Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:54

Master və Marqarita


Bu noyabr heç də xoş gəlmədi. Özü ilə «donuz qripi» gətirdi. Bax, əlimdəki yazı da elə «donuz qripi» ilə bağlıdır. Bitirən kimi İçərişəhərə --«Abşeron» Rəsm Qalereyasında iki kiçik bacı-qardaşın rəsm sərgisinin açılışına gedəcəyəm. «Tıq-tıq! Donuz qripiyəm, gəlmişəm!»--Yazının başlığını yazıram. Həmkarlarım gülüşür. «Siz də donuz qripindən yazırsınız?». «Hə, deyirəm, bir dəyişiklik olmasını istəyirəm...». Sərgi saat 18-dədir. Çətin çatacam. «Yox, çatacaqsınız»--deyir Ülviyyə--«Özünüzü üzməyin, bir az geciksəniz də olar». «İş ondadır ki, bu rəsm qalereyasına gedəndə həmişə azıram. İçərişəhərin dolanbaclarına düşürəm». «Eyib etməz»--deyir Ülviyyə Əsədzadə-- azarsınız, əvəzində bir yazı da yazarsınız». Gülüşürük. «Nə olar, yazaram»--deyirəm...

MAKEDONİYALI İSKƏNDƏR VƏ...KƏLƏM TURŞUSU

Düz saat altıda yazını saytın redaktorlarına verib İçərişəhərə üz tuturam. Fikrim Bakıda gəzən «donuz qripi»ndə qalıb. Sən demə, virusdan qorunmaq üçün kələm yemək lazım imiş. Həm təzəsini, həm də turşusunu. Daha çox pul xərcləmək də gərək deyil. Kələm portağaldan da, baldan da ucuzdur. Sən demə, Makedoniyalı İskəndər ordusunu virusdan kələmlə qoruyurmuş.
Sən demə, virusdan qorunmaq üçün kələm yemək lazım imiş
Turşusunu çəlləklərə doldurub getdiyi məmləkətlərə aparırmış... Bu, həm sinqanın qarşısını alırmış, həm də digər viruslu xəstəliklərin. Kələmdəki vitamin C də elə portağaldakı qədərmiş. Kələm yeyin, əzizlərim, nəyi pisdir? Turşusunun da ki, əsl vaxtıdır.

Hə, İçərişəhərə gedirəm. Bəs avtobus niyə Murtuza Muxtarov küçəsindən sola döndü?. Avtobuslar «İçərişəhər» metro stansiyası tərəfə buraxılmırlar! Eşitmişdim, amma köhnə adətlə elə zənn etdim ki, oturduğum avtobus məni Qız Qalasına aparıb çıxaracaq. Sürücü İstiqlaliyyət küçəsindən keçib, «Azərnəşr»in binasının qarşısında saxlayır və gözləmədiyim nəzakətlə: «Narahat olmayın-deyir, burdan Qoşa Qala qapısına çıxacaqsınız, ordan da Qız Qalasına kəsə yol var». Ürəyimdə: «guya şəhəri tanımıram» söyləsəm də, sürücünün nəzakəti məni çaşdırır. «Nə yaxşı, bizdə də belə sürücülər var»-deyirəm...

SABİRİN HEYKƏLİ?--O HARADADIR?

Bir-iki ay öncə hardansa tələm-tələsik gəlib İstiqlaliyyət küçəsinin aşağısında--Sabirin heykəlinin yanındakı dayanacaqdaki avtobusa oturdum. Şər qarışmışdı. Son dayanacaq olduğundan, sürücü avtobusun dolmasını gözləyirdi. Bir az keçəndən sonra darıxdım, ətrafı süzməyə başladım. Sabirin heykəli yerində yoxdu! Düşüm-düşməyim? Yox, birdən avtobus gedər, qalaram belə. Sürücüdən soruşdum:

- Siz hər gün bu yolu gedib- gəlirsiniz. Sabirin heykəli yerindəydi?

Sürücü təəccüblə geri qanrılıb mənə baxdı:

- Sabirin heykəli? O haradadır?

- Bax, burda, bu bağçada olmalı idi. Elə bil yoxdu...Ya götürüblər, ya da mən çaşmışam, heykəl burdan görünməyən qonşu bağçadadır...Qoy düşüm, baxım.

- Ay xanım, nəyinizə lazım heykəl?.. Kimə lazım heykəl? .. Yerində olar. Çıxıb gedirəm, heç yana getməyin!

Bax, belələri də var!

HAŞIMOV MEYDANI

Qoşa Qala Qapısı
Hə, Sabiri görmədən Gənclik meydanından ötüb Qoşa Qala Qapısına tərəf gedirəm. Bu nə addır qoyublar? Sovetlərin qoyduğu addır. Köhnə adı Haşımov meydanı imiş. Meydandan indiki Əziz Əliyev (əvvəlki adı Velikoknyaz, sonra Zevin) küçəsinə düşən əyri döngədə vaxtilə sərraf dükanları olub. Dünyanın bütün valyutalarının alış-verişi bu dar döngədə aparılırmış. İndi maşınlar, avtobuslar gurultuyla Qala divarlarının yanından (!) etinasızcasına (əslində amansızcasına) üzüaşağı şütüyürlər...

Haşımov meydanı Bakının məşhur meydanlarından olub. Hacı Zeynalabdının şəhərə səs salan ilk avtomobili də çox vaxt burada dayanarmış...

SALAM, BÖYÜK KİŞİ!

Həsən bəy Zərdabinin--ustadımızın Ensiklopediya binasının qarşısındakı heykəlinə bir salam verib doğma küçə ilə yoluma davam edirəm. Ayın 28-i Həsən bəyin 102-ci xatirə günüdür. Bir yazı yazmaq gərəkdir. Dirisi bir yana, ölüsünün başına nələr gətirildiyindən hamı xəbər tutmalıdır... Əslində mənim saat 5-də işdən çıxmaq fikrim vardı. Bir az buraları dolaşmaq, sonra Elman bəyin kitab dükanında olmaq istəyirdim. Görəsən açıqdır? Aha, Elman bəy dükanı bağlayır.

- Tamam bağlayırsınız?

Nə yersiz sualdır.

- Bəli, dükan saat 6-da bağlanır. Hələ bir az gecikmişəm.

Sərgi yəqin açılıb. Deyim-deməyim?

- Sizdə «Master-Marqarita» var?


- Var.

- Bəlkə mənə verəsiniz.

«Qız Qalası» kitab mağazasının müdiri Elman Mustafayev
Qapının təzədən açıldığını eşidirəm. Arxasınca qışqırıram:

- Saday Budaqlının tərcüməsini istəyirəm. Ruscası məndə var.

- Bilirəm.

- Qiyməti neçəyədi?

- 3 manat.

Nə ucuz! Bulqakov, «Master-Marqarita», elə möhtəşəm, həm də çevirilməsi çətin əsər, üçcə manat?! Üç manata elə bu yaxınlıqda nə yemək olar görəsən? Nə bilim? Bayırda yeməyi xoşlayan deyiləm, axı. Bunları ürəyimdə deyirəm. Kitabçıya böyük təşəkkürdən sonra kitabı qucağıma basıb qalereyaya tərəf qaçıram...

Solda Qız Qalası, sağda başıbəlalı tarixi binadır. Bu bina mənə doğmadır. Gəncliyim onun həyətində yaşayan rəfiqəmgildə keçib. Hər dəfə burdan keçəndə, geri dönməyəcək illəri, sevdiyimiz mahnıları, bəyəndiyimiz filmləri xatırlayıram. Bakının dəli küləyinin saçlarımızı göylərdə oynatmasına baxmayaraq, deyə-gülə Hacınskinin dünya gözəli evindən burulub Zevin küçəsinə, oradan da Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin İstiqlaliyyət küçəsindəki binasına çatmağımız onca dəqiqə çəkərdi. Yıxılan yalnız binalar deyil, həm də bir daha qayıtmayacaq xatirələrdir...

İEŞUA (İİSUS): HƏQİQƏT SƏLTƏNƏTİ BƏRQƏRAR OLACAQ!


Bu noyabr yaman pis gəldi. Eminlə Adnana iş kəsdilər. Hamımız şokdaydıq. Beləsini gözləmirdik. Son vaxtlar kimi görürəm, onlardan danışır. Mən də ürəyimdə onlarla söhbətləşirəm. İş kəsiləndən yadıma tez-tez M.Bulqakovun «Master və Marqarita»sı düşür. O gün rus kanallarının birində romanın əsasında çəkilmiş filmə də rast gəldim. «Bu nə təsadüfdür?»--dedim. Professor Volandı Oleq Basilaşvili oynayırdı. Ləzzət elədi. Kitabın azərbaycancasını da bu səbəbdən almaq istədim. Ruscasını az qala 30 il öncə oxumuşdum...

Mixail Bulqakov
Bu romanın maraqlı tarixçəsi var.1936-cı ildə yazılıb-- repressiyanın tüğyan etdiyi dönəmdə. Və çap olunmayıb. Üstündən 30 il sonra, ixtisarla oxucularla görüşüb. Roman yazıçıya dünya şöhrəti gətirib. Yazıçı özü isə artıq çoxdan dünyada yoxdu—1940-cı ildə dünyasını dəyişmişdi. Cəmi 49 yaşında. Əzablı yollarla keçən bir ömür yaşayıb. Axtarışlar, qadağalar, təqiblər onu bütün həyatı boyu izləyib və onun ölməkdən başqa çarəsi qalmayıb. Amma qəhrəmanı İeşuanın(İisusun) diliylə: «Həqiqət səltənəti bərqərar olacaq»--söyləyib. «Hər bir hakimiyyət insanlar üzərində zorakılıq alətidir. Vaxt gələcək... insan həqiqət və ədalət səltənətinə daxil olacaq, orada ümumiyyətlə heç bir hakimiyyətə ehtiyac qalmayacaq».

Bunları 1936-cı ildə yazıb! İnsanın bir qara qəpik qiyməti olmadığı zamanda. Bütün zamanlarda bunu deyənlərin sonu sonsuzluq olub... Bulqakov bundan yan keçsə də, onun yaratdığı qəhrəmanlar bundan qurtula bilmirlər...Əslində, Bulqakov romanı gələcəyə ünvanlamışdı. O yazdıqlarının müasirləri tərəfdən başa düşüləcəyinə inanmırdı...

AZAD DÜŞÜNCƏNİN YENİ NƏSLİNİ (M.HARAŞTİ) SUSDURMAQ MÜMKÜNMÜ?

Bu payız yaman gec gəldi. Bakının dillərə dastan küləkli-yağışlı havası bir neçə gündür özünü göstərib. Şəhər uzun ayların tozundan-torpağından yuyulub təmizlənib. Hərdən M.Bulqakovun Voland (İblis) obrazı Moskvada uçan kimi, mən də Bakının üzərindən uçmaq istəyirəm.Yanımda da onun kimi böyük bir pişik olsun. Amma və lakin Voland yer üzünə günahkarları cəzalandırmaq, günahsızları bağışlamaq üçün gəlmişdi. Hə, elə mən də Bakının səmasında kimi cəzalandırmaq, kimi bağışlamaq məsələsinə baxaram (bu yumşaq ürəklə?). Lazım gəlsə, qara pişik bunu mənim əvəzimdən görər! Yadınızdadırmı, o, Benqalskinin başını boynundan necə qoparmışdı? Miyoldayıb, iki dəfə burmaqla ...

Yox, mən bu mənzərəyə baxa bilmərəm. Ən yaxşısı, Lixodeyevi etdikləri kimi, bir neçə dəqiqənin içində qırıcı təyyarə sürətilə günahkarları bu şəhərdən çoox uzaqlara atardım...
Günahsızlara isə qanad verib göylərə qaldırardım—gündüzlər çiçəklənən gilənar ağaclarının altında gəzmək, axşamlar Şubertin musiqisini dinləmək üçün. Master və Marqarita kimi...

P.S. Sərginin açılışına azca gecikdim. Hər şey yerində oldu. Balaca rəssamlardan bir reportaj da hazırladım.
«Bakı Əsli, mən Kərəm!» davam edəcək!
XS
SM
MD
LG