Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:50

«Müqəddəs Ölüm» dini?


«Müqəddəs Ölüm»
«Müqəddəs Ölüm»
«Vaşinqton Post» qəzeti 6 dekabr tarixli sayında Meksikada qərar tutmuş qəribə bir kultdan reportaj və fotosessiya hazırlayıb. «Axşamüstü minlərlə adam Tepitoya gəlirlər. Bu, həmin şəhərdir ki, Meksikanın ən yırtıcı qara bazarı sayılır. Burada qaçaqmal doldurulmuş yük maşınları pirat Disney DVD-lərindən tutmuş oğurlanmış donuz qripi vaksinlərinəcən hər şeyi satır və bura polis də girməyə qorxur, bilməyib bu yerə gedənlərə isə Allah özü kömək olsun». Bu şəhərə gələn minlərlə adam Santa Muerto – tərcümə etsək, Müqəddəs Ölüm etiqadına inananlardır.

Söhbət hərfən ölümün ilahiləşdirilməsindən gedir və bu din qəzetin yazdığına görə cinayətkarlar, narkotik alverçiləri və istifadəçiləri arasında xüsusilə populyardır və adi iş adamlarının belə müəyyən qismini özünə cəlb edə bilib.

Qəzet yazır ki, Meksikanın yerli mediası bu sektanın yaranmasını və güclənməsini təsadüfi hesab etmir və bunu «yeni minilliyin doğurduğu çaşqınlığın, narkotik müharibələri, bu müharibələr üçün ritual olan başkəsmələr və insan tələfatının fonundakı ölüm rəqsi» kimi qiymətləndirir.

Katolik kilsəsi bu dini şeytani inanc adlandırıb onu rədd edir. Meksika hərbi qüvvələri bu sərhəd regionu boyu əməliyyatlar keçirərək bu kultun məbədlərini dağıdıb. Meksika hökuməti isə bu dini «narko-santa» kultu elan edərək deyir ki, bu, narkotik qaçaqmalçılarının, kartel qatillərinin və narkotik satanların dinidir.

Antropoloq Katya Perdiqon deyir ki, bu etiqad müasir Meksikada baş verənləri əks etdirir. İnancın geniş yayıldığı ərazilər isə səfalətin hökm sürdüyü Meksika şəhəri mərkəzi və Laredo, Xuarez və Tixuana sərhəd regionlarıdır.

Bu din Hollivud əsərlərindən də, Astek rəvayətlərindən də eyni dərəcədə faydalanıb və qarışıq bir fikirlər toplusu ortaya qoyub. Katya Perdiqon deyir ki, Katolik kilsəsi insanlara axirətdə yaxşı həyat vəd edir, Santa Muerto etiqadının mərkəzi sütunu isə budur ki, bu kult möcüzə gözləyən insanlara arzularını bu dünyada verməyi vəd edir, adamlar öləndən sonra yox. Yeni dini əqidə hamını qəbul edir: «narkotik satanları da, həkimləri də, xarratları da, evdar qadınları da». Qəzet yazır ki, onlar sıralarına cinsi azlıqları, transseksualları, hətta caniləri də qəbul edir. Perdiqon bunu belə izah edir ki, Santa Muerto hamını qəbul edir, çünki ölüm hamını götürür.

Bu kultun dualarını müşahidə edən qəzet əməkdaşı yazır ki, insanlar Santa Muertodan irili-xırdalı müxtəlif möcüzələr gözləyirlər: kimi iş, kimi isə sağlamlıq, pul, məhəbbət və bəzən də öz düşmənlərindən müdafiə istəyir. 50 ildir ki, bu əqidəyə inanan Enriketa Romero deyir ki, «Santa Muerto bütün adamlara nəsə verir».

İnanc məbədinin ətrafına yığılmış adamlar açıq-aşkar marixuana çəkirlər. Bəzi «dindarlar» Santa Muertonun heykəlinə çatanda onun üzünə marixuana tüstüsü buraxırlar.

Qəzet əməkdaşının yekunda dindirdiyi bir qadın dualarında belə narkotikin çəkildiyi bir kulta paradoksal bir müraciət edərək yalvarır ki, Santa Muero oğlunu narkotikdən qorusun. «Mən ondan (Santa Muertodan-red.) xahiş etdim ki, oğlumu xilas etsin, onu pislikdən, həbsxanadan və polisdən qorusun, onu içkidən və marixuanadan uzaq tutsun və ona iş tapmağa kömək etsin», deyə Karmen Kvintero öz duası barədə məlumat verir. Qadın deyir ki, Santa Muerto alır (yəni öldürür), amma həm də verir.
XS
SM
MD
LG