Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:32

Ramiz Mehdiyev nə istəyir?


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
«Ramiz Mehdiyevin iddiası xalqın mənəvi lideri kimi qəbul olunmaqdır. O, yalnız yüksək rütbəli məmur kimi qalmaqla kifayətlənmir».
Bunu politoloq Leyla Əliyeva deyir. Onun fikrincə, təsadüfi deyil ki, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycanda telekanalların keyfiyyətinin aşağı olması ilə bağlı son iki ayda iki dəfə ictimai çıxış edib:

«Biz Mehdiyevin indiyə qədər olan fəlsəfi məqalələrindən də görmüşük ki, o sanki xalqın mənəviyyatı ilə bağlı konsepsiyanı müəyyənləşdirmək istəyir, odur ki, məncə, Mehdiyevin bu çıxışla məqsədi yalnız telekanalların səviyyəsini yaxşılaşdırmaq deyil».
Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev bu ilin oktyabrında məqalə yazıb telekanalları ucuz şoulara həddindən çox meyl etdiklərinə görə tənqid etmişdi.

Həmin məqalə bir çox hökumət qurumlarında, telekanallarda ciddi müzakirə edilmişdi.

Noyabrın 23-də Ramiz Mehdiyev bir daha bu haqda danışıb, deyib ki, telekanallar tənqiddən bəzi nəticələr çıxarsalar da, gözlənilən səviyyədə dəyişikliklər baş verməyib.

Siyasi təhlilçilər isə ölkənin idarə olunmasında əhəmiyyətli söz sahibi olan Ramiz Mehdiyevin son iki ayda bu haqda ictimaiyyətə açıqlama verməsini təsadüfi saymırlar.

«BƏYANATIN ARXASINDA İQTİSADİ MARAQLAR DA DAYANA BİLƏR»

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, əgər Ramiz Mehdiyevin məqsədi doğrudan da telekanallarda keyfiyyət dəyişikliyinə nail olmaq idisə, onda niyə telekanalların rəhbərlərini yanına çağırıb sözünü demirdi?! Oruclu ehtimal edir ki, bu bəyanatın arxasında iqtisadi maraqlar dayanır:

«Hakimiyyətin ən yuxarı eşalonunda telekanallara sahiblik uğrunda döyüşlər gedir. Bu döyüşlərdə itirənlər belə bəyanatlarla qarşı tərəfə mesajlar ötürürlər».

PƏNAH HÜSEYN DƏ TELEVİZİYA PULLARINDAN DANIŞIR

Müsavat Deputat Qrupunun üzvü, millət vəkili Pənah Hüseyn də inanmır ki, Ramiz Mehdiyevin çıxışının məqsədi yalnız telekanallarda səviyyəni qaldırmaqdır:
«İndiyə qədər telekanallara hökumət gizli yolla vəsait ayırırdı və ondan demək olar ki, qazanc götürmürdü. Son vaxtlar telekanalların reklam gəlirlərinin artması barədə məlumat var və məqsəd bu gəlirləri ələ keçirməkdir. Televiziyanın keyfiyyətinin pis olmasının yaradıcı kollektivin üzərinə yıxılması əlbəttə ki, inandırıcı səslənmir».

«DAHA KEYFİYYƏTLİ TƏBLİĞAT»

Başqa bir politoloq İlqar Məmmədov də hesab edir ki, Ramiz Mehdiyevin çıxışlarının arxasında iqtisadi maraqlar ola bilər. Amma o həm də əlavə edir ki, artıq hakimiyyət ucuz şoularla, keyfiyyətsiz verilişlərlə insanları bezdirdiyini və telekanallardan uzaqlaşdırdığını başa düşür və yerli televiziyalara marağı artırmaq, öz təbliğatını daha yaxşı qurmaq üçün yollar axtarır.
XS
SM
MD
LG