Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:51

Heydər Əliyev Fonduna pullar haradan gəlir?


Heydər Əliyev Fondunun binası
Heydər Əliyev Fondunun binası
2010-cu ilin dövlət büdcəsi parlament komitələrində müzakirə ediləndə, deputatlar elmə, təhsilə az vəsait ayrılmasından gileylənirdi. O vaxt Maliyyə Nazirliyinin rəsmisi dedi ki, millət vəkillərinə məruzə olunan ancaq cari büdcə haqda məlumatdır.

Dövlət büdcəsindən başqa, Heydər Əliyev Fondunun vasitəsi ilə, xarici kreditlərin və qrantların cəlb olunması ilə də bu sahələrə maliyyə yönəldilir. AzadlıqRadiosunun bu xəbərinə Parisdən Tahir adlı bir oxucu şərh yazıb ki, “bəs Heydər Əliyev Fondu hansı pullar hesabına formalaşır?” .

AZADLIQRADİOSUNUN SORĞUSU CAVABSIZ QALDI

Oxucumuzun sualına cavab tapmaq üçün əvvəl Heydər Əliyev Fondunun saytına nəzər saldıq. Burada qurumun xərcləri haqda ətraflı məlumat olsa da bu qədər pulun haradan daxil olması barədə informasiya yoxdur. Fondun maliyyə şöbəsindən AzadlıqRadiosuna dedilər ki, doğrudur, qurumun büdcəsi, maliyyə qaynaqları barədə saytda məlumat yerləşdirilmir, ancaq məktubla müraciət etsək, lazımi informasiyanı verə bilərlər.

Heydər Əliyev Fondu haqda bunları bilmək maraqlıdır



Fondun icraçı direktoru Anar Ələkbərovun adına məktub göndərdik ki, «İnformasiya əldə etmək haqqında» qanunun tələblərinə uyğun olaraq, qurumun 2007 və 2008-ci illərdə həyata keçirdiyi layihələr, onların ilkin və yekun smeta dəyəri, eləcə də maliyyə qaynaqları barədə məlumat versinlər. Üstündən iki həftə keçməsinə baxmayaraq, Fonddan cavab gəlmədi.

Sonradan etdiyimiz zənglərə də cavab verən olmadı.

“FƏALİYYƏTİMİZ ŞƏFFAFDIR”

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir neçə ay əvvəl APA informasiya agentliyinə müsahibəsində qurumun fəaliyyətinin şəffaflığı barədə danışıb: “Avropanın və dünyanın beynəlxalq donor təşkilatları ilə qurulan birbaşa əlaqələr fəaliyyətimizi Azərbaycandan kənarda genişləndirməyə imkan verir. Fondun şəffaf fəaliyyəti bir təşkilat kimi müsbət imicin formalaşmasına xidmət edir. Yeri gəlmişkən, Heydər Əliyev Fondunun maliyyə fəaliyyəti «Ernst & Young» beynəlxalq audit şirkəti tərəfindən yoxlanılıb və yüksək qiymətləndirilib.”

«Ernst & Young» şirkətinə AzadlıqRadiosunun yazdığı məktuba belə bir cavab gəldi ki, şirkət öz müştəriləri barədə məlumat açıqlamır.

SAHİBKARLAR GİLEYLİDİR

Vaxtilə keçmiş səhiyyə naziri Əli İnsanov məhkəməsində deyirdi ki, onun vəsaiti ilə Azərbaycanda bir neçə məktəb tikilib. Lakin bu işləri Heydər Əliyev Fondunun adına çıxırlar. Bölgələrdən bəzi sahibkarlar da AzadlıqRadiosunun “Şəffaflıq” verilişinə şikayətlənirdilər ki, onları məcburən bəzi obyektlərin bərpasına pul ayırmağa məcbur edirlər və bu işlər Heydər Əliyev Fondunun adına yazılır.

İqtisadçı Azər Mehtiyev deyir ki, onun Fondun vəsaitləri barədə heç bir təsəvvürü yoxdur, real deyil, virtual məbləğlərdən söhbət gedir, yəni müəyyən işlər görülür, fondun adına yazılır. Buna görə də Fondun gəlirləri barədə ciddi danışmaq da mümkün deyil.
Heydər Əliyev Fondunun Pakistanda qızlar üçün tikdiyi 650 yerlik məktəb


REPRESSİV REJİMƏ İNSANLIQ DONU?

Respublikaçı Alternativ (REAL) vətəndaş birliyinin həmtəsisçisi İlqar Məmmədovsa Heydər Əliyev Fondunun maliyyə mənbələri barədə məlumatın olmamasını təbii sayır:

“Bu tip fondlar tarixən diktatura rejimli ölkələrdə mövcud olub, onlar repressiv rejimə insanlıq donu geyindirmək məqsədi güdür. Belə fondlar heç vaxt maliyyə mənbələrini açıqlamırlar.”

Politoloqun fikrincə, Heydər Əliyev Fondunun fəaliyyəti dövlət büdcəsindən təhsil və səhiyyəyə ayrılan xərclərə dair maddələrlə az qala rəqabət təşkil edir. Bu miqyasın makroiqtisadi, iqtisadi tənzimləməyə təsiri var.

TABU MÖVZU

Millət vəkili Pənah Hüseyn deyir ki, ölkədə tabu hesab olunan mövzulardan biri Fondla bağlıdır, çünki hökumət bu məsələyə böyük həssaslıqla yanaşır. Buna baxmayaraq, millət vəkili Fondun fəaliyyətinin iri siyasi məsələ kimi gündəlikdə olduğunu deyir.

“Əgər Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr barədə verilən məlumatlar doğrudursa, onda bu işlərə 100 milyonlarla dollar vəsait lazımdır. Bütün qurumlardan şəffaflıq tələb etmək üçün Fondun şəffaflığı təmin olunmalıdır. İndi kim nə iş görür, deyir Fondun sifarişiylə edir, Fond pul tələb edir və sairə. Hətta bəzi nazirliklər də qeyri-rəsmi şəkildə Fonda pul köçürdüklərini deyirlər. Fond rəhbərliyi bu söz-söhbətə son qoymaqda maraqlı olmalıdır.”

Pənah Hüseynin sözlərinə görə, Heydər Əliyev Fondu çox iri maliyyə vəsaitlərinin dövr etdiyi bir qurumdur. “Mən bilmirəm bu qədər söz-söhbətə səbəb olan fond kimə lazımdır? Qaranlıq işlər onsuz da görülür, bu Fondun adı altında görülməsinə ehtiyac yoxdur.”

ALMAN FONDLARININ ŞƏFFAFLIĞI

Ağsuda inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimi
Almaniyanın Konrad Adenaur Fondunun saytında qurumun maliyyə mənbələri ayrıca bölümdə göstərilib. Məlumata görə, fondun 97 faizi ictimai vəsaitlər, təxminən 3 faizi isə üzvlük haqqı, başqa gəlirlər hesabına formalaşır. Almaniyanın ilk kansleri Konrad Adenaurun adını daşıyan bu fond 1955-ci ildə yaradılıb. Fonda, həmçinin ölkənin bir neçə başqa fonduna hökumət, ayrı-ayrı nazirliklər pul köçürürlər, ancaq fondlar həyata keçirdikləri layihələr barədə detallı informasiya təqdim edirlər. Saytda ən maraqlısı bütün pul köçürmələrin hüquqi baxımdan əsaslandırılmasıdır. Göstərilir ki, federal nazirliklərin siyasi fondlara köçürdükləri illik ianələr müvafiq büdcə komitəsində nəzərə alınır. Büdcə qəbul olunandan sonra vəsaiti köçürməyin məsuliyyəti nazirliklərin öhdəsinə düşür.

ƏLİYEV FONDUNUN İMİCİ

Heydər Əliyev Fondu vətəndaşların şikayətlərinə həssas yanaşması ilə də tanınır. Təsadüfi deyil ki, çətinə düşən Azərbaycan sakinləri son pənah yeri kimi məhz bu qurumun qapısını döyür, bir çox hallarda öz problemlərinin həllinə nail ola bilirlər. Bu sarıdan Heydər Əliyev Fondu süründürməçiliyi ilə tanınan Azərbaycanın rəsmi dövlət idarələri, nazirlik və icra hakimiyyətlərindən yaxşı mənada fərqlənir.

Qurumun öz maliyyə fəaliyyəti haqda ətraflı məlumat verməsi ona olan etimadı yalnız gücləndirə bilərdi. İşgüzarlıqda rəsmi qurumlarla bəhsə girən Fond şəffaflıqda da onlara örnək ola bilərdi.
XS
SM
MD
LG