsinin səsləndirib, bildirilib ki, o prosesə gəlməyib.

Vəkillər İsaxan Aşurov və Elton Quliyev zərərçəkmiş kimi tanınan şəxslərə suallar veriblər. Zərərçəkən Vüsal Məmmədov bütün suallara «yadımda deyil», «yadımdan çıxıb» deyə cavablar verib.

O, hətta hansı polis bölməsində ondan izahat alındığını da unutduğunu deyib. Vüsal bildirib ki, yaddaşı «Livan» restoranındakı davaya qədər yaxşı olub, həmin hadisədən sonra yaddaşında problemlər yaranıb.

Emin Milli sual verib: «Vüsal, sən bütün sualların cavabında deyirsən «unutmuşam», heç yadındadırmı sən məni necə vurdun?». O, əvvəlcə sualı başa düşmədiyini təkrarlandıqdan sonra «səni vursaydım mən «kletka»da olardım» deyə cavab verib.

Sonra Emin Milli soruşanda ki, «mən səni necə vurdum». Vüsal cavabında bildirib ki, onu da unudub.

Vüsal iş üzrə ərizə yazmasını da xatırlaya bilməyib. Hakim ona imzasını tanımaq üçün ərizəni göstərib və o xeyli fikirləşəndən sonra imzanın onun imzasına oxşadığını deyib.

Proses noyabrın 11-də davam edəcək.

Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG