Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:21

Ömürlük cəzalıların saxlanma şəraiti yaxşılaşdırılmalıdır


Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi 2008-ci ilin dekabrında Azərbaycana göndərdiyi xüsusi missiyasının səfərinin yekunlarıyla bağlı hesabat açıqlayıb.

MƏHBUSLAR NƏZARƏTÇİLƏRİN QƏDDAR RƏFTARINDAN ŞİKAYƏTLƏNİR

Hesabatda deyilir ki, səfər zamanı nümayəndə heyəti Qobustan həbsxanasındakı vəziyyətlə tanış olub. Ömürlük həbs cəzasına məhkum olmuş məhbuslar nəzarətçilərin onlarla qəddar rəftar eləməsindən şikayətləniblər.

Azərbaycan hakimiyyəti isə cavabında bildirib ki, Qobustan həbsxanasının əməkdaşlarına fiziki güc və xüsusi vasitələrdən qanunla nəzərdə tutulmuş müstəsna hallarda istifadə etmək göstərişi verilib.

Hesabatda deyilir ki, Qobustan həbsxanasında məhbusların həyatı ağırdır, onlar sutkanın 23 saatını kamerada keçirməli olurlar.

İşgəncələr Əleyhinə Komitə Azərbaycan hakimiyyətini ömürlük cəzaya məhkum olunmuşların saxlanma şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görməyə çağırıb.

Komitə bildirir ki, ömürlük cəzaya məhkum olunanların başqa məhbuslardan ayrı saxlanılması üçün əsas yoxdur. Hakimiyyət isə buna cavab olaraq məhbuslar üçün yeni idman meydançalar salacağını və başqa imkanlar yaradacağını vəd edib.

PENİTENSİAR XİDMƏT İRADLARLA RAZILAŞMIR

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə deyir ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların 23 saat kamerada saxlanmaları irad tutulmamalıdır. O nəzarətçilərin məhbuslarla qəddar rəftar etmələriylə bağlı deyilənlərlə də razılaşmır:

«Onlar qanuna görə 23 saat kamerada olmalıdır. Qanunvericiliyə görə, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara gündə 1 saat gəzinti verilir. O ki qaldı nəzarətçilərin rəftarına, nəzarətçilər heç vaxt qəddar rəftar eləmirlər. Daxili intizam qaydaları var, hamı da buna riayət eləməlidir. Əgər xüsusilə ağır cinayət törətmiş şəxslər daxili intizam qaydalarına riayət etmirlərsə, qanunvericilik bizə onları qanuna əməl etməyə məcbur və tabe etməyə kifayət qədər səlahiyyət verib».

SAXLANMA ŞƏRAİTİ QƏNAƏTBƏXŞ DEYİL

Cəzaçəkmə yerlərinin monitorinqiylə məşğul olan hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyir ki, onlar ümid edirlər ki, yeni cəzaçəkmə yerinə köçəndən sonra ömürlük azadlıqdan məhrum edilmiş məhbusların şəraiti yaxşılaşacaq:

«Hazırda Qobustan həbsxanasında nə qədər kosmetik tədbirlər həyata keçirsələr də, saxlanma şəraiti qənaətbəxş deyil. Penitensiar Xidmətin xəstəxanasının isə təkmilləşməyə böyük ehtiyacı var».

Penitensiar Xidmətin mərkəzi xəstəxanasıyla bağlısa hesabatda deyilir ki, burda tibb heyəti kifayət qədər deyil. Saat 16.00-dan sonra xəstəxanada tibb işçilərindən heç kəs qalmır. Daxili xəstəliklər, narkoloji və psixiatrik xəstəliklər şöbələrində isə görülməli xeyli iş var.

Hökumət isə cavabında deyib ki, tibbi heyəti üçün təlim kursları keçirir. Məhbusların müalicəsi üçün Səhiyyə Nazirliyinin ekspertləri cəlb olunub.

Maştağa qəsəbəsindəki 1 saylı ruhi xəstəxanada isə xəstələr sanitarlar, bəzən tibb bacılarının onlarla qəddar rəftar etmələrindən şikayətləniblər. Komitənin fikirncə, burdakı saxlanma şəratinin yaxşılaşdırlmasına ciddi ehtyiac var.

Nümayəndə heyəti Şəkidəki regional psixinevroloji dispanserdə bir sıra müsbət dəyişikliklər qeyd edib. Buna baxmayaraq otaqlarda həddindən artıq xəstə yerləşdirilib. Otaqların şəraiti isə pisdir.

Hakimiyyət isə vəd edib ki, dispanser yeni tikiləcək xəstəxanaya köçürüləcək. Komitə müalicə vasitələrinin yaxşılaşdırılmasını da tövsiyə edib.
XS
SM
MD
LG